İrəvanda siyasi “kələf” getdikcə dolaşır

13.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Konstitusiya mübahisəsi daxili çəkişmələri daha da gücləndirir

Ermənistanda daxili siyasi mübarizə getdikcə daha mürəkkəb xarakter alır. İqtidar və müxalifət arasında qarşıdurma, siyasi qüvvələrin gələcək hakimiyyət uğrunda mübarizəsi, ölkənin xarici siyasət kursu və dövlət idarəçiliyinin perspektivləri ətrafında yaranan fikir ayrılıqları gündəmin əsas mövzularına çevrilib. Hazırda qonşu respublikada siyasi gərginliyin əsas mənbələrindən biri yeni konstitusiya layihəsi və onun qəbulu ilə bağlı keçirilməsi nəzərdə tutulan referendumdur.

Hakimiyyətin əsas qanuna dəyişiklik etmək planları təkcə əsas qanunun yenilənməsi məsələsi deyil, həm də ölkənin gələcək siyasi kursu, dövlətçilik anlayışı və iqtidarın cəmiyyətlə münasibətləri baxımından ciddi müzakirələrə yol açıb. Müxalif qüvvələrin yeni konstitusiyaya qarşı çıxması, referendum əleyhinə təbliğat aparması və “Yox” qərargahı yaratmağa hazırlaşması bu məsələnin artıq siyasi qarşıdurmanın mərkəzinə çevrildiyini göstərir.

Yeni layihə gələn həftə açıqlanacaq

Ermənistanın “Joxovurd” qəzetinin yaydığı məlumata görə, ölkənin yeni konstitusiya layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək. Bundan sonra sənəd ətrafında müzakirələr və dinləmələr təşkil olunacaq, daha sonra isə parlamentə göndəriləcək. Nəşrin diqqət çəkdiyi məqamlardan biri layihədə andlılar institutunun tətbiqinin nəzərdə tutulması və bu təklifin hətta hakim komandanın daxilində birmənalı qarşılanmamasıdır. Qəzet yazır ki, “Mülki müqavilə” partiyasının idarə heyətinin qapalı iclasında hakim komanda üzvlərinin əksəriyyəti Ermənistanda andlılar institutunun tətbiqinin ciddi problemlər yarada biləcəyindən narahatlıqlarını ifadə ediblər. Onların əsas arqumenti ölkədə insanların bir-birini yaxından tanıması, müxtəlif şəxsi və ictimai əlaqələrin mövcudluğu ilə bağlı olub.

Belə şəraitdə andlıların tam müstəqil və qərəzsiz qərar qəbul etməsinə təminatın olmadığı bildirilib. Baş nazir Nikol Paşinyan isə bu fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, keçmiş prezident Robert Koçaryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan məhz xalqın tələbi ilə həbsdədirlər. Paşinyan hesab edir ki, andlılar institutu faktiki olaraq artıq mövcuddur, sadəcə onun hüquqi baxımdan rəsmiləşdirilməsinə ehtiyac var.

“Joxovurd”un diqqət çəkdiyi digər mühüm məqam Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılmasının nəzərdə tutulmasıdır. Bu məsələ də gələcək müzakirələrin əsas mövzularından biri olacaq.

“Yox” qərargahı və referendum

Konstitusiya dəyişikliyi ətrafında müzakirələrin genişləndiyi bir vaxtda parlament sədrinin hakim “Mülki müqavilə” partiyasından olan müavini Vaaqn Aleksanyan müxalifətin mövqeyinə münasibət bildirib. O, qanunverici orqanda jurnalistlərlə söhbətində müxalifət qüvvələrinin yeni konstitusiyaya qarşı çıxmasını, məlumatlandırma kampaniyaları aparmasını və “Yox” qərargahı formalaşdırmasını referendumun keçiriləcəyinin göstəricisi kimi qiymətləndirib.

Aleksanyanın fikrincə, müxalifət “Yox” qərargahı yaradırsa, deməli, referendum baş tutacaq. Çünki belə qərargahın yaradılmasının başqa mənası yoxdur. O, müxalifət nümayəndələrinin əvvəllər referendumun keçirilməsinə səs verməyəcəklərini və bu məsələdə radikal mövqe tutduqlarını xatırladıb.

Hakim partiyanın təmsilçisi arqument kimi Yexeqnadzor icmasında baş verən səsverməni də göstərib. Onun sözlərinə görə, “Güclü Ermənistan”ın nümayəndəsi İrəvanda hakim partiyanın koalisiya tərəfdaşı olan “Respublika” partiyasının namizədinə səs verib. Aleksanyan müxalifətin namizəd David Arutyunyanı müxalifətçi kimi təqdim etməsinə etiraz edərək onun hakimiyyətə, xüsusilə də Paşinyana münasibətinin kifayət qədər yaxşı olduğunu iddia edib. O, parlament müxalifətinin və Serj Sarkisyanın yeni formalaşmış cəbhəsinin xalqın hüququnun həyata keçirilməsinə mane ola bilməyəcəyini bildirib. Deputatın sözlərinə görə, yeni konstitusiyanın qəbul edilməsi və ya rədd olunması müstəsna olaraq xalqın, başqa sözlə, konstitusiyanın təsisçisinin hüququdur.

“Mülki müqavilə”də fikir ayrılıqları

Diqqətçəkən məqamlardan biri yeni konstitusiya layihəsinin hələ ictimaiyyətə təqdim edilməmiş hakim partiyanın özündə mübahisələrə səbəb olmasıdır. “Joxovurd”un məlumatında andlılar institutunun tətbiqi ilə bağlı fikir ayrılıqlarının mövcudluğu hakim komandanın daxilində də layihənin ayrı-ayrı müddəalarının birmənalı qarşılanmadığını göstərir. Bu vəziyyət Paşinyan hakimiyyətinin qarşısında duran vəzifənin yalnız müxalifəti referendumun keçirilməsinin zəruriliyinə inandırmaqdan ibarət olmadığını ortaya qoyur.

Hakim partiya, ilk növbədə, yeni konstitusiyanın müddəaları ilə bağlı öz daxilində ortaq mövqeyə gəlməlidir. Əks halda, layihənin ictimai müzakirəsi zamanı yaranacaq suallar və etirazlar hakimiyyətin öz sıralarında da əlavə mübahisələrə yol aça bilər.

Burada Müstəqillik Bəyannaməsinə istinadən yeni konstitusiyadan çıxarılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu, sadəcə, hüquqi mətnin redaktəsi deyil, Ermənistanın dövlətçilik konsepsiyasına və gələcək siyasi istiqamətinə dair mübahisələrin yenidən gündəmə gəlməsi deməkdir. Beləliklə, yeni konstitusiya ətrafında mübarizə həm hakimiyyətlə müxalifət, həm də hakim komandanın öz daxilində siyasi sınağa çevrilir.

Parlament davası ilə bağlı cinayət işi

Ermənistanın daxili siyasi gündəmində gərginliyi artıran digər hadisə oktyabrın 29-da Milli Assambleyada baş vermiş insidentlə bağlı cinayət təqibinin başlanmasıdır. “Nyus.am”ın məlumatına görə, parlamentdə səs-küyə səbəb olan davadan 2 həftə keçəndən sonra hüquq-mühafizə orqanları cinayət işi açmaq qərarına gəliblər. Sayt bu prosesin bir sıra suallar doğurduğunu yazır. Xüsusilə hadisədən 11 gün sonra cinayət təqibinə başlanmasının səbəbi və insidentin bütün iştirakçılarının eyni qaydada araşdırmaya cəlb edilib-edilməyəcəyi müzakirə mövzusudur.

Onlayn nəşrin iddiasına görə, hakim partiyadan olan deputatlar hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmayacaq. Halbuki insident zamanı müxalifət nümayəndələrinə qarşı hakim partiyanın deputatlarının da iştirak etdiyi zorakılıq epizodları ictimai narazılığa səbəb olub. Beləliklə, parlamentdəki dava ilə bağlı araşdırma da hakimiyyətlə müxalifət arasında qarşılıqlı ittihamların yeni mərhələsinə çevrilib.

Kilsə ətrafında proseslər

Ermənistanda siyasi və ictimai müzakirələrin diqqət mərkəzində olan digər məsələ II Qareginin ailə üzvləri ilə bağlı məhkəmə prosesidir. Dünən Armavir vilayətinin ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsində bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyanın işi üzrə növbəti iclas keçirilib.

Xatırladaq ki, oktyabrın 8-də məhkəmə Gevork və Ambartsum Nersisyanı təqsirli bilib. Prokuror Gevorkun 3 il 6 ay, Ambartsumun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi isə ittihamlarla razılaşmayaraq etirazlarını vəsatət şəklində məhkəməyə təqdim edib. Həmin vəsatətlər arasında cəzanın şərti tətbiq olunması ilə bağlı müraciət də yer alıb. Bu proses Ermənistanın siyasi gündəmində kilsə ilə hakimiyyət arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.

Siyasi mübarizə haçalanır

Ermənistanda son açıqlamalar və hadisələr ölkənin daxili siyasi gündəmində gərginliyin bir neçə istiqamətdə artdığını göstərir. Yeni konstitusiya layihəsi və referendum ətrafındakı mübahisələr, hakim partiyadaxili fikir ayrılıqları, parlamentdəki insident, kilsə ilə bağlı məhkəmə prosesi və müxalifət liderlərinin həbsi eyni siyasi mənzərənin tərkib hissələridir.

Konstitusiya dəyişikliyi digər siyasi mübahisələrdən təcrid olunmur. Əksinə, hakimiyyətin yeni siyasi-hüquqi çərçivə yaratmaq niyyəti fonunda müxalifətlə qarşıdurma da dərinləşir. Referendum Paşinyan hakimiyyəti üçün yalnız əsas qanuna dəyişiklik deyil, həm də cəmiyyət qarşısında siyasi mövqeyini təsdiqləmək sınağına çevrilə bilər.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью