Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Keçmiş prezidentdən tutmuş, kilsə rəhbərliyinə, iri biznes nümayəndələrindən müxalif siyasətçilərə qədər tanınmış şəxslərin adının məhkəmə materiallarında hallanması İrəvanda hüquqla siyasətin kəsişdiyi xəttin nə qədər həssas olduğunu göstərir. İndi bu sıraya ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın adı da əlavə olunur. 2008–2016-cı illərdə Müdafiə Nazirliyinə rəhbərlik etmiş Ohanyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Ermənistan İstintaq Komitəsinin açıqlamasına görə, onun barəsində açılmış cinayət işi üzrə ilkin istintaq artıq başa çatıb və materiallar ittihamın təsdiqlənməsi üçün prokurorluğa göndərilib.
“Növbədənkənar mənzil” məhkəmə baxışında
İstintaqın Ohanyana qarşı irəli sürdüyü ittihamın mərkəzində ilk baxışda adi görünən mənzil məsələsi dayanır. Lakin Ermənistan İstintaq Komitəsinin təqdim etdiyi versiyaya görə, söhbət yalnız bir mənzilin bölüşdürülməsindən deyil, Müdafiə Nazirliyində hərbçilərin mənzillə təmin olunması üçün müəyyən edilmiş növbə və prosedurların keçmiş nazir tərəfindən pozulmasından gedir. İş materiallarına əsasən, 2008-ci il iyulun 12-də Müdafiə Nazirliyinin inzibati aparatının daxili təhlükəsizlik şöbəsinin rəisi M.İ. ailəsinin mənzillə təmin olunması ilə bağlı nazirliyin inzibati aparatının rəhbərinə raportla müraciət edib. Bundan sonra onun adı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan hərbçilərin siyahısına daxil edilib. İyulun 17-də M.İ. bu dəfə bilavasitə həmin dövrün müdafiə naziri S.Ohanyana müraciət ünvanlayıb. İstintaqın versiyasına görə, Ohanyanın mənzil bölgüsü prosesinə müdaxilə etmək üçün hüquqi səlahiyyəti olmayıb. Buna baxmayaraq, o, elə həmin gün Mərkəzi Mənzil Komissiyasına məsələnin operativ həll edilməsi barədə göstəriş verib. İstintaq Komitəsi bunu eks nazirlə əməkdaş arasındakı qohumluq, əlaqələri ilə əlaqələndirir. Nəticədə avqustun 11-də keçirilən komissiya iclasından sonra M.İ.-yə İrəvanda növbədənkənar qaydada üçotaqlı mənzil verilib.
İstintaq Komitəsi hesab edir ki, qərar qəbul edilərkən nazirlə əməkdaş arasındakı şəxsi əlaqələr də nəzərə alınıb. Bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və müvafiq növbədə bir neçə il gözləyən digər şəxslərin hüquqlarının pozulduğu bildirilir. Məhkəmə qərarı əsasında Ohanyan barəsində vəzifəli şəxsin hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə etməsi maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq başa çatdıqdan sonra iş materialları prokurora göndərilib.
Ohanyanın başqa əməlləri də araşdırılır
S.Ohanyanın adı Ermənistanın hüquq-mühafizə orqanlarının gündəminə ilk dəfə düşmür. Keçmiş müdafiə naziri ölkənin əvvəlki rəhbərliyi ilə birlikdə 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələrlə bağlı cinayət işi çərçivəsində də mühakimə olunan şəxslər sırasındadır. İstintaq Komitəsinin məlumatına görə, Ohanyan vəzifəli şəxsin hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı maddə üzrə məsuliyyətə cəlb olunur. İş üzrə ilkin araşdırmanın başa çatdırılması isə artıq hüquqi prosesin növbəti mərhələyə keçdiyini göstərir. Bununla belə, burada mühüm bir məqamı da nəzərə almaq lazımdır: hazırda səsləndirilənlər istintaqın versiyası və ittiham tərəfinin mövqeyidir. Ohanyanın təqsiri təbii ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən ediləcək. Amma işin siyasi fonu da ayrıca diqqət çəkir. Çünki Ermənistanın keçmiş siyasi elitasının nümayəndələri ilə bağlı məhkəmə proseslərinin sayı artdıqca, bu işlərin hər biri təkcə hüquqi deyil, həm də siyasi müzakirələrin predmetinə çevrilir.
Onun ordusunda “it yiyəsini tanımırdı”
Seyran Ohanyanın adı Ermənistanın hərbi-siyasi tarixində kifayət qədər mübahisəli səhifələrlə bağlıdır. Şuşada doğulmuş S.Ohanyan Azərbaycana qarşı qanlı etnik separatizm hərəkatının və təcavüzkar müharibənin iştirakçısıdır. Xidmət illərində müxtəlif yüksək vəzifələrə irəli çəkilən Ohanyan 2008-ci ildə Ermənistanın prezidenti vəzifəsini qəsb edən Serj Sarkisyanın fərmanı ilə müdafiə naziri təyin edilmişdi. Onun Müdafiə Nazirliyinə rəhbərlik etdiyi 2008–2016-cı illər Ermənistan ordusunun daxilində baş verən çoxsaylı qalmaqallarla yadda qalıb. Həmin dövrdə orduda özbaşınalıqların, korrupsiyanın, qeyri-qanuni münasibətlərin və hərbçilərin hüquqlarının pozulması hallarının geniş yayıldığı barədə dəfələrlə məlumatlar səsləndirilib. Nəhayət, vəziyyət elə bir həddə çatdı ki, 2016-cı ildə Aprel döyüşlərindəki sarsıdıcı məğlubiyyətdən sonra onu Sarkisyan da xilas edə bilmədi və istefaya göndərməyə məcbur oldu. Bu məğlubiyyət Ermənistan ordusunun illər ərzində yaradılmış “qüdrətli ordu” görüntüsünü ciddi şəkildə sarsıtdı və hərbi rəhbərliyin fəaliyyətinə yönələn tənqidləri daha da artırdı. Müdafiə naziri kimi Ohanyanın adı da həmin dövrdə ordunun hazırlıq səviyyəsi, idarəetməsi və hərbi itkilərlə bağlı müzakirələrin mərkəzində idi. İndi isə onun adı yenidən məhkəmə zalında səslənir və bu dəfə söhbət hərbi məğlubiyyətdən deyil, nazir olduğu dövrdə qəbul etdiyi qərarlardan gedir. Onun hazırda üzləşdiyi cinayət işi sadəcə bir mənzilin qanunsuz şəkildə növbədənkənar bölüşdürülməsi ilə bağlı epizod kimi qiymətləndirilə bilməz.
İstintaqın təqdim etdiyi mənzərə həmin illərdə orduda qərarların necə qəbul edildiyi barədə də suallar doğurur. Əgər müdafiə naziri mənzil bölgüsü kimi məsələyə qanuni səlahiyyəti olmadığı halda müdaxilə edib və konkret əməkdaşa növbədənkənar mənzil ayrılmasına şərait yaradıbsa, bu, hərbi idarəetmə sistemində qaydaların kimlər üçün işlədiyini, kimlər üçün isə kənara qoyulduğunu göstərən nümunədir.
Daha maraqlısı isə odur ki, istintaq bu qərarın qəbulunda nazir ilə həmin əməkdaş arasındakı qohumluq əlaqələrinin nəzərə alındığını bildirir. Belə bir iddia təsdiqini taparsa, illərlə mənzil növbəsində gözləyən hərbçilərin hüquqlarının şəxsi münasibətlər naminə arxa plana keçirilməsi məsələsi ortaya çıxır.
Beləliklə, bu gün məhkəmə qarşısına çıxarılması gözlənilən Ohanyanın işi təkcə keçmiş nazirin bir qərarına hüquqi qiymət verilməsi deyil. Bu proses, eyni zamanda, onun rəhbərlik etdiyi illərdə Ermənistan ordusunda formalaşmış idarəçilik modelinə də işıq salır. Vaxtilə yüksək vəzifələr tutmuş şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsi isə Ermənistanın öz keçmişi ilə bağlı cavablandırmalı olduğu sualların hələ də kifayət qədər çox olduğunu göstərir.
Cinayət cəzasız qalmır
Onu da qeyd edək ki, Ermənistanda Birinci Qarabağ müharibəsinin hazırlanıb həyata keçirilməsində, Azərbaycan xalqına qarşı soyqırımı əməlləri törətməkdə, torpaqlarımızı işğal etməkdə rolu olan hər kəs indiyədək layiq olduğu cəzanı alıb və ya almaqdadır. Qarabağın keçmiş başçıları, o cümlədən separatçı xunta rejiminin üç keçmiş “prezidenti”, eləcə də bir neçə digər şəxs Bakı Hərbi Məhkəməsinin hökmü ilə müvafiq müddətlərə azadlıqdan məhrum ediliblər. Xunta rejiminin “birinci prezidenti” Robert Koçaryan isə hazırda İrəvanda Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasındadır. Serj Sarkisyanla da bağlı cinayət işi mövcuddur və onun da günü məhkəmə salonlarında keçir. Xocalı soyqırımını törədənlərdən olan “Tuşonka Manvel” ləqəbli Manvel Qriqoryan, Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınan Arkadi Ter-Tadevosyan, “Miatsum” hərəkatının ideoloqu, bədnam Zori Balayan Qarabağın azadlığını gördükdən sonra gorbagor oldular. SSRİ Quru Qoşunları Baş Qərargah rəisinin keçmiş müavini, 1992-ci ildə Ermənistanın nizami ordusunun peşəkar əsasda formalaşdırılması üçün ölkəyə dəvət edilən və Ermənistan silahlı qüvvələri baş qərargahının ilk rəisi kimi müasir erməni ordusunun strukturunu hazırlayan general-leytenant Norat Ter-Qriqoryants isə qurub-yaratdığı ordunun necə darmadağın edildiyini öz gözləri ilə gördü. İndi Seyran Ohanyanla bağlı məhkəmə prosesinin başlanması ilahi ədalət deyilsə, bəs nədir?
Səxavət HƏMİD
XQ