Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Ermənistanın bu təşkilata etimadsızlığı davam edir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi-siyasi blokun ən uzun müddətə – 13 ildən çox (2003-cü ilin əvvəlindən 2016-cı ilin sonunadək) baş katibi olmuş Nikolay Bordyuja Ermənistanın təşkilatdan çıxarılmasının vacibliyini bildirib. Sabiq baş katib bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.
O hesab edir ki, fəaliyyətində iştirak etmədiyi halda qurumun tamhüquqlu üzvü olaraq qalan Ermənistanın mövcud vəziyyəti qəbuledilməzdir. Bordyujanın fikrincə, İrəvan təşkilatın işində iştirak etmək niyyətində deyilsə, üzvlük məsələsini açıq saxlamamalı, ya özü çıxmalı, ya da təşkilatdan kənarlaşdırılmalıdır. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondursa da, formal olaraq tamhüquqlu üzv olaraq qalır: “Təşkilatda qərarların konsensus əsasında qəbul edildiyini nəzərə alsaq, İrəvanın mövqeyi hələ də nəzərə alınmalıdır. Ermənistanın təşkilatın fəaliyyətinə münasibəti isə artıq KTMT-nin gördüyü işlərlə ziddiyyət təşkil edir”.
Bordyuja açıqlamasının davamında Ermənistanın mövcud davranışını tənqid edərək deyib: “Mən onları təşkilatdan çıxarardım. Üzvlük haqlarını ödəmirlər, fəaliyyətdə iştirak etmirlər. Məsələyə ciddi yanaşsaq, əgər ciddi tərəfdaşlardırsa, sadəcə çıxıb getməlidirlər. Amma onların ikili mövqeyi var: nə təşkilatdan çıxırlar, nə də işləmək istəyirlər. Ona görə də onları təşkilatdan çıxarmaq lazımdır”.
Məsələni aktuallaşdıran digər açıqlama isə KTMT-nin hazırkı baş katibi Taalatbek Masadıkovdan gəlib. O bildirib ki, Ermənistanın təşkilatdan çıxarılması məsələsi noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında qaldırıla bilər.
Bordyujanın açıqlamasına Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın cavabı özünü çox gözlətməyib. O, dünən İrəvanda sloveniyalı həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın KTMT-dəki fəaliyyətini çoxdan dayandırdığını və üzvlüyünü dondurduğunu bildirib. Mirzoyan keçmiş baş katibin fikirlərini şərh edərkən Ermənistanın mövqeyinin dəyişmədiyini vurğulayıb: “Təşkilata qayıtmağımızın və münasibətimizin dəyişməsinin mümkünlüyünü görmürük”.
Nizamnamə tələbi
KTMT 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında formalaşıb, 2002-ci ildə isə beynəlxalq regional təşkilat statusu alıb. Onun əsas məqsədi üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv şəkildə qorumaq, təhlükəsizlik sahəsində əməkdaşlığı təmin etməkdir. Qurumun nizamnaməsinə görə, əsas qərarverici orqan Kollektiv Təhlükəsizlik Şurasıdır. Təşkilatda qərarların konsensus əsasında qəbul edilməsi üzv dövlətlərin hər birinin mövqeyini əhəmiyyətli edir. Bu qayda Ermənistanın hazırkı vəziyyətini də izah edən amillərdən biridir: ölkə təşkilatın işində iştirak etməsə belə, üzvlükdən rəsmən çıxmadığı üçün onun hüquqi statusu qüvvədə qalır. Bununla belə, KTMT üzvlüyü təkcə hüquqi sənədlərdə iştirakla məhdudlaşmır. Təşkilatın səmərəli fəaliyyəti üzv dövlətlərin qarşılıqlı etimadından, öhdəliklərə münasibətindən və ortaq təhlükəsizlik məqsədləri ətrafında əməkdaşlığından asılıdır. Ermənistanla KTMT arasında son illərdə yaranmış gərginlik də məhz bu məsələləri gündəmə gətirir.
İrəvanın KTMT incikliyi
Ermənistanla KTMT arasındakı münasibətlərin pisləşməsi, ilk növbədə, İrəvanın təşkilatdan gözləntilərinin qarşılanmadığı barədə iddiaları ilə bağlıdır. Ermənistan rəhbərliyi 2021–2022-ci illərdə Azərbaycanla sərhəddə baş vermiş toqquşmalar zamanı KTMT-nin davranışından narazılığını ifadə edib. İrəvan hesab edirdi ki, təşkilat Ermənistanın təhlükəsizlik problemlərinə daha qətiyyətli (?) münasibət göstərməli, müttəfiqlik öhdəliklərinin icrasında daha fəal olmalı idi. KTMT isə Ermənistanın gözləntilərinə uyğun addımlar atmadı. Tərəflər arasında yaranan narazılıqlar sonrakı dövrdə də aradan qalxmadı.
2024-cü ildə Ermənistanın KTMT-də iştirakını dondurması bu narazılıqların siyasi nəticəsi oldu. İrəvanın mövqeyi sonrakı açıqlamalarda da dəyişmədi. Bununla yanaşı, ölkə təşkilatdan rəsmən çıxmaq barədə qərar qəbul etmədi. Nəticədə, tərəflər arasında nə əvvəlki əməkdaşlıq səviyyəsi qorundu, nə də münasibətlərin hüquqi çərçivəsi tamamilə dəyişdirildi. Beləliklə, Ermənistanın KTMT ilə münasibətlərində yaranan böhran yalnız konkret bir hadisənin nəticəsi deyil. Burada təhlükəsizlik gözləntilərinin qarşılanmaması barədə İrəvanın iddiaları, təşkilatın fəaliyyətinə inamın azalması və Ermənistanın xarici siyasət istiqamətlərini yenidən nəzərdən keçirmək cəhdi bir-biri ilə əlaqəlidir.
Dondurulmuş üzvlük
Ermənistanın KTMT ilə münasibətlərində əsas ziddiyyət siyasi mövqe ilə hüquqi status arasındakı uyğunsuzluqdur. İrəvan təşkilatın fəaliyyətində iştirakını dayandırıb, üzvlük haqlarını ödəmir və quruma qayıtmaq ehtimalını görmədiyini bildirir. Bununla belə, üzvlükdən rəsmən çıxmayıb. Belə vəziyyət Ermənistan rəhbərliyinə müəyyən siyasi manevr imkanları saxlayır. Rəsmi çıxış qərarı təhlükəsizlik əlaqələrinin hüquqi baxımdan da dəyişdirilməsini tələb edərdi. İştirakın dondurulması isə narazılığı nümayiş etdirməyə, eyni zamanda, yekun qərarın nəticələrini təxirə salmağa imkan verir. Lakin bu qeyri-müəyyənlik uzun müddət davam etdikcə ziddiyyət daha da dərinləşir. Ermənistan təşkilata etimad göstərmədiyini bildirsə də, tamhüquqlu üzv olaraq qalır. Nəzərə almaq lazımdır ki, KTMT nizamnaməsində üzvlüyün dondurulması mexanizmi nəzərdə tutulmayıb. Ermənistanın təşkilatdan çıxarılması məsələsinin noyabrın 11-də Moskvada keçiriləcək iclasda qaldırıla biləcəyi barədə baş katib T.Masadıkovun açıqlaması isə İrəvanın mövcud mövqeyini yenidən gündəmə gətirir. Beləliklə, Ermənistanın siyasi bəyanatları ilə hüquqi statusu arasındakı ziddiyyət hələ də aradan qalxmayıb.
Seçim gecikir
Ermənistanın KTMT ilə münasibətlərindəki böhran ölkənin xarici siyasət istiqamətləri ilə də bağlıdır. İrəvan təşkilatın fəaliyyətindən narazılığını bildirir, lakin üzvlüyünü rəsmən dayandırmır. Bu isə təhlükəsizlik siyasətində yekun qərarın hələ verilmədiyini göstərir. Ermənistanın qarşısında 3 seçim var: mövcud vəziyyəti saxlamaq, KTMT ilə əməkdaşlığı bərpa etmək və ya təşkilatdan çıxmaq. Birinci variant qeyri-müəyyənliyi uzadır, ikinci yol qarşılıqlı etimadın bərpasını tələb edir, üçüncü isə hüquqi və siyasi nəticələr doğurur. Mirzoyanın son açıqlaması İrəvanın hazırda əməkdaşlığın bərpası perspektivini görmədiyini göstərir.
Nəticə etibarilə, Ermənistanın KTMT ilə münasibətlərindəki əsas problem artıq yalnız təşkilatın fəaliyyətindən narazılıq deyil. Məsələ İrəvanın bəyan etdiyi siyasi mövqe ilə saxladığı hüquqi status arasındakı ziddiyyətə çevrilib. Ermənistan rəhbərliyi təşkilata qayıtmaq ehtimalını görmədiyini bildirir, amma üzvlüyün gələcəyi ilə bağlı yekun qərar vermir. Bu qeyri-müəyyənliyin nə qədər davam edəcəyi isə həm İrəvanın siyasi iradəsindən, həm də KTMT-nin məsələyə hansı formada yanaşacağından asılı olacaq.
Səxavət HƏMİD
XQ