Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtidarla müxalifət arasında gərginlik sülh prosesini də təhdid edir
Hakimiyyətlə müxalifət arasında mübahisələr yalnız parlament tribunasından səslənən qarşılıqlı ittihamlarla məhdudlaşmır. Siyasi mübarizənin yeni cəbhəsi məhkəmə zallarıdır.
Dünən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində “Güclü Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri Narek Karapetyanın və partiyanın lideri Samvel Karapetyanın ən yaxın silahdaşlarından biri olan Aleksan (Alik) Aleksanyanın işi üzrə ilk məhkəmə iclasının keçirilməsi də ölkədəki siyasi mənzərənin kifayət qədər mürəkkəb olduğunu göstərir. Eyni gündə Konstitusiya Məhkəməsinin xaricdə yaşayan ermənilərin seçki hüququ ilə bağlı yeni qaydalara baxacağı açıqlanıb. Parlamentdə isə “Daşnaksütyun” ətrafında kəskin polemika yaşanıb.
Karapetyan və Aleksanyan məhkəmə qarşısında
A.Aleksanyan 2026-cı il iyunun 3-dən həbsdədir. N.Karapetyan barəsində isə ölkəni tərk etməmək qadağası və 1 milyard dram məbləğində girov tətbiq edilib. İstintaqın versiyasına görə, Aleksanyan “Bizim tərzdə” adlı milli dəyərlərin qorunması ictimai təşkilatının və “Güclü Ermənistan” partiyasının icra orqanının rəhbəri, həmçinin “Güclü Ermənistan” blokundan deputatlığa namizəd kimi Karapetyan və digər şəxslərlə birlikdə cinayətkar təşkilat yaradıb və ona rəhbərlik edib. İttiham tərəfi hesab edir ki, məqsəd iyunun 7-də keçirilən Milli Assambleya seçkilərinin gedişinə və nəticələrinə qanunsuz yollarla təsir göstərmək, “Güclü Ermənistan”a daha çox səs qazandırmaq və bu siyasi qüvvənin tərəfdarlarının sayının çox olması barədə təsəvvür yaratmaq olub.
İttihamda diqqətçəkən əsas məqamlardan biri “Bizim tərzdə” ictimai təşkilatının yaradılması ilə bağlıdır. İttiham tərəfi hesab edir ki, təşkilatın faktiki fəaliyyəti onun nizamnaməsində yazılan məqsədlərdən fərqli olub və əsasən siyasi və seçki fəaliyyətinin dəstəklənməsinə xidmət edib. İstintaqa görə, vətəndaşların müxtəlif toplantılarda iştirakına və “Güclü Ermənistan”ı, daha sonra isə onun əsasında formalaşdırılan bloku seçki prosesində dəstəkləməsinə maddi maraq yaradılıb. Beləliklə, təşkilat vasitəsilə maliyyə imkanlarından istifadə edilməklə siyasi dəstəyin artırılmasına yönəlmiş mexanizm qurulduğu iddia olunur.
114 ofis və seçki qərargahı iddiası
Cinayət işində təşkilatın ölkə üzrə geniş şəbəkə yaratması ayrıca qeyd edilir. İttihama əsasən, 2025-ci il sentyabrın 10-dan 2026-cı il fevralın 5-dək İrəvan da daxil olmaqla, Ermənistanın müxtəlif icmalarında “Bizim tərzdə” təşkilatının 114 ofisi açılıb. Bu məkanların icarə müqavilələrini Aleksanyan və ya onun səlahiyyət verdiyi şəxslər bağlayıb. İstintaq həmin ofislərin nizamnamədə nəzərdə tutulan fəaliyyət üçün deyil, faktiki olaraq, “Güclü Ermənistan” partiyasının işinin təşkili, o cümlədən partiya ofisləri və seçki qərargahları kimi istifadə edildiyini bildirir. Həmçinin həmin dövrdə təşkilatın imkanlarından vətəndaşların toplantılara cəlb olunması və siyasi qüvvənin dəstəklənməsi üçün maddi stimullaşdırmada istifadə edildiyi iddia olunur.
İttihamın digər mühüm hissəsi maliyyə ilə bağlıdır. İstintaqa görə, təşkilatın hesabına cinayət yolu ilə əldə edilmiş vəsaitlər daxil olub və bu fəaliyyətə yönəldilib. İstintaq həmçinin bildirir ki, Karapetyan və digər şəxslər vəzifə səlahiyyətlərindən və bundan irəli gələn təsirdən istifadə etməklə xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılmasını həyata keçiriblər. Nəticədə dövlətə xüsusilə külli miqdarda əmlak zərəri vurulduğu iddia olunur.
Seçki hüququ məhkəmə müstəvisində
Qonşu ölkədə məhkəmə gündəminin diqqətçəkən digər istiqaməti xaricdə yaşayan vətəndaşların seçki hüququ ilə bağlı mübahisədir. Konstitusiya Məhkəməsi dekabrın 22-də bu məsələyə yazılı icraat qaydasında baxacaq. Mübahisə parlamentdə hakim siyasi qüvvənin qəbul etdiyi yeni seçki qaydaları ilə bağlıdır. İyulun 3-də qəbul edilən dəyişikliklərə əsasən, seçici siyahılarının dərcindən əvvəlki 2 il ərzində Ermənistan ərazisində azı 1 il, yəni 366 gün olmamış ölkə vətəndaşlarının seçki hüququ məhdudlaşdırılır. Müxalif deputatlar bu qaydaları Konstitusiyaya zidd hesab edir və onların vətəndaşların hüquqlarını pozduğunu bildirirlər. Onlar Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciəti icraata qəbul edib və Seçki Məcəlləsinin müvafiq müddəalarının, eləcə də referendum haqqında qanunun uyğun maddəsinin Konstitusiyaya uyğunluğunu araşdıracaq. İş üzrə məruzəçi hakim Artur Vaqaryan təyin olunub, Milli Assambleya isə prosesə cavabdeh tərəf kimi cəlb edilib.
Sarukyanın həbsində yeni detal
Ermənistanın siyasi gündəmində həbsdə olan müxalifət liderləri ilə bağlı məlumatlar da diqqət çəkir. “Hraparak” qəzeti “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın iyulun 7-dən həbsdə olduğunu yazır. Nəşrin məlumatına görə, onun ailə üzvləri ilə görüşünə icazə verilsə də, Sarukyan özü yaxınlarının həbsxanaya gəlməsinə qadağa qoyub. Sarukyanın müdafiəçisi Emin Xaçatryanın sözlərinə görə, ailə üzvlərinin görüşünə hüquqi maneə yoxdur, lakin Sarukyan buna ehtiyac görmədiyi üçün onlar onun yanına getməyiblər. Müdafiəçi həmçinin onun səhhətinin hazırda stabil olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib. Sarukyanın şəkərli diabetdən əziyyət çəkdiyi və səhhətində bu problemin vaxtaşırı kəskinləşdiyi də qeyd olunur.
“Daşnaksütyun” ətrafında qarşıdurma
Dünən parlamentdəki mübahisə hakimiyyətlə müxalifət qarşıdurmasının başqa istiqamətini üzə çıxarıb. “Ermənistan” blokunun deputatı Kristine Vardanyan hökumətin fəaliyyəti və strukturu haqqında qanuna dəyişikliklərin ikinci və yekun oxunuşu zamanı Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun”la bağlı sərt açıqlamalar verib. Vardanyanın fikrincə, hakimiyyət “Daşnaksütyun”a qarşı mübarizəni gücləndirdikcə, bu siyasi qüvvə daha da güclənəcək. O, hakim partiyanın deputatı Arman Yeqoyanın ermənilər arasında “daşnaksütyunçuluğun kökünün kəsilməsi” çağırışını tənqid edib və parlamentdə hakimiyyət nümayəndələrinə qarşı ağır ifadələr işlədib.
Məhkəmə salonu, yoxsa siyasət meydanı?
Bu hadisələr Ermənistanın seçkisonrası siyasi mənzərəsinin gərgin olduğunu göstərir. Bir tərəfdə “Güclü Ermənistan”la bağlı seçki prosesinə təsir və maliyyə pozuntuları ittihamlarının araşdırıldığı cinayət işi, digər tərəfdə xaricdə yaşayan vətəndaşların seçki hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsində başlayan proses var. Buna parlamentdə vaxtaşırı yaranan qarşıdurmaları da əlavə etmək olar.
Bu arada, Karapetyan və Aleksanyan işində məhkəmənin qarşısında duran əsas məsələlərdən biri ittiham tərəfinin irəli sürdüyü sxemin sübutlarla təsdiqlənib-təsdiqlənməyəcəyidir. Eyni qaydada, seçki hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin dekabrda verəcəyi qərar Ermənistanın siyasi sistemində xaricdə yaşayan vətəndaşların roluna dair mühüm presedent yarada bilər.
Nəticə etibarilə, Ermənistanda siyasi rəqabət seçki məntəqələrində başa çatmayıb. Hakimiyyətlə müxalifət arasında mübarizənin mühüm hissəsi indi məhkəmə zallarında, parlamentdə və hüquqi mübahisələr ətrafında davam edir. Dünən gündəmə gələn proseslər isə bu qarşıdurmanın yaxın aylarda da Ermənistanın daxili siyasi həyatının əsas mövzularından biri olaraq qalacağını göstərir.
Səxavət HƏMİD
XQ