Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Azərbaycanın BMT-nin Biomüxtəliflik Konvensiyasının 17-ci sammitində (COP17) iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək. Bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan məlumat verib.
Bəs Azərbaycan sözügedən sammitdə iştirak edəcəkmi?
Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan bütün mühüm beynəlxalq tədbirlərdə bir qayda olaraq iştirak edir. Onun sözlərinə görə, İrəvanda keçirilən bu tədbirdə iştirak nəzərdən keçirilə bilər:
"Cavab yəqin ki, həmin ərəfədə veriləcək. Çünki çox şey Ermənistanın sülh müqaviləsi imzalamasına nə dərəcədə hazır olmasından asılıdır".
Millət vəkilinin sözlərinə görə, yeni konstitusiya qəbulunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiası müddəası əsas qanunlarından çıxarılarsa, Azərbaycanla artıq hərtərəfli münasibətlər yaranacaq və o cümlədən qarşılıqlı surətdə bir-birimizdə keçirilən tədbirlərə gedə biləcəyik:
"Eyni zamanda, çox şey Ermənistanın nə dərəcədə nümayəndə heyətimizi qəbul etməyə hazır olmasından gedir. Bir neçə il əvvəl İrəvanda keçirilən idman yarışında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilmişdi. Bir sözlə, bu məsələ hərtərəfli öyrəniləndən sonra yəqin ki, müvafiq icra hakimiyyəti orqanları buna cavab verəcəklər".
Aytəkin TOFİQQIZI