“İrəvan sülhə ümidlidir, Moskvadan ehtiyatlanır Ermənistan seçkilər öncəsi hibrid hücumlar gözləyir”

29.01.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması perspektivinə toxunub. Mirzoyan İrəvanın hər iki qonşusu ilə münasibətlərin normallaşacağına əmin olduğunu bildirib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan rəhbərliyinin əsas ehtiyat etdiyi istiqamət Rusiyadır. Bu narahatlıq Mirzoyanın AŞPA-dakı çıxışında toxunduğu mühüm məqamlardan da aydın görünür. O, vurğulayır ki, xarici işlər naziri iyun ayının əvvəlində Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların intensivləşəcəyini açıqlayıb.

“Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq”, – deyən Mirzoyan, bu cür hücumların qarşısını almaq üçün ölkədə müəyyən immunitet formalaşdırıldıqlarını vurğulayıb.

E.Şahinoğlu deyir: "Ermənistan hakimiyyətini zəiflətmək məqsədi daşıyan bu hibrid hücumların əsas mənbəyi isə faktiki olaraq bəllidir – Rusiya. Azərbaycan da uzun müddətdir Rusiyadan qaynaqlanan hibrid təzyiqlərlə üzləşir və aparılan monitorinqlər bunu açıq şəkildə təsdiqləyir. Seçkilər yaxınlaşdıqca Ermənistanın da Moskva istiqamətindən daha genişmiqyaslı hibrid hücumlara məruz qalacağı gözlənilir".

Politoloqun fikrincə, Kreml və onun nəzarətində olan şəbəkələr baş nazir Nikol Paşinyanın lideri olduğu siyasi qüvvənin seçkilərdə məğlubiyyətə uğraması üçün fəal çalışacaq. Bu ehtimalları gücləndirən növbəti siqnal isə İrəvandan gəlib: "Belə ki, Paşinyanın seçkilərdə əsas rəqibi olacağı gözlənilən iş adamı Samvel Karapetyana dəstək vermək istəyən siyasi qüvvələr artıq səfərbər olmağa başlayıb. Keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan Karapetyanın komandası ilə vahid siyasi blok yaratmaq üçün danışıqlar apardıqlarını açıqlayıb".

Ekspertin sözlərinə görə, vaxtilə Qərbə yaxın siyasi fiqur kimi tanınan Levon Ter-Petrosyanın Kremlin dəstəklədiyi düşərgəyə üstünlük verməsi diqqət çəkir: "Bunun iki əsas səbəbi var. Birincisi, Ter-Petrosyan müxalifətin zəifliyi fonunda Paşinyanın səslərini parçalaya biləcək yeganə real gücün Karapetyanın formalaşdırdığı siyasi layihə olduğunu düşünür. İkincisi isə Karapetyanın Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupu hesabına 3 milyard dollardan artıq sərvətə malik olmasıdır.

Məşhur ifadə ilə desək, “şaka üçün pul lazımdır”. Məhz bu maliyyə amili “qərbpərəst” kimi təqdim olunan Levon Ter-Petrosyanı və digər müxalif fiqurları Karapetyanla əməkdaşlığa cəlb edən əsas faktorlardan biri kimi qiymətləndirilir".

E.Şahinoğlu qeyd edir ki, bu ssenariyə əsasən, Karapetyanın ətrafında formalaşan bloka keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın da qoşulacağı istisna edilmir.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью