İrəvanda bağlı qapılar arxasında BAZARLIQ

05.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ağ Evin Din İşləri İdarəsinin baş məsləhətçisi Paula Uayt-Keyn ikinci ibadət səhər yeməyi üçün Ermənistana gedib.

Paula Uayt-Keyn Eçmiədzinin Ana Taxtında keçirilən liturgiyada iştirak etdikdən sonra bütün ermənilərin katolikosu II Qaregin tərəfindən qəbul edilib. 

Katalikos xanım Uayt-Keyn tərəfindən Prezident Donald Trampla ABŞ-dəki erməni dini liderlər arasında görüşün təşkilində göstərdiyi səylərə görə təşəkkür edib. 

Məlumatda bildirilir ki, tərəflər dünyada sülhün və xalqlar üçün parlaq gələcəyin bərqərar olması naminə dini liderlərin birgə səylərinin vacibliyindən danışıblar.

Qeyd edək ki,  sentyabr ayının 17-də Prezident Donald Tramp ABŞ-dəki erməni dini liderləri Ağ Evdə qəbul edib. Görüşdə Ermənistan Apostol Kilsəsinin müxtəlif yeparxiyalarının rəhbərləri, Ermənistan Katolik və Erməni Yevangelist kilsələrinin nümayəndələri, eləcə də Ermənistanın ABŞ-dəki səfiri iştirak etmişdi. 

Demokratlar Partiyasından, o cümlədən sələfi Co Bayden administrasiyasından   fərqli olaraq, erməni diasporu və lobbisi ilə əməkdaşlığa maraq göstərməyən Donald Trampın son zamanlar mövqeyind dəyişiklik diqqəti cəlb edir. Aprelin 24-də qondarma soyqırım günü erməniləri yada salmayan Prezident  Trampın Qriqoryan kilsəsinı marağının artması, keşişlərlə və katalikosla yüksək səviyyədə görüşlərin keçirilməsi suallar doğurur. 

Çox güman ki, başlıca səbəb ABŞ-də noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərlə bağlıdır. Bu seçkilərdə Demokratlar Partiyasının qalib gəlmək şansları yüksək hesab edilir. Erməni lobbisi isə ənənəvi olaraq, daha çox demokratlara dəstək verir. ABŞ-dəki ən böyük erməni lobbisi məhz Demokratlar Partiyası sıralarında təmsil olunur. Məlum olduğu kimi, Respublikaçılar Partiyası əsasən yəhudi diasporu ilə işləyir.

Lakin qarşıdan gələn seçkilərdə Respublikaçıların qələbə şansı aşağı olduğundan görünür, siyasi texnoloqlar Trampa erməni diasporu ilə əməkdaşlığı artırmağı məsləhət görüb. Xatırladaq ki, bu birinci hal deyil və 2024-cü ildə ABŞ-də prezident seçkiləri zamanı Respublikaçılar Partiyasının namizədi olan Tramp Erməni patriarxı I Arama zəng etmiş, hətta onunla  “xristian məhbuslar” adı altında Azərbaycanda həbsdə olan müharibə cinayətkarlarının azadlığa buraxılması məsələsini müzakirə ertmişdi. 

Eyni zamanda, Tramp demokratların Nümayəndələr Palatasında səs çoxluğuna nail olacağı təqdirdə, ona qarşı impiçment elan edəcəklərinə dair xəbərdarlıq edib. Bu baxımdan, Tramp administrasiyasının erməni kilsəsi ilə bu yaxınlaşması müxalifət düşərgəsində özünə tərəfdarlar tapmaq və bu təhlükənin qarşısını almaq məqsədi də daşıya bilər. 

Qeyd edilən səbəblərlə yanaşı, ABŞ Prezidentinin son təşəbbüsü Ermənistanda daxili sabitliyin qorunmasında da maraqlı olması ilə də izah edilə bilər. Görünür, Vaşinqton kilsə və hakimiyyət arasında artan qarşıdurmaya Ermənistanda sabitlik üçün təhlükə mənbəyi kimi baxır. Paula Uayt-Keynin Ermənistana səfəri ilə bağlı yayılan xəbərdə Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmanın bu görüş zamanı müzakirə edilib-edilmədiyinin məlum olmadığı deyilir.

Çox güman ki, həm Nikol Paşinyanla, həm də katalikosla bağlı qapılar arxasında aparılan danışıqlarda bu məsələ müzakirə olunub. ABŞ Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Ona görə də Rusiyaya bağlı revanşist müxalifətin, o cümlədən kilsənin Paşinyanı devirmək səhdləri ABŞ-ni qane etmir. Yəqin ki, Tramp administrasiyasının bu mövqeyi katalikosa çatdırılıb.

Əvəzində, Vaşinqton  Paşinyandan Erməni Apostol Kilsəsinə, eləcə də II Qareginə qarşı cinayət təqibinə və təzyiqlərə son qoyulmasını xahiş edə bilər. Çünki ABŞ yaxın perspektivdə Ermənistanda “Tramp marşrutu” kimi strateji əhəmiyyətə malik bir layihənin reallaşmasını daha vacib hesab edir. Ona görə də Tramp administrasiyası Ermənistanda daxili sabitliyin olması yönündə səyləri artıra bilər. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Açar sözlər: İrəvan Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью