İrəvan Moskva ilə körpüləri yandır(may)acaq?

25.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol Paşinyanın dekabr ayında Rusiyaya 3 səfərinin bu suala aydınlıq gətirəcəyinin özü sual altındadır

Adi həyatın, elə diplomatiyanın da məntiqi onu deyir ki, dalaşanlar barışığa əl yeri qoymalı, savaşan tərəflər isə bütün körpüləri yandırmaqdan çəkinməlidirlər. Axı burada “bu günün sabahını düşünmək” kimi perspektiv yanaşma amili var. Bəli, bəzən bu seçimi etmək çox çətin, mümkünsüz görünür. Belə həlledici məqamlarda insanlardan müdriklik, siyasilərdən isə iradə tələb olunur. Qan düşmənçiliyi kimi, tarixi düşmənçiliyin də mütləq bir sonu olur. Tarixdə yüz illərlə müharibələr aparmış ölkələrin hazırda sülh içində dinc yanaşı yaşamaları nümunəsi də var.   

Ermənistanla Rusiya arasındakı münasibətlərin dəyişmə dinamikasına və xarakterinə diqqət yetirəndə normallaşma prosesinin qarşısında dayanan çox ciddi maneələri görməmək mümkün deyil. Son 6 ildə bu iki ölkə arasında formalaşan münasibətləri “mehriban düşmənlər” epiteti ilə yozmaq, “diş qıcayanın qorxudan quyruq bulaması” məntiqi ilə izah etmək də olar.        

Paşinyanın Moskvaya planlaşdırılan səfəri öncəsi İrəvan isteblişmenti şimal qonşuları ilə münasibətlərin davamında, hətta onların inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamaqdadır. “Ermənistanın Rusiya ilə münasibətlərdə böhran yaratmaq və ya körpüləri yandırmaq kimi niyyəti yoxdur”. Belə bir nikbin siyasi bəyanatla Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxış edib. Onun Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə Rusiyanın “etibarlı və vacib tərəfdaş” kimi səciyyələndirməsinin arxasında hansı diplomatik niyyətin gizləndiyini sezmək o qədər də çətin deyil. Söhbət Avropa İttifaqı ilə siyasi və maliyyə məsələlərində yaxınlaşmaq meyilləri aşkar görünən İrəvanın iqtisadi cəhətdən hələ də xeyli asılı vəziyyətdə qaldığı Rusiya ilə münasibətləri balanslaşdırmaq cəhdlərindən gedir. 

V.Kostanyanın sözlərindən aydın olur ki, Ermənistan Rusiya ilə münasibətlərdə həm son dövrdə, həm də daha uzun müddət ərzində yığılıb qalmış məsələləri ətraflı  müzakirə etmək niyyətindədir. Yəni Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında dekabrın 3-nə planlaşdırılan görüşün gündəliyini məhz keçmiş və indiki məsələlər təşkil edəcək. Onun İctimai Televiziyaya müsahibəsində dediklərinin fonunda hökumətə yaxın erməni mediasının tirajladığı xəbərlərə görə, Kostanyan qarşıdakı müzakirənin əsas məqsədinin “iki ölkə arasında münasibətləri sağlamlaşdırmaq və irəliyə doğru addımlamaq” olduğunu vurğulayıb. 

Göründüyü kimi, Ermənistan xarici işlər nazirinin müavini müsahibəsində İrəvanın Kremlə mesajını açıq mətnlə ifadə edib: “Bizim Rusiya ilə münasibətləri kəsmək, bu əlaqələrdə böhran yaratmaq və ya Rusiya Federasiyası ilə körpüləri tamamilə yandırmaq kimi  niyyətimiz yoxdur. Rusiya bu gün də Ermənistan Respublikası üçün mühüm tərəfdaş olaraq qalır”. Bunun ardınca o, Rusiya tərəfinin də qarşıdakı görüşə hazırlıq məsələsinə eyni anlayışla yanaşacağına və Moskvadakı danışıqların tərəfdaşlıq ruhunda keçəcəyinə ümid bəslədiyini ifadə edib. Rusların təbiri ilə desək, döyüşqabağı diplomatik “artpodqotovka” bütün çalarları ilə sərgilənməkdədir.

Oxuculara xatırladaq ki, bundan bir qədər əvvəl Ermənistanın baş naziri dekabr ayının 3, 11 və 22-sində Rusiyaya üç dəfə səfər edəcəyini açıqlamışdı. Və bu zaman o, nikbin proqnoz verməkdən də çəkinməmişdi: “Mən ikitərəfli danışıqlar aparmaqdan ötrü dekabrın 3-də, 11-də və 22-də Rusiyaya rəsmi səfər edəcəyəm. Ümid edirəm ki, qonşumuz Rusiya ilə münasibətlərimizdə dostluq mühitini qoruyub saxlaya biləcəyik”. 

Beləliklə, bu məqamda “atalar 3-dən deyib” zərbi-məsəlini yadınıza salaraq, yazımızı Paşinyanın Moskva “turnesinin” heç də müsbət nəticə ilə tamamlanmayacağı barədə bədbin proqnozla bitirmək istəməzdik. Amma reallıq öz şərtlərini diqtə etdiyi kimi, “qəzəbli rus ayısının” da siyasi davranışı onda qıcıq yaradan, dünənə qədər çox yaxın müttəfiqi olan Ermənistana yerini göstərməyəcəyinə heç kəs təminat verə bilməz.       

İ.HƏSƏNQALA

XQ

Ekspert rəyi

Fikrət SADIXOV, Qərbi Kaspi Universitetinin professoru, politoloq

Birmənalı olaraq deyə bilərik ki, hazırda Nikol Paşinyan çapalayır. Ermənistanın baş naziri Avropa İttifaqına üz tutub. Amma onu da yaxşı anlayır ki, Avropa evinin sakininə çevrilmək olduqca mürəkkəb prosesdir. Birincisi, sənin üzvlüyünə İttifaqın özü istəyini nümayiş etdirməlidir. Bu zaman üzvlüyə iddialı bir neçə ciddi prosedurdan uğurla keçməyi bacarmalı, tələb və şərtləri yerinə yetirməlidir. İkincisi mərhələdə Avropa İttifaqı üzvlüyünə namizəd olmaq, daha sonra üzvlük statusunu qazanmaq lazımdır. Bəli, bu, uzun sürən prosesdir və nəticənin necə olacağını əvvəlcədən söyləmək çətindir.   

Amma Rusiya lap yaxınlıqda, regiondadır və şimaldan Ermənistan üçün istənilən an təhlükə yarana bilər. Paşinyan bunu da gözəl anlayır. Qərbə üz tutan hakimiyyət bu amili mütləq nəzərə almalıdır. Eyni zamanda, digər reallıq ondan ibarətdir ki, Ermənistan baş baş naziri iki, üçqat təzyiq altındadır. O, bir tərəfdən siyasi aqibəti üçün həlledici sayılan yeni konstitusiya ilə bağlı keçiriləcək referendumun nəticəsini gözləməli, digər tərəfdən məlum qüvvələrin dəstəklədiyi daxili müxalifəti, rəqiblərini neytrallaşdırmalıdır. Həmin qüvvələrin arxasında Rusiyanın dayanması hamıya məlum faktdır.

İndi təsəvvür edin ki, belə bir ikibaşlı oyunda Paşinyan Moskvanı sakitləşdirməyə, onun könlünü almağa çalışır. Yəni deyir ki, “narahat olmayın, mən sizin müttəfiqinizəm və münasibətlərimiz bundan sonra da inkişaf edəcək”. Əlbəttə, onun bu ampluada səmimiyyətinə Kremlin inandığını söyləmək çətindir. Paşinyan bu qəbildən olan davranışalrı ilə özünə ziddiyyətli, hər şeyin gözlənildiyi siyasətçi imizini qazanıb. O, sabah bu gün dediyinin tam əksinə olan bəyanatla çıxış edə bilər. Reallıq ondan ibarətdir ki, Paşinyan Rusiyanın ölkəsinə təsir imkanlarını, müəyyən təhlükə yarada biləcəyini də dərk edir. Bunlar isə onun bir ayda Rusiyaya edəcəyi 3 səfərinin arxasından boylanan səbəblərdir.           

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью