Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paşinyan yarımçıq qalmış planını həyata keçirə biləcəkmi?
Erməni Apostol Kilsəsi ilə ölkə hakimiyyəti arasında gərginlik qalmaqdadır. Doğrudur, son vaxtlar bu məsələdə zahirən nisbi sakitlik hökm sürür. Bu vəziyyət daha çox hakim komandanın seçki marafonuna köklənməsi ilə əlaqədar idi.
Əslində, bu, gözlənilən idi. Bir sıra ekspertlər aylar öncə bildirirdilər ki, hakimiyyət seçkiqabağı dövrdə kilsə ilə bağlı məsələdə fasilə götürəcək. Çünki kilsə tarixən xalq arasında böyük nüfuza malik institutdur. Ermənistan konstitusiya baxımından dünyəvi dövlət olsa da, ölkə konstitusiyasında (18.1-ci maddə) “erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında milli kilsə kimi Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna missiyası” təsbit edilib. Bu mənada, Paşinyan da ehtiyatlı davranış nümayiş etdirməyə üstünlük verirdi.
Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçki platformasında “Erməni Apostol Kilsəsinin islahatı” məsələsi ilə bağlı müddəa da yer almışdı. Aprelin 3-də Paşinyanın “Facebook” səhifəsində dərc olunan platformada Erməni Apostol Kilsəsində mərhələli islahat – kilsənin faktiki rəhbəri kimi katolikosun vəzifədən kənarlaşdırılması, əvvəlcə müvəqqəti rəhbərin seçilməsi, yeni kanonik qaydanın (nizamnamənin) qəbulu və daha sonra bütün ermənilərin yeni katolikosunun seçilməsi təklif olunurdu.
* * *
Seçkilər artıq geridə qalıb. Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə qalib gəlməklə kifayətlənmədi, həm də hökuməti təkbaşına formalaşdırmaq üçün parlamentdə kifayət qədər güclü mövqe qazandı. Baş nazirin yenidən bu vəzifəyə seçilməsi məsələsi də öz həllini tapandan sonra Ermənistanın siyasi gündəmində yeni mərhələ başlayır. Bu mərhələnin əsas mövzularından biri, şübhəsiz ki, Erməni Apostol Kilsəsi ilə bağlı Paşinyanın səsləndirdiyi planlar olacaq.
Ermənistan cəmiyyətində kilsənin təsiri hələ də kifayət qədər böyükdür və hakimiyyət bunun fərqində idi. Seçkilərin nəticələri göstərdi ki, Paşinyan bu mövzunu, sadəcə, müəyyən müddətə arxa plana keçirmişdi. Onun rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının seçki proqramında kilsədə dəyişikliklərlə bağlı müddəaların yer alması təsadüfi deyildi. Bu, baş nazirin həmin məsələdən geri çəkilmədiyini, sadəcə, daha münasib məqam gözlədiyini nümayiş etdirirdi. İndi həmin məqamın yetişdiyini söyləmək mümkündür. Çünki Paşinyan artıq seçkiqabağı dövrdə üzləşdiyi məhdudiyyətlərdən azaddır. O, seçicilərdən yenidən mandat alıb və növbəti illər üçün siyasi gündəliyini həyata keçirmək imkanına malikdir. Bu baxımdan yaxın aylarda kilsə ilə bağlı müzakirələrin yenidən intensivləşəcəyi gözlənilir. Burada diqqətçəkən əsas məqam odur ki, Paşinyan məsələni təkcə II Qareginin şəxsiyyəti ilə əlaqələndirmir. O, uzun müddətdir kilsənin fəaliyyət qaydalarında dəyişikliklərin vacibliyindən danışır. Baş nazir hesab edir ki, mövcud vəziyyət yenilənməlidir və bu proses rəhbərliyin dəyişməsi ilə müşayiət olunmalıdır. Məhz buna görə də onun təqdim etdiyi yanaşmada əvvəlcə katolikosun vəzifədən uzaqlaşdırılması, daha sonra isə yeni rəhbərin seçilməsi nəzərdə tutulur.
Ancaq bu prosesin asan keçəcəyini düşünmək sadəlövhlük olardı. Ermənistan tarixində kilsə yalnız dini qurum kimi çıxış etməyib. O, uzun illər ərzində milli kimliyin qorunmasında mühüm rol oynayıb. Bu səbəbdən kilsə ətrafında baş verən hər hansı hadisə cəmiyyətdə emosional reaksiyalar doğurur. Katolikosun dəyişdirilməsi istiqamətində atılacaq addımlar da istisna olmayacaq. Digər tərəfdən, son illərdə II Qareginlə Paşinyan arasında yaranmış qarşıdurma artıq sırf dini mövzu çərçivəsini aşaraq siyasi məzmun qazanıb. Kilsə rəhbərliyi müxtəlif vaxtlarda hökumətin siyasətini tənqid edib, hökumət isə öz növbəsində kilsəni dəyişikliklərə müqavimət göstərməkdə ittiham edib. Bu fonda tərəflər arasında etimadın formalaşması demək olar ki, mümkünsüz görünür.
Məhz buna görə qarşıdakı dövrdə Ermənistanın daxili gündəminin ən diqqətçəkən mövzularından biri yenə də kilsə-hakimiyyət münasibətləri olacaq. Seçkilər başa çatıb, siyasi qeyri-müəyyənlik aradan qalxıb və Paşinyan artıq seçki kampaniyasının deyil, öz proqramının icrası mərhələsinə keçib. Bu isə o deməkdir ki, bir müddət təxirə salınmış məsələlər yenidən gündəmə qayıdacaq. Hazırda Paşinyanın qarşısında seçim yox, verdiyi vədlərin taleyi dayanır. Əgər o, seçki proqramında yer alan müddəalara sadiq qalacaqsa, Erməni Apostol Kilsəsi ilə bağlı planların həyata keçirilməsi istiqamətində addımların atılması qaçılmaz görünür. Bu addımların Ermənistan cəmiyyətində hansı reaksiyalara səbəb olacağını isə yaxın aylar göstərəcək. Bir məsələ artıq indidən aydındır: seçkiqabağı dövrün sakitliyi uzun sürməyəcək və kilsə mövzusu yenidən ölkənin ən çox müzakirə olunan məsələlərindən birinə çevriləcək.
Artıq bunun işartıları görünməkdədir. Dünən yayılan məlumatda bildirilir ki, Erməni Apostol Kilsəsinin Rusiya və Novo-Naxçıvan yeparxiyasına xidmət edən 4 din xadimi Ermənistanda hərbi təlim toplanışlara çağırılıb. Bu barədə “Sputnik Ermənistan”a Eçmiədzinin informasiya sisteminin rəhbəri, ierey Yesai Artenyan məlumat verib. “İki din xadimi artıq təlim toplanışlara yollanmalıdır. Daha biri hərbi komissarlıqda qərar gözləyir, dördüncü şəxsə isə təkrar tibbi müayinədən keçmək tapşırılıb”, – deyə Artenyan bildirib.
Keşişin sözlərinə görə, müvafiq prosedurların davam etdiyi müddətdə həmin şəxslərin ölkədən çıxışına qadağa qoyulub. Çağırış vərəqələri Cənubi Rusiya erməni yeparxiyasının din xadimlərinə də təqdim olunub.
* * *
Katolikos II Qaregin özü isə seçkilərdə müxalifətin, bir qədər də dəqiqləşdirsək, “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyanın lehinə səs verib. Bunu onun səsvermədən sonra jurnalistlərə verdiyi açıqlama da təsdiqləyir. Patriarx başının dəstəsi ilə Vaqarşapat şəhərindəki seçki məntəqəsində səs verdikdən sonrakı açıqlamasında deyib: “Dua və ümidlə seçimimizi etdik ki, Rəbbimiz Ermənistan dövlətçiliyinin sarsılmazlığını qorusun və xalqımıza mürəkkəb sınaqları dəf etməkdə yardımçı olsun. Biz güclü, təhlükəsiz və nümunəvi dövlətin xeyrinə seçim etdik”.
II Qareginin açıqlamasında diqqətçəkən məqam onun konkret siyasi qüvvənin adını çəkməməsi, mesajını dövlətçilik, təhlükəsizlik və milli birlik mövzuları üzərində qurmasıdır. Bu, kilsənin formal olaraq siyasi neytrallığını qorumağa çalışdığını göstərir. Bununla yanaşı, katolikosun “güclü, təhlükəsiz və nümunəvi dövlət” ifadələrindən istifadə etməsi seçki dövründə cəmiyyətə ünvanlanmış siyasi məzmunlu mesaj kimi qiymətləndirilə bilər. Xüsusilə hakimiyyətlə kilsə arasında son aylarda yaşanan gərginlik fonunda bu bəyanat kilsənin ölkənin gələcəyi ilə bağlı öz baxışını nümayiş etdirməsi baxımından diqqət çəkir.
Digər tərəfdən, II Qareginin dövlətçiliyin qorunması və mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı vurğuları Ermənistanın son illərdə üzləşdiyi təhlükəsizlik problemlərinə və daxili siyasi gərginliyə işarə kimi də dəyərləndirilə bilər. Bu səbəbdən açıqlama həm dini xarakter daşıyır, həm də seçki sonrası siyasi proseslərə münasibət ifadəsi kimi oxunur.
Onu da bildirək ki, katolikos seçkiqabağı dövrdə – mayın 10-da milyarder S.Karapetyanla görüşərək ona dəstəyini ifadə etmişdi. Görüş Karapetyanın ev dustaqlığında saxlanıldığı malikanəsində baş tutmuşdu. Patriarx iş adamına xeyir-dua vermiş və qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməkdə ona dözüm və səbir arzulamışdı.
Səxavət HƏMİD
XQ