Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İrəvandakı keçmiş Qarabağ separatçılarına məxsus nümayəndəlik binası Ermənistan dövlətinin nəzarətinə keçir. Bu, ilk baxışda adi hüquqi-inzibati qərar təsiri bağışlaya bilər. Lakin məsələnin mahiyyəti daşınmaz əmlakın statusundan daha genişdir. Söhbət Qarabağın keçmiş siyasi strukturlarının Ermənistan ərazisində yeni siyasi məkan və legitimlik axtarışından, İrəvanın isə bu prosesə çəkdiyi sərhəddən gedir.
Baş nazir Nikol Paşinyan sentyabrın 16-da parlamentdə hökumət saatında mövqeyini açıq ifadə edib. Onun sözlərinə görə, Ermənistanda “iki dövlət, iki hökumət”, “iki parlament” ola bilməz. Paşinyan bunun qarşısının alınacağını bildirib. Ermənistan Baş Prokurorluğu 2025-ci ildə binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib. Ermənistan tərəfinin arqumentinə görə, 1997-ci ildə binanın Qarabağın erməni rəhbərliyinə verilməsi barədə hökumət qərarı olsa da, tələb olunan bağışlama müqaviləsi rəsmiləşdirilməyib. 22 may 2026-cı il tarixli məhkəmə qərarı isə prosesdə mühüm mərhələ yaradıb. Separatçılar binaya olan hüquqlarından məhrum edilib.
Ancaq hüquqi prosedur hadisənin yalnız görünən tərəfidir. Söhbət sırf mülkiyyət mübahisəsindən getsəydi, Paşinyanın “ikinci parlament” məsələsini xüsusi vurğulaması təsadüfi görünərdi. Bu ifadə göstərir ki, İrəvan həmin binanı keçmiş Qarabağ siyasi modelinin ölkə ərazisində dayaq nöqtələrindən biri kimi görür.
Ölkədə Qarabağdan köçmüş erməni əhali, keçmiş siyasi elita ilə əlaqələr və əvvəlki dövrdən qalan təşkilati imkanlar mövcuddur. Lakin məhz bu amillər İrəvan üçün siyasi risk yaradır. Çünki keçmiş strukturların Ermənistan ərazisində yeni formatda təşkilatlanması onları tədricən ayrıca siyasi aktora və təsir mərkəzinə çevirir. Paşinyanın “iki dövlət, iki hökumət və iki parlament” ifadəsi məhz bu ehtimala qarşı çəkilmiş siyasi xəttdir.
Bu mövqenin arxasında ciddi daxili-siyasi amillər də dayanır. Qarabağın keçmiş rəhbərliyinin bir hissəsi Paşinyan hökumətini Qarabağ məsələsindən geri çəkilməkdə və Azərbaycanla münasibətlərdə güzəştli mövqe tutmaqda ittiham edir. Müxalifətin müəyyən dairələri isə Qarabağ ermənilərinin siyasi təmsilçiliyinin və geri qayıdış məsələsinin gündəmdə saxlanılmasını tələb edir.
Məsələnin Azərbaycan-Ermənistan münasibətləri baxımından da ayrıca çəkisi var. Bakı uzun müddətdir Ermənistan ərazisində Qarabağın keçmiş separatçı strukturlarının fəaliyyətini ölkəmizin suverenliyi baxımından qəbuledilməz hesab edir. İrəvanın həmin strukturların öz ərazisində ayrıca siyasi mərkəzə çevrilməsinə qarşı çıxması bu baxımdan diqqətçəkən mesajdır. Amma bir binanın dövlət nəzarətinə keçirilməsini sülh prosesində bütün problemlərin həlli kimi təqdim etmək də doğru olmaz. Sərhədlərin delimitasiyası, kommunikasiya məsələləri, qarşılıqlı hüquqi öhdəliklər və digər istiqamətlər üzrə gündəlik qalır.
Beləliklə, bir vaxtlar Qarabağın keçmiş siyasi strukturlarının Ermənistan ərazisindəki əsas ünvanlarından biri olan məkan indi dövlət nəzarətinə keçir. Bununla İrəvan təkcə bir daşınmaz əmlak məsələsinə münasibət bildirmir, həm də keçmiş siyasi modelin Ermənistan daxilində hansı sərhədlər çərçivəsində mövcud ola biləcəyini müəyyənləşdirir.
Paşinyanın son bəyanatının əsas siyasi məzmunu da bundan ibarətdir: söhbət yalnız keçmiş Qarabağ siyasi strukturlarına münasibətdən deyil, Ermənistanın gələcək dövlət modelindən gedir. “İki dövlət, iki hökumət, iki parlament ola bilməz” mesajının real siyasətdə nə qədər ardıcıl tətbiq olunacağı isə bu kursun nəticəsini müəyyənləşdirəcək. Çünki bir binanın dövlət nəzarətinə keçirilməsi simvolik addımdır. Əsl siyasi dəyişiklik isə Ermənistanın gələcək dövlət modelini keçmiş münaqişənin siyasi mirasından nə dərəcədə ayıra bilməsindən asılı olacaq.
Yeganə HACIYEVA,
Mətbuat Şurası İH-in üzvü, politoloq
Paşinyanın bəyanatı əslində, Ermənistanın daxilində uzun illər mövcud olmuş siyasi ikiliyin artıq dövlət səviyyəsində qəbul edilmədiyini göstərmək istəyir. Burada söhbət təkcə keçmiş separatçı rejimin institutlarından getmir, məsələ Ermənistan dövlətinin öz ərazisində hakimiyyətin və siyasi legitimliyin alternativ mərkəzlərinin mövcudluğuna nə qədər dözümlü olmasıdır.
Mənim fikrimcə, Paşinyanın son addımı bu suala kifayət qədər açıq cavabdır, Ermənistan Respublikasının konstitusion və dövlət institutlarından kənarda ikinci siyasi hakimiyyət mərkəzi ola bilməz. Bu, Ermənistanın daxili siyasi həyatında ciddi dəyişiklikdir. Çünki uzun illər Qarabağ məsələsi Ermənistanın siyasi sistemində sadəcə xarici siyasət və təhlükəsizlik məsələsi olmayıb. O, həm də Ermənistanın daxili siyasi legitimliyinin mühüm elementlərindən birinə çevrilmişdi.
Qarabağın keçmiş siyasi elitası müəyyən dövrlərdə Ermənistanın siyasi qərarverməsinə təsir göstərən ayrıca güc mərkəzi kimi çıxış edirdi. İndi isə Paşinyan həmin modelin öz dövlətinin daxilində davam etdirilməsini açıq şəkildə rədd edir. Bu baxımdan “iki dövlət, iki hökumət, iki parlament ola bilməz” ifadəsi kifayət qədər ciddi siyasi sərhəddir. Burada konstitusion legitimlik məsələsi də ortaya çıxır.
Bu qərarı Paşinyanın yalnız Qarabağın keçmiş separatçı strukturlarına münasibətinin sərtləşməsi kimi deyil, Ermənistanın öz dövlətçilik modelini yenidən müəyyənləşdirmək cəhdi kimi görürəm. Amma burada daha mürəkkəb məsələ var, dövlət institutlarının vahidliyini təmin etmək bir məsələdir, cəmiyyətin bu yeni siyasi yanaşmanı qəbul etməsi isə tamam başqa məsələ.
Ermənistan cəmiyyətində Qarabağ mövzusu hələ də yalnız hüquqi və siyasi məsələ deyil. Bu mövzu müəyyən sosial qruplar üçün kimlik, yaddaş və itki ilə bağlı çox ciddi emosional yük daşıyır. Ona görə də Paşinyanın qarşısında yalnız keçmiş separatçı strukturları dövlət sistemindən kənarlaşdırmaq məsələsi dayanmır. Onun qarşısında daha çətin məsələ var: Ermənistan cəmiyyətinə yeni dövlətçilik konsepsiyasını qəbul etdirmək.
Burada əsas məsələ binanın özü deyil, Ermənistanın öz ərazisində hansı siyasi hakimiyyət modelini legitim saymasıdır. Paşinyanın mesajı aydındır: bir dövlət, bir konstitusion sistem, bir hökumət və bir parlament.
Pünhan ƏFƏNDİYEV
XQ