İrəvan mediası revanşistlərə dəstək verir

17.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paşinyanın sülh gündəliyi Ermənistanın informasiya məkanında müqavimətlə üzləşir

Ermənistanın Baş naziri Nikol Paşinyan xarici səfərləri zamanı keçirdiyi görüşlərdə və iştirak etdiyi beynəlxalq məclislərdə sülh, regional əməkdaşlıq, kommunikasiyaların açılması və ölkəsinin gələcək inkişafı barədə mesajlar verir. Onun Beynəlxalq Frankofoniya Təşkilatının dünən Kambocanın paytaxtı Pnompen şəhərində öz işinə başlayan XX zirvə görüşündəki çıxışı da bu baxımdan istisna olmayıb. Sülh və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi plenar iclasdakı çıxışında Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regional əməkdaşlığın inkişafına yönəlmiş proseslərə toxunub.

Antalya və Dublində sülh gündəliyi

Paşinyanın Türkiyəyə səfəri və Antalyada keçirilən beynəlxalq iqlim sammitində iştirakı Ermənistanın xarici siyasətində qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların növbəti mərhələsi kimi diqqət çəkdi. Ermənistan hökumətinin başçısı məclis çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Tərəflər Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Baş nazirin növbəti səfəri Dublinə oldu. “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edirdi. Ukrayna məsələsi, Avropanın təhlükəsizliyi, enerji təminatı və rəqabət qabiliyyətinin artırılması toplantının əsas müzakirə mövzuları sırasında idi. May ayında əvvəlki sammitə İrəvanda ev sahibliyi etmiş Ermənistan üçün Dublin görüşü Avropa tərəfdaşları ilə siyasi əlaqələri genişləndirmək baxımından əhəmiyyətli platforma idi.

Dublin sammitinin mühüm hadisələrindən biri Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən görüş oldu. Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh gündəliyinin irəli aparılması, nəqliyyat və tranzit əlaqələri, sərhədlərin delimitasiyası, etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olundu.

Beləliklə, Antalya və Dublin səfərlərində Paşinyanın diqqət yetirdiyi əsas mövzular sırasında qonşularla münasibətlərin normallaşdırılması, beynəlxalq əməkdaşlıq və regionda sabitliyin təmin olunması məsələləri yer aldı.

Sülh, yoxsa qarşıdurma?

Paşinyanın səfərləri və beynəlxalq görüşlərdə səsləndirdiyi fikirlər Ermənistanın xarici siyasətində yeni reallıqlara uyğunlaşma cəhdlərini göstərir. Lakin bu siyasətin ölkə daxilində birmənalı qarşılanmadığı da aydın görünür. Xüsusilə analitik yazılar üzrə ixtisaslaşmış “ArmenianReport” saytında yayımlanan 3 məqalə bu baxımdan diqqət çəkir.

Antalya səfərinə həsr olunmuş məqalədə müəllif Paşinyanın Ərdoğanla görüşünü və normallaşma prosesinin davam etdirilməsinə dair fikirlərini mənfi qiymətləndirir. Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların Ermənistan üçün fayda gətirmədiyi iddia olunur. Məqalənin ümumi məzmunundan görünür ki, müəllif üçün əsas narahatlıq Ermənistanın regional əməkdaşlıq proseslərinə qoşulmaq imkanından daha çox, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlardır.

Dublin səfəri ilə bağlı yazıda da oxşar mövqe nümayiş etdirilir. Müəllif Paşinyanın Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərin nəticələrini kiçiltməyə çalışır, Azərbaycan Prezidenti ilə təmaslarda müzakirə edilən nəqliyyat, enerji və sərhəd məsələlərini Ermənistanın birtərəfli addımları kimi təqdim edir. Halbuki bu məsələlər regionda uzun müddət mövcud olmuş nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın qurulması baxımından əhəmiyyətlidir.

Üçüncü məqalədə isə Paşinyanın Dublində keçmiş Qarabağ münaqişəsinin Ermənistanın müstəqil dövlət kimi inkişafına mane olan amillərdən biri olması barədə fikirləri tənqid hədəfinə çevrilir. Baş nazirin keçmiş münaqişənin ölkənin dövlətçilik perspektivlərinə təsiri ilə bağlı qiymətləndirməsi müəllif tərəfindən qəbul edilmir. Yazıda Ermənistanın əvvəlki siyasi yanaşmasının qorunmasının vacibliyi ön plana çəkilir. Bu mövqe isə diqqəti bir daha köhnə münaqişə düşüncəsinin müəyyən analitik dairələrdə hələ də təsirini saxlamasına yönəldir.

Erməni mediasının müqaviməti

Burada bir məqam xüsusilə əhəmiyyətlidir: “ArmenianReport”un sözügedən məqalələri, sadəcə, Paşinyanın ayrı-ayrı qərarlarının tənqidi ilə məhdudlaşmır. Onların ümumi məzmununda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, regional əməkdaşlıq proseslərinə qoşulmaq və mövcud reallıqlara uyğun xarici siyasət yürütmək cəhdlərinə qarşı narazılıq hiss olunur. Başqa sözlə, müəlliflər hökumətin sülh gündəliyini tənqid etməklə yanaşı, bu gündəliyin əsaslandığı siyasi yanaşmaya da etiraz edirlər.

Bu yanaşmanın diqqətçəkən tərəfi odur ki, Ermənistanın regional əməkdaşlıqdan faydalanması, qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişlənməsi və uzunmüddətli sabitliyin təmin olunması kimi məsələlər ikinci plana keçirilir. Halbuki Cənubi Qafqazın gələcəyi məhz qarşılıqlı maraqların uzlaşdırılmasından, iqtisadi əlaqələrin genişləndirilməsindən və siyasi etimadın möhkəmləndirilməsindən asılıdır. Regionda yeni nəqliyyat xətlərinin yaradılması, enerji əməkdaşlığının genişləndirilməsi və sərhədlərin müəyyənləşdirilməsi ayrı-ayrı ölkələrin deyil, bütövlükdə, bölgənin inkişafına xidmət edə bilər.

Bu baxımdan Paşinyanın Antalya və Dublin səfərləri zamanı nümayiş etdirdiyi yanaşma ilə bəzi erməni analitiklərinin mövqeyi arasında ciddi fərq meydana çıxır. Baş nazir Türkiyə ilə normallaşma prosesinin davam etdirilməsinin, Azərbaycanla sülh gündəliyinin irəli aparılmasının və regional kommunikasiyaların açılmasının vacibliyini vurğulayır. “ArmenianReport” isə bu istiqamətdə atılan addımları əsasən güzəşt və itki prizmasından qiymətləndirir. Beləliklə, Ermənistanın qarşısında duran əsas məsələlərdən biri təkcə xarici siyasətdə yeni kurs müəyyənləşdirmək deyil, həm də həmin kursun cəmiyyət tərəfindən qəbul edilməsinə nail olmaqdır.

Paşinyanın səfərləri göstərir ki, İrəvan regionda yaranmış yeni siyasi və iqtisadi şəraitdən yararlanmağa çalışır. Bununla belə, hökumətin bəyan etdiyi məqsədlərlə ölkənin informasiya məkanında bəzi dairələrin nümayiş etdirdiyi yanaşmalar arasındakı fərq açıq görünür. Bu ziddiyyət aradan qalxmadıqca, sülh gündəliyinin cəmiyyətin bütün təbəqələrində qəbul olunması da asan olmayacaq.

Nəticə etibarilə, Ermənistan üçün əsas məsələ sülh haqqında danışmaqla kifayətlənməmək, bu siyasi xətti konkret addımlarla və ictimai düşüncədəki dəyişikliklərlə möhkəmləndirməkdir. Çünki sülh yalnız diplomatik sənədlərin imzalanması ilə yaranmır. Onun davamlılığı üçün qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və gələcəyə yönəlmiş siyasi iradə lazımdır. Keçmişin ziddiyyətlərini daim gündəmdə saxlamaq, yeni münasibətlərin qurulmasına yönəlmiş hər bir addımı şübhə altına almaq isə bu məqsədə xidmət etmir.

Ermənistanın media mühitindəki müzakirələr də göstərir ki, ölkədə sülhə münasibət məsələsi hələ də müxtəlif siyasi baxışların mübarizə meydanıdır. Paşinyanın beynəlxalq səfərlərində səsləndirdiyi mesajların real nəticəyə çevrilməsi üçün bu ziddiyyətin aradan qaldırılması vacibdir. Sülh diplomatik bəyanatlarla məhdudlaşmamalı, cəmiyyətin siyasi düşüncəsində və informasiya məkanında da öz əksini tapmalıdır. Əks halda, bir tərəfdən əməkdaşlıq və normallaşmadan danışıldığı, digər tərəfdən isə köhnə qarşıdurma yanaşmalarının yaşadıldığı ziddiyyətli mənzərə davam edəcək.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью