Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paşinyanı çətin Moskva səfəri gözləyir
Postmüharibə dönəmində Cənubi Qafqazda izlənilən siyasi proseslərdən biri də Ermənistanla Rusiya arasında yaşanan ixtilaflardır. Getdikcə daha kəskin hal alan ixtilaflar rəsmi İrəvanın ölkənin siyasi kursunu dəyişmək niyyətindən və bu istiqamətdə fəaliyyətlər sərgiləməsindən qaynaqlanır. Ermənistan yüz illiklər ərzində Rusiyanın forpostu rolunu oynayıb və bu ölkənin regionda siyasi, iqtisadi, hərbi mövcudluğunun təmin edilməsi üçün bir alət qismində istifadə olunub. Baş nazir Nikol Paşinyan isə bütövlükdə Ermənistanın ideoloji -siyasi xəttini dəyişməklə Qərbə sürətli inteqrasiya kursu götürüb.
Təbii ki, bu da Rusiyanı məmnun etmir və buna görə də Moskva Ermənistana təzyiqləri artırır. Ermənistanın Rusiya ilə onilliklər boyunca formalaşan siyasi, iqtisadi və humanitar əlaqələrinin çox sıx olduğunu nəzərə alsaq, deyə bilərik ki, hazırda rəsmi İrəvan çətin, perspektivi dumanlı görünən bir seçim qarşısındadır- Qərbə inteqrasiya, Avropa İttifaqına (Aİ) üzvlük vədi nə qədər cəlbedicidirsə, Rusiya ilə hətta cəmiyyətlər və ailələr səviyyəsində belə möhkəm olan bağları qırmaq ondan daha müşkül məsələdir.
Bişkek görüşünün ardınca Moskva səfəri - hansı məsələlər müzakirə mövzusu ola bilər?
Son vaxtlarda Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin müxtəlif platformalarda müzakirələrə qatılıblar. Sonuncu belə təmas bu günlərdə Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley Zirvə görüşü çərçivəsində baş tutub. Belə görünür ki, Ermənistan-Rusiya münasibətlərində yaranmış vəziyyətlə bağlı bütün məsələlərə bir görüş daxilində tam aydınlıq gətirmək mümkün olmayıb və tərəflər müzakirələri Moskvada davam etdirməyə lüzum görüblər.
Artıq konkret vaxt dəqiqləşdirilməsə də, Nikol Paşinyanın cari ilin sonunadək Moskvaya səfər edəcəyi rəsmən təsdiqlənib. Hətta Kreml rəsmiləri Moskva görüşünün detalları barədə də məlumatlar ötürürlər. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək görüşdə Ermənistanın inkişaf istiqamətinin seçilməsi və ölkədə müvafiq referendumun keçirilməsi məsələlərini müzakirə edə bilərlər. Mətbuat katibinin bu sözlərini Kreml rəhbərinin ötürdüyü tezislər anlamında qəbul etmək lazımdır.
Peskov liderlərin Bişkekdə baş tutan əvvəlki görüşünün olduqca məzmunlu və vacib keçdiyini xatırladıb: “Həmin görüşdə ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məqamlar müəyyənləşdirildi və müvafiq qurumlar hazırda bu məsələlər üzərində işləyirlər. Lakin ən baş xətt - cənab Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər etməsi barədə əldə olunan razılaşmadır”.
Kreml sözçüsünün açıqlamasına görə, liderlər ikitərəfli münasibətlərin ana mövzusunu - Ermənistanın gələcək orientasiyasını, inkişaf kursunu və bu xüsusda referendumun təşkili məsələsini hərtərəfli nəzərdən keçirəcəklər. Dmitri Peskov vurğulayıb ki, Putin məhz bu məsələləri kompleks şəkildə müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət edib və Ermənistanın hökumət başçısı dəvəti qəbul edərək tezliklə Rusiyaya gələcəyini bildirib.
Moskvanın İrəvana geniş təsir rıçaqları və Ermənistanın məhdud manevr imkanları
Ermənistanın Rusiyadan qopması və Qərbə inteqrasiyası bu ölkə üçün uzun və ağrılı bir prosesə çevrilə bilər. Bu da ilk növbədə onunla bağlıdır ki, kasıb Ermənistanın məhdud manevr imkanları fonunda Moskvanın bu ölkəyə təsir rıçaqları kifayət qədər böyükdür. Bu sırada Rusiyadan iqtisadi asılılıq xüsusi bir məqamdır. Ermənistan özünün mavi yanacaq təminatını bu ölkədən aldığı ucuz qazla təmin olunur. İdxal olunan digər məhsulların çeşidi də kifayət qədər çoxdur. Eyni zamanda, son qadağalaradək Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları üçün əsas bazar olub. Bu bazarın itirilməsi Ermənistan üçün ciddi sosial-iqtisadi fəsadlara gətirib çıxara bilər və Moskvanın tətbiq etdiyi mədud qadağalar fonunda bu təsirlər açıq-aydın hiss olunur. Ermənistan Rusiyanı itirməklə əsas ticarət tərəfdaşını da itirmiş olacaq.
Rusiya Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyan ölkədir. Moskvanın Ermənistanda hərbi mövcudluğu var. Bundan başqa, Ermənistanın dəmir yolları şəbəkəsi Rusiyaya məxsusdur. Rusiya Ermənistana həmçinin bu ölkədə çalışan və ailələrinin dolanışığını təmin edən miqrant ermənilər üzərindən təsir göstərə bilər. Onlar üçün Rusiya şəhərlərində qalma və əmək fəaliyyəti ilə məşğul olma imkanlarının məhdudlaşdırılması, sərt miqrasiya qaydalarının işə salınması Ermənistana böyük həcmlərdə maliyyə axınının qarşısını ala və beləliklə də bu ölkədə sosial-iqtisadi vəziyyəti gərginləşdirə bilər.
Başqa təsir imkanlarını da sadalamaq mümkündür. Ancaq göstərilən faktlar Ermənistan üçün vəziyyətin nə qədər ciddi olduğu barədə konkret təsəvvür yaratmağa kifayətdir. Baş verənlər fonunda artıq bu rıçaqlar Ermənistana təsir göstərmək və onu yeni seçimindən geri döndərmək məqsədilə mərhələli şəkildə işə salınır.
Əsas məqamlardan biri də Ermənistanın Rusiyanın dominant güc kimi çıxış etdiyi Avrasiya İqtisadi Birliyində (Aİİ) qalması məsələsidir. Rusiya rəsmiləri bildirirlər ki, Ermənistanın Aİ-yə üzvlük prosesinə başlaması faktiki olaraq onun Aİİ-dən çıxmaq niyyətini elan etməsi deməkdir. Sızdırılan məlumatlara görə, Bişkek görüşündə bu məsələ yenidən diqqət mərkəzinə gətirilib və Rusiya tərəfi İrəvanı seçimini mümkün qədər tez etməyə çağırıb. Eyni zamanda, Ermənistanın Qərbə sıx inteqrasiya kursu götürməsinə cavab olaraq Rusiya bu ölkədən kənd təsərrüfatı və balıq məhsullarının idxalına ciddi məhdudiyyətlər tətbiq edib. Ermənistan isə bu qərarlarla bağlı rəsmi şəkildə Avrasiya İqtisadi İttifaqına şikayət ünvanlayıb. N.Paşinyan Ermənistanın hazırda Aİİ-dən çıxmaq planının olmadığını və ölkəsinin hər iki istiqamətdəki öhdəlikləri arasında heç bir hüquqi ziddiyyət görmədiyini iddia edir. O, iqtisadi diversifikasiya üçün zaman lazım olduğunu bildirərək dərhal referendum keçirilməsi tələbini yaxına buraxmır. Rusiya tərəfi xəbərdarlıq edir ki, Ermənistan Aİİ-dən ayrılacağı təqdirdə ucuz təbii qaz, rüsumsuz ticarət və Rusiyadakı erməni işçi qüvvəsinin transfer imkanları kimi mühüm iqtisadi imtiyazları tamamilə itirəcək.
Ermənistanın digər bir çətinliyi isə qonşu İranda uzanan müharibənin yaratdığı reallıqlardan qaynaqlanır. Eyni zamanda, Türkiyə ilə sərhədlər hələ də bağlıdır. Həmçinin son bir ildə tənzimləmə prosesi əhəmiyyətli dərəcədə irəliləsə də, Azərbaycanla yekun sülh sazişi imzalanmayıb.
Bu məqamda qeyd edək ki, Avropa İttifaqından Rusiyanın ticarət qadağalarına reaksiya özünü çox gözlətməyib. Belə ki, Avropa İttifaqı Şurası Ermənistandan gələn ixracın təxminən 80 faizi üçün idxal rüsumlarını iki il müddətinə ləğv edən müvəqqəti ticarət liberallaşdırılması qərarını təsdiqləyib.
Avropa İttifaqına üzvlük kursu - Ermənistan uzun və çətin yolu keçə biləcəkmi?
Ermənistan rəsmilərinin ölkənin Aİİ-də daha uzun müddət qalmasnı təmin etmək və Rusiyadan gələn təzyiqləri yumşaltmaq məqsədi daşıyan açıqlamalarına rəğmən, İrəvan artıq Avropa İttifaqına üzv olmaq prosesinə rəsmən start verib. Ötən il Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib.
Cari ilin avqust ayında Nikol Paşinyan parlamentdə hökumətin proqramını təqdim edərkən bildirib ki, Ermənistan yaxın gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciətin hazırlanması üzərində işə başlaya bilər. O qeyd edib ki, 2025-ci ilin martında parlamentdə qəbul olunan müvafiq qanun məhz bu prosesə start verilməsini nəzərdə tutur. Onun fikrincə, məsələni referenduma yalnız proses real şəkildə qiymətləndirilə və müzakirə oluna biləcək mərhələyə çatdıqdan sonra çıxarmaq məqsədəuyğundur. Paşinyan bildirib ki, bunun üçün ilk növbədə Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməlidir. O, bunun kifayət qədər genişmiqyaslı iş tələb etdiyini və yaxın vaxtlarda prosesə başlanmasının mümkün olduğunu deyib. Onun fikrincə, referendum Aİ-yə müraciət edildikdən, cavab alındıqdan və yol xəritəsi hazırlandıqdan sonra keçirilməlidir.
İndiki məqamda Ermənistanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin təməlində dayanan əsas sənəd 2 dekabr 2025-ci il tarixində Brüsseldə keçirilmiş Avropa İttifaqı və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”dir. Sənəd Ermənistanın iqtisadi inkişafına, təsisatların gücləndirilməsinə, həmçinin demokratiya, qanunun aliliyi və ədalət mühitinin Aİ standartlarına uyğunlaşdırılmasına xidmət edir. Tərəfdaşlıq gündəliyi müdafiə, təhlükəsizlik, hibrid təhdidlər, dezinformasiya və kiberhücumlara qarşı mübarizə sahələrində əməkdaşlığı əhatə edir. Həmçinin Ermənistana maliyyə təminatı da vəd edilir. Belə ki, sənəddə Aİ tərəfindən Ermənistanda sülh və dayanıqlılığın gücləndirilməsi məqsədilə 15 milyon avro ayrılması nəzərdə tutulub.
Tərəfdaşlıq gündəliyinin əsas müddəaları bunlardır. Lakin verilən vədlərə və təmtəraqlı müddəalara rəğmən, bu sənədin kasıb Ermənistanı Aİ-yə üzvlüyə daşıyacağına inam elə bu ölkənin özündə də azdır. Ümumiyyətlə, bir sıra partiyaların təmsilçiləri Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını özündə ehtiva edən sənədləri “absurd” adlandırırlar. Belə mülahizələr ona əsaslanır ki, Aİ-yə üzvlük yolu uzun və çətin proseslərdən keçir. Bundan ötrü namizəd statusu alan ölkələrin siyasi, iqtisadi, hüquqi reallıqları dəyişdirilərək Avropa standartları səviyyəsinə yüksəldilməlidir. Bunu etmək üçün Ermənistanın sadəcə heç bir potensialı yoxdur. Digər tərəfdən, rəsmi İrəvan başqa bir Cənubi Qafqaz ölkəsinin-Gürcüstanın Aİ yolunda büdrəməsini də nəzərə almalıdır. Zamanında Avropa İttifaqının bir növ sevimli övlad kimi qayğı və dəstək göstərdiyi Gürcüstan hakmiyyəti indi Qərb üçün arzuolunmaz sayılır və təbii ki, ölkənin Aİ marafonu da dayandırılıb.
Ən vacib məqamlardan biri isə tərəfdaşlıq gündəliyi sənədinin postmüharibə mərhələsində regionda Azərbaycanın səyi ilə başlayan sülhyaratma prosesi ilə ziddiyyət təşkil etməsidir. Yeri gəlmişkən Azərbaycan Xarici İşlər Nazirliyi bunula bağlı şərh verərək kəskin mövqeyini ortaya qoyub. Yeddi illik əməkdaşlıq dövrü üçün nəzərdə tutulan sənəddə sülh gündəliyi ilə bir araya sığmayan və əslində Azərbaycana qarşı yönəlmiş bir sıra müddəaların öz əksini tapması yolverilməzdir. Xüsusilə də Qarabağdan könüllü köç etmiş ermənilərə “status” vədi, yanlış hüquqi iddialar, TRIPP layihəsinə toxunulmaması, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının fəaliyyəti və hərbi məzmunlu istinadlar rəsmi Bakı tərəfindən qəbul olunmayaraq pislənilir. Azərbaycan tərəfi bildirir ki, real dialoq və tərəfdaşlıq yalnız obyektivlik, balanslaşdırılmış mövqe və beynəlxalq hüquqa hörmət əsasında mümkündür.
Suya düşən ilk gözləntilər - Ermənistan üçün vizasız rejimin tarixi açıqlanmır
Avropa İttifaqına üzvlük prosesində ermənilərin əsas gözləntisi ən yaxın perspektivdə Aİ məkanına vizasız rejimin onlara da tətbiq ediləcəyi ilə bağlı idi. Lakin Aİ rəsmilərindən gələn açıqlamalar bu gözləntiləri suya salıb əridir. Belə ki, Ermənistan üçün vizasız rejimin tətbiqinin tarixi açıqlanmır və qeyri-müəyyən olaraq qalır. Ermənistanın Baş naziri Nikol Paşinyan və hökumət rəsmiləri əvvəlcə prosesin 2-3 il çəkəcəyini (yəni 2028-ci ilə qədər) ehtimal etsələr də, sonradan rəsmi hədəf olaraq 2026-2031-ci illər dövlət proqramına viza rejiminin tam ləğvini 2029-cu il üçün daxil ediblər. Bununla belə, yenilənmiş hədəf də real görünmür. İki tərəf arasında rəsmi viza dialoqu 2024-cü ilin sentyabrında başlayıb. Aİ Viza LiberallaşdırılmasıFəaliyyət Planını (VLAP) İrəvana təqdim edib və hazırda qiymətləndirmə missiyaları vasitəsi ilə islahatları (sərhəd idarəçiliyi, miqrasiya, təhlükəsizlik) yoxlayır. “Avropa Komissiyası Ermənistan vətəndaşlarının Şengen zonasına vizasız səfər rejiminin tətbiq olunacağı konkret tarixi açıqlamağı hələ tez hesab edir”. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib. P.Pinyonun sözlərinə görə, Ermənistanla danışıqlar hələ ki bir sıra istiqamətlər üzrə müzakirə mərhələsindədir. O qeyd edib ki, Brüssel İrəvanla əməkdaşlığın gücləndirilməsi üzrə müxtəlif istiqamətləri müzakirə edir: “Onlar lazımi hazırlıq səviyyəsinə çatdıqda, Aİ münasibətlərin növbəti mərhələsinə keçə biləcək”, - deyə qurum rəsmisi bildirib.
Ermənistan cəmiyyəti üçün Aİ-yə vizasız gedişin qısa müddətdə rəsmiləşdirilməsi ona görə vacibdir ki, çoxlu sayda erməni ölkədəki şəraiti yaşamaq üçün məqbul saymır və çıxış yolu kimi Aİ-yə getməyi xəyal edir. Belə görünür ki, onlar həyatlarının ən ümdə arzularına çatmaq üçün hələ çox gözləyəcəklər...
Mübariz FEYİZLİ