Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paşinyan isə yeni dövrə köhnə komanda ilə başlayır
Ermənistanda IX çağırış Milli Assambleyanın fəaliyyətə başlaması ölkənin daxili siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, ilk günlərdən aydın görünür ki, əvvəlki parlamentdən miras qalan siyasi ab-hava hələ də dəyişməyib. Hakimiyyət yeni qanunverici orqanın daha məhsuldar fəaliyyət göstərəcəyini, diqqətin gündəlik siyasi mübahisələrdən daha çox dövlət idarəçiliyinə və qanun yaradıcılığına yönələcəyini bəyan edir. Müxalifət isə ilk iclaslardan etibarən hökumətin fəaliyyətini sərt tənqid etməyə çalışır.
İyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşan yeni Milli Assambleya avqustun 4-də rəhbər orqanların tam formalaşdırılması istiqamətində növbəti addımları atıb. Gündəliyin əsas məsələlərindən biri parlament sədrinin müavinlərinin seçilməsi olub. Hakim partiya bu vəzifələrə Ayk Koncoryan və Vaaqn Aleksanyanın namizədliyini irəli sürüb. Müxalifət kvotası üzrə isə “Güclü Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyan namizəd göstərilib.
* * *
Bu arada hökumətin tərkibinin ciddi dəyişikliklərə məruz qalmadığı məlum olub. Prezident Vaaqn Xaçaturyan baş nazirin müavinləri Mher Qriqoryan və Tiqran Xaçatryanı yenidən vəzifələrinə təyin edib. Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarkisyan, ədliyyə naziri Srbui Qalyan, səhiyyə naziri Anait Avanesyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, eləcə də digər nazirlər postlarını qoruyublar. Yalnız yüksək texnologiyalar sənayesi naziri vəzifəsinə David Tadevosyanın təyin olunması hökumətdə yeni sima kimi diqqət çəkir. Bu qərarlar göstərir ki, Nikol Paşinyan seçkilərdən sonra hökumətdə genişmiqyaslı dəyişikliklərə ehtiyac görməyib və əvvəlki komanda ilə fəaliyyətini davam etdirmək qərarına gəlib. Paşinyan Baş nazir aparatının yeni rəhbəri Lilit Makuntsu kollektivə təqdim edərkən bildirib ki, qarşıdakı 5 il Ermənistan üçün həm yeni imkanlar, həm də yeni çağırışlar dövrü olacaq. Baş nazir bu mərhələni “Ermənistan dövlətçiliyinin davamlılığı gündəliyi” kimi xarakterizə edib və hökumətin fəaliyyətinin məhz bu istiqamətdə qurulacağını vurğulayıb.
Paşinyanın çıxışında diqqətçəkən məqamlardan biri “təcrübəli hakimiyyət” anlayışı ilə bağlı fikirləri olub. Onun sözlərinə görə, uzun illər eyni komanda ilə işləmək mühüm idarəçilik təcrübəsi qazandırır və bu, dövlət üçün ciddi resurs hesab oluna bilər. Lakin baş nazir bunun müəyyən risklər də yaratdığını etiraf edib. O bildirib ki, eyni iş rejiminin zamanla adiləşməsi və arxayınlıq hissinin yaranması idarəetmənin səmərəliliyinə mənfi təsir göstərə bilər. Buna görə də hökumətin əsas vəzifələrindən biri məhz bu təhlükələrin qarşısını almaq olacaq.
* * *
Hakim “Mülki müqavilə” partiyası yeni parlamentdən gözləntilərini açıq şəkildə ortaya qoyub. Vitse-spiker postuna namizəd Ayk Koncoryan çıxışında iyunun 7-də keçirilmiş seçkilərin Ermənistanın müstəqillik tarixində ilk dəfə ümummilli səviyyədə sülh şəraitində baş tutduğunu bildirib. Onun sözlərinə görə, seçicilər bu seçkilərdə ilk növbədə sülhün, dövlətçiliyin və xalqın verdiyi mandatın qorunmasına səs veriblər. Onun fikrincə, IX çağırış Milli Assambleya əvvəlki dövrdən fərqli olaraq gündəlik siyasi qarşıdurmalar deyil, qəbul ediləcək qanunlar və islahatlarla yadda qalmalıdır. Hakim partiya bunun üçün yeni parlamentdə daha konstruktiv iş mühiti formalaşdırmağa çalışdığını bildirir.
Parlamentin ilk iclasları göstərdi ki, seçkilər başa çatsa da, daxili siyasi mübarizə səngiməyib. Lakin əvvəlki parlamentdən fərqli olaraq, ilk günlərdə açıq qarşıdurmalar deyil, daha çox siyasi mesajlar və qarşılıqlı ittihamlar diqqət çəkir. Hakimiyyət parlamentdə işgüzar mühit formalaşdırmağa çalışdığını bəyan etdiyi halda, müxalifət müxtəlif mövzular ətrafında hökuməti tənqid etməyə cəhd göstərir. “Güclü Ermənistan” blokunun katibi Tiqran Abramyan parlamentdə dövlət iştiraklı şirkətlərin fəaliyyəti ilə bağlı dinləmələrin keçirilməsini təklif edib. Onun iddiasına görə, “Armpoçt”, Zəngəzur mis-molibden kombinatı və digər müəssisələrin fəaliyyəti ilə bağlı müzakirələrə ehtiyac var. Digər müxalif deputatlar da hakimiyyətin fəaliyyətini tənqid edən fikirlər səsləndiriblər. Lakin bu fikirlər əsasən onların siyasi mövqeyi və şəxsi qiymətləndirmələri xarakteri daşıyır.
Ev dustaqlığında olan “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan da jurnalistlərə açıqlamasında müxtəlif müxalif qüvvələr arasında vaxtaşırı görüşlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu görüşlərdə hakimiyyətə qarşı siyasi fəaliyyətin əlaqələndirilməsi müzakirə olunur. Karapetyan, eyni zamanda, ölkədə gərginlik yaratmaq niyyətində olmadıqlarını iddia edib və “real müxalifət” hesab etdiyi bütün qüvvələrlə əməkdaşlığa hazır olduqlarını deyib. Bununla yanaşı, o, Robert Koçaryanla hər hansı danışıqlar aparılmadığını da açıqlayıb. “Güclü Ermənistan”ın parlament fraksiyasının rəhbəri Narek Karapetyan isə Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı mövqeyini qəbul etmədiklərini bildirib. Onun iddiasına görə, Ermənistan sülh sazişinin imzalanmasında maraqlıdır, lakin bu sənəd ölkənin daxili işlərinə müdaxilə üçün əsas yaratmamalıdır.
* * *
Yeni parlament fəaliyyətə başladığı günlərdə diqqətçəkən mövzulardan biri də “Ermənistan Elektrik Şəbəkələri” ətrafında davam edən qalmaqal olub. Şirkətin müvəqqəti idarəçisi Romanos Petrosyan əvvəlki rəhbərliyin təmsilçilərindən Narek Karapetyanın açıqlamalarına sərt reaksiya verərək onun fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Petrosyanın sözlərinə görə, müvəqqəti idarəetmə dövründə müəssisədə aparılan yoxlamalar nəticəsində 1000 nəfərdən çox əməkdaş işdən çıxarılıb, onlardan təxminən 700-ü müxtəlif qanun pozuntularına görə vəzifəsini itirib. O bildirib ki, aşkarlanmış faktlarla bağlı onlarla cinayət işi başlanıb, saxlanılan və barəsində həbs qərarı çıxarılan şəxslər var.
Şirkət rəhbərinin sözlərinə görə, elektrik enerjisinin uçotunda uzun illər davam edən ciddi pozuntular aşkar edilib. Onun iddiasına əsasən, bəzi hallarda istehlak edilmiş elektrik enerjisinin dəyəri başqa abonentlərin üzərinə yazılıb, günəş elektrik stansiyalarından şəbəkəyə verilən enerjinin həcmi düzgün qeydə alınmayıb və bunun nəticəsində həm vətəndaşlara, həm də dövlətə ziyan dəyib. Petrosyan əvvəlki rəhbərliyin bütün bunlardan xəbərsiz olması barədə deyilənləri inandırıcı hesab etmədiyini vurğulayıb.
* * *
Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, yeni parlamentin ilk günləri N.Paşinyanın seçkilərdən sonra siyasi kursunda kəskin dəyişiklik etməyi planlaşdırmadığını göstərir. Onun sözlərinə görə, hökumətin əsas tərkibinin qorunması, yalnız bir nazirin dəyişdirilməsi və parlament rəhbərliyinin əvvəlcədən gözlənilən qaydada formalaşdırılması hakimiyyətin sabit idarəetmə modelini davam etdirmək niyyətindən xəbər verir: “Bununla yanaşı, müxalifətin ilk iclaslardan etibarən müxtəlif mövzular üzrə tənqidi bəyanatlar səsləndirməsi parlamentdə siyasi mübarizənin davam edəcəyini göstərir. Ancaq hazırkı mənzərə onu deməyə əsas verir ki, gündəliyi müəyyənləşdirən tərəf yenə də hakim çoxluqdur və müxalifət hələlik bu gündəliyi dəyişdirə biləcək siyasi təsir imkanlarını nümayiş etdirə bilmir”.
Siyasi şərhçi hesab edir ki, IX çağırış Milli Assambleyanın ilk iclasları Ermənistanda hakimiyyət dəyişikliyindən deyil, idarəetmədə varisliyin davam etdiyindən xəbər verir: “Paşinyan komandası hökumətin əsas simalarını qorumaqla seçicilərə sabitlik mesajı verməyə çalışır. Eyni zamanda, parlamentdə daha mədəni siyasi mühit formalaşdırılması barədə səslənən çağırışlar əvvəlki parlamentin gərgin atmosferinin təkrarlanmaması istəyindən xəbər verir. Müxalifət isə ilk gündən fəallıq nümayiş etdirməyə çalışsa da, onun çıxışları daha çox tənqid və iddialar üzərində qurulur. Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə Ermənistan parlamentində əsas mübarizə hökumətin irəli sürəcəyi islahatlar deyil, siyasi gündəmin kimin müəyyənləşdirəcəyi ətrafında gedəcək”.
Səxavət HƏMİD
XQ