İrəvanda siyasi qarşıdurma hüquqi müstəviyə keçib

25.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rəhbərliklə müxalifətin qarşılıqlı iddiaları və yeni konstitusiya layihəsi mübarizəni daha da qızışdırıb 

Ermənistanda siyasi qarşıdurma yalnız parlament tribunalarında, mət­buat açıqlamalarında və seçki kampaniyalarında deyil, məhkəmə zallarında da davam edir. Müxtəlif siyasi qüvvələrin nümayəndələri, keçmiş deputatlar və hakimiyyətə qarşı radikal mövqedə dayanan şəxslər ətrafında baş verən məhkəmə prosesləri xeyli vaxtdır ölkənin ictimai-siyasi gündəminin mühüm hissəsinə çevrilib. Baş nazir Nikol Paşinyanla “Güclü Ermənistan” partiya­sının rəhbəri Samvel Karapetyan arasında qarşılıqlı iddialar, eləcə də Paşin­yanın bir sıra media qurumlarına qarşı iddiaları, həmçinin yeni konstitusi­ya layihəsində hakimlərin yoxlanılması ilə bağlı nəzərdə tutulan müddəalar diqqət çəkir. 

Karapetyan işi: ittihamlar və çəkişmələr 

Ölkədə son günlərin ən çox müzakirə olunan məhkəmə proseslərindən biri S.Ka­rapetyanın işi ilə bağlıdır. Oliqarx siyasətçi 2025-ci ilin iyununda Erməni Apostol Kil­səsinə açıq dəstək nümayiş etdirməsindən sonra həbs edilmiş, daha sonra ev dustaqlı­ğına buraxılmışdı. Bu il noyabrın 5-də isə 65 ünvanda aparılan axtarışlardan sonra məhkəmə onun 1 aylıq müddətə yenidən həbsinə qərar verib. Karapetyan xüsusilə külli miqdarda çirkli pulların yuyulmasın­da, hakimiyyət və ya xidməti mövqedən irəli gələn təsirdən istifadə etməkdə ittiham olunur. İstintaqın versiyasına görə, söhbət qondarma “Artsax investisiya fondu” çər­çivəsində verilmiş kreditin silinməsi ilə bağlı sxemin təşkilindən gedir. Karapetyan ittihamları qəbul etmir, müdafiə tərəfi isə cinayət işinin siyasi xarakter daşıdığını id­dia edir. 

Noyabrın 20-də keçirilən iclasda fon­dun keçmiş rəhbəri Ernest Qriqoryan şahid qismində dindirilib. Karapetyanın vəkili Ruben Karapetyanın sözlərinə görə, şahid ittihamı təsdiqləyən məlumatlara malik olmadığını və S.Karapetyanı şəxsən tanı­madığını bildirib. Müdafiə tərəfi bu ifadəni ittihamın əsassızlığına dəlil kimi qiymət­ləndirib. Vəkil məhkəməyə Samvellə bağlı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təqdim etmək niyyətində olduqlarını da açıqlayıb. Bununla yanaşı, Karapetyan noyabrın 23-də Paşinyana qar­şı yeni iddia qaldırıb. Buna səbəb hökumət başçısının noyabrın 19-da keçirdiyi bri­finqdə onun 9 milyard dramı (təxminən 25 milyon dollar) mənimsədiyini bildirməsi olub. Karapetyanın vəkilləri həmin açıqla­manın böhtan sayılmasını, təkzib edilmə­sini, habelə 6 milyon dram (təxminən 17 min dollar) kompensasiya ödənilməsini tələb edirlər. 

Paşinyan şahid qismində 

Ermənistanda diqqətçəkən digər pro­ses Paşinyanla “Maariflənmiş Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan ara­sındakı məhkəmə çəkişməsidir. Baş nazir 2026-cı ilin iyulunda Marukyan və keç­miş deputat Sofiya Ovsepyana qarşı şərəf və ləyaqətin müdafiəsi, böhtan xarakterli açıqlamaların təkzibi ilə bağlı iddialar qaldırıb. Mübahisənin yaranmasına səbəb Marukyanın parlament seçkilərindən sonra bəzi seçki məntəqələrində onun partiyası­na verilən səslərin nəzərə alınmadığı barə­də açıqlamaları olub. O, dövlət maliyyələş­məsi almaq imkanının əlindən alındığını iddia edib, Paşinyanı və Mərkəzi Seçki Komissiyası rəhbərliyini seçki nəticələri ilə bağlı ittiham edib. 

Dünən məhkəmə Marukyanın müdafiə tərəfinin Paşinyanın şahid qismində dindi­rilməsi barədə vəsatətini təmin edib. Ha­kim Anna Şilacyanın qərarına əsasən, Baş nazir prokuror tərəfindən məhkəməyə ça­ğırılacaq. Marukyan çıxışlarının siyasi xa­rakter daşıdığını, təhqir və böhtan məqsədi güdmədiyini deyib. S.Ovsepyanın Paşin­yana qarşı qaldırdığı qarşılıqlı iddia üzrə də proses davam edir. Keçmiş deputat baş nazirin iyunun 11-də müxalifət qüvvələri­nin səsləri seçki rüşvəti hesabına qazandığı barədə açıqlamasının təkzibini tələb edir. Dünən keçirilən iclasda məhkəmə ondan seçkilərdə iştirak etdiyini və müxalifətə səs verdiyini sübut etməsini istəyib. Ovsepyan isə gizli səsvermə prinsipinə görə kimin le­hinə səs verdiyinin açıqlana bilməyəcəyini bildirib. Növbəti iclas dekabrın 22-nə təyin olunub. 

Hakimlərin gələcəyi sual altında 

Məhkəmə sistemi ilə bağlı müzakirələ­rin digər istiqaməti noyabrın 23-də dərc edilmiş yeni konstitusiya layihəsidir. Sənə­din 85-ci maddəsi hakimlərin yoxlanılması – vetting prosedurunu nəzərdə tutur. La­yihəyə əsasən, konstitusiya qüvvəyə min­dikdən sonra 5 il ərzində hazırda fəaliyyət göstərən hakimlərin peşəkar fəaliyyəti və statusu yenidən qiymətləndirilməlidir. Bu müddəa Ali Məhkəmənin, apellyasiya və birinci instansiya məhkəmələrinin, eləcə də ixtisaslaşmış məhkəmələrin hakimlə­rinə şamil olunur. 

Vettingi Milli Assambleya deputatları­nın ümumi sayının səs çoxluğu ilə seçilən 5 nəfərlik komissiyanın həyata keçirməsi nəzərdə tutulur. Komissiyanın 2 üzvünü prezident, 2 üzvünü İnsan Hüquqları üzrə Müvəkkil, 1 üzvünü isə hökumət irəli sürəcək. Layihədə komissiyanın hakim­lərin davranışı ilə bağlı rəylərindən məh­kəməyə şikayət verilməsinin mümkün olmayacağı da göstərilir. Yoxlama bitənə­dək hakimlər müvəqqəti icraçı statusunda qalacaqlar. 

Hüquq müdafiəçisi Zaruhi Postancyan bu müddəaların hakimlərin dəyişilməzli­yi prinsipinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə təhlükə yarada biləcəyini bildirib. Onun fikrincə, komissiyanın for­malaşdırılmasında parlament çoxluğunun həlledici rolu siyasi təsir ehtimalı yaradır, qərarlardan məhkəməyə şikayət imkanının olmaması isə hüquqi təminatlarla bağlı su­allar doğurur. 

Hüquq siyasətin girovuna çevriləndə 

Ermənistanda son hadisələrə nəzər saldıqda aydın görünür ki, məhkəmə sistemi ölkənin siyasi mübarizəsindən kənarda qalmır. S.Karapetyanın işi ət­rafında səsləndirilən bəyanatlar, Paşin­yanla ayrı-ayrı siyasətçilər arasındakı iddialar və yeni konstitusiya layihəsinin müzakirəsi bu sahənin ictimai-siyasi gün­dəmdəki çəkisini daha da artırır. Ancaq burada mühüm bir məqamı nəzərdən qaçırmaq olmaz: məhkəmə prosesinin mövcudluğu özlüyündə siyasi təqibin sübutu deyil. Müxalifət düşərgəsinin davranışında diqqətçəkən cəhət odur ki, ayrı-ayrı hüquqi mübahisələr çox zaman dərhal ümumi siyasi qarşıdurmanın tərkib hissəsi kimi təqdim edilir. Karapetyanın vəkillərinin şahid ifadələrinə əsaslanan mövqeyi ilə onun tərəfdarlarının siyasi təqib barədə bəyanatlarını eyniləşdirmək olmaz. Birincisi hüquqi müdafiə arqu­mentidir, ikincisi isə siyasi qiymətləndir­mədir. Bunların hər ikisi dinlənilə bilər, lakin heç biri məhkəmənin yekun qərarını əvəz etmir. 

Yeni konstitusiya layihəsi ilə bağlı mü­zakirələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hakimlərin peşəkar fəaliyyətinin yoxlanılması məhkəmə sistemində şəffaf­lıq və məsuliyyətin artırılması məqsədinə xidmət edə bilər. Bununla belə, prosedu­run müstəqilliyi, obyektivliyi və qərarlar­dan şikayət imkanları ilə bağlı sualların cavablandırılması vacibdir. Məhkəmə ha­kimiyyətinin müstəqilliyi hər hansı siyasi qüvvənin deyil, bütövlükdə dövlətin və cəmiyyətin marağındadır. Ölkənin qarşı­sında sülh gündəliyinin möhkəmləndiril­məsi, regional münasibətlərin normallaş­dırılması və daxili sabitliyin qorunması kimi mühüm vəzifələr dayanır. Belə bir şəraitdə müxalif siyasi qüvvələrin şəxsi və partiya maraqlarını dövlətin gələcəyin­dən üstün tutması, məhkəmə proseslərini hakimiyyətə qarşı ümumi kampaniyanın alətinə çevirməsi cəmiyyət üçün faydalı deyil. Müxalifətin qarşısında duran əsas məsələ məhkəmə proseslərindən siyasi şüarlar yaratmaq deyil, cəmiyyətə əsas­landırılmış proqram və real siyasi alterna­tiv təqdim etmək olmalıdır. 

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью