Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gevorkyanın təcridxanada ölümü müxalifətin hakimiyyət üzərinə hücuma keçməsinə səbəb olub
Ermənistanda əsas müxalifət partiyası olan “Güclü Ermənistan”ın Lori vilayətinin Stepanavan şəhərinin meri vəzifəsinə namizədi Arsen Gevorkyanın istintaq təcridxanasında ölməsi ölkənin siyasi gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
Həbsxanada ölüm
A.Gevorkyanın adı 2026-cı il oktyabrın 21-də Stepanavanda keçirilən əməliyyat tədbirləri zamanı gündəmə gəlib. Həmin gün hüquq-mühafizə orqanları yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində şəhərdə kütləvi axtarışlar aparıb, “Güclü Ermənistan”ın bir sıra tərəfdarları saxlanılıb. Gevorkyan seçicilərin satın alınmasında şübhəli bilinərək saxlanılanlar arasında olub. Stepanavanda bu iş üzrə 24 nəfərin saxlanıldığı, onların arasında mer vəzifəsinə namizəd olan 4 şəxsin də olduğu bildirilib. Gevorkyan qrup halında seçicilərə rüşvət verməkdə və bu prosesə yardım etməkdə şübhəli bilinib. Oktyabrın 22-də ölkənin Antikorrupsiya Məhkəməsi Gevorkyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Gevorkyanın ölümü barədə məlumat noyabrın 10-da yayılıb. Ermənistan Penitensiar Xidmətinin açıqlamasına görə, 1980-ci il təvəllüdlü məhbusun səhhəti səhər tezdən qəfil pisləşib. Əvvəlcə növbətçi feldşer çağırılıb, daha sonra təcili tibbi yardım briqadası dəvət edilib. Həkimlər onun bioloji ölümünü qeydə alıblar. Penitensiar Xidmət Gevorkyanın müəssisədə saxlanıldığı müddətdə səhhəti ilə bağlı şikayət etmədiyini bildirib.
Ermənistanın ədliyyə naziri Srbui Qalyan da noyabrın 10-da jurnalistlərə açıqlamasında Gevorkyanın həbsdə olduğu müddətdə sağlamlığı ilə bağlı problem qaldırmadığını və səhhətinin pisləşməsi barədə əvvəlcədən məlumat qeydə alınmadığını deyib. Dünən Ermənistan İstintaq Komitəsi Gevorkyanın ölümü faktı üzrə cinayət işi başladıldığını və məhkəmə-tibbi ekspertizasının təyin edildiyini açıqlayıb. İnsan Hüquqları üzrə Müvəkkil Anait Manasyanın ofisi də araşdırmaya başlayıb.
Müxaliflər fərqli mövqedə
Hadisəyə münasibət bildirən hakim “Mülki müqavilə” partiyasının deputatı Sisak Qabrielyan infarktın qarşısını almağın mümkün olub-olmaması barədə yekun sözün mütəxəssislərə məxsus olduğunu deyib. Deputatın sözlərinə görə, Ermənistanda son 3 ilin göstəricilərinə əsasən, hər il, təxminən, 1200-1400 nəfər infarktdan vəfat edir. Bu isə gündə orta hesabla 3-4 ölüm deməkdir. Qabrielyan son 10 ilin göstəricilərinə istinadən penitensiar müəssisələrdə də belə halların qeydə alındığını, bu müddətdə, təxminən, 10-20 ölüm hadisəsinin baş verdiyini söyləyib.
Müxalifət isə Gevorkyanın ölümünü hakimiyyətin siyasi təqibləri ilə əlaqələndirib. “Güclü Ermənistan” məsuliyyəti onun “həbsini sifariş edən şəxsin” üzərinə qoyub. Partiyanın hazırda istintaq təcridxanasında saxlanılan lideri Samvel Karapetyan hadisənin hərtərəfli, müstəqil və qərəzsiz araşdırılmasını, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan Gevorkyanın dövlətin tam nəzarəti altında vəfat etdiyini bildirərək, onun həyat və sağlamlığına görə bütün məsuliyyətin dövlətin üzərinə düşdüyünü iddia edib. “Güclü Ermənistan”ın deputatı Marianna Kaqramanyan dünən Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qarşısında keçirilən etiraz aksiyasında çıxış edərək, Gevorkyanın ölümünə görə N.Paşinyanı, ədliyyə naziri Srbui Qalyanı və digər dövlət qurumlarının rəhbərlərini məsul tutub. O, Avropa qurumlarını hadisəyə münasibət bildirməyə çağırıb. Beynəlxalq hüquqşünas Robert Amsterdam da ölümün beynəlxalq səviyyədə araşdırılmasını tələb edib.
Hadisə ilə siyasi alver
A.Gevorkyanın ölümü, ilk növbədə, diqqətlə araşdırılmalı və hüquqi qiymət verilməsini tələb edən hadisədir. Lakin bu hadisənin ətrafında yaranan siyasi müzakirələrdə bir məqamı unutmamaq lazımdır: ölümün baş verməsi ilə onun səbəbinin müəyyənləşdirilməsi ayrı-ayrı məsələlərdir. İstintaq təcridxanasında saxlanılan şəxsin infarktdan vəfat etməsi avtomatik olaraq onun ölümünə dövlətin və ya konkret vəzifəli şəxsin səbəb olduğu anlamına gəlmir.
İnfarkt yalnız həbsxanalarda baş vermir. İnsan gündəlik həyatında, iş yerində, evində, küçədə, hətta heç bir ciddi sağlamlıq şikayəti olmadığı halda da ürək tutmasından dünyasını dəyişə bilər. Bu, tibbi baxımdan məlum faktdır. Sisak Qabrielyanın açıqladığı statistik rəqəmlər də Ermənistanda infarktın təkcə penitensiar sistemə aid olmayan, geniş yayılmış ölüm səbəblərindən biri olduğunu göstərir. Deputatın bildirdiyinə görə, ölkədə hər gün orta hesabla 3-4 nəfər bu səbəbdən həyatını itirir. Deməli, Gevorkyanın ölümünü yalnız onun həbsdə olması ilə izah etmək və başqa ehtimalları araşdırmadan siyasi nəticə çıxarmaq düzgün yanaşma deyil.
Bununla belə, dövlətin məsuliyyəti məsələsini də kənara qoymaq olmaz. Həbsdə olan şəxs öz sağlamlığına və təhlükəsizliyinə tam şəkildə müstəqil nəzarət etmək imkanından məhrumdur. Buna görə də onun həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir. Məhz bu səbəbdən Ermənistan İstintaq Komitəsinin cinayət işi başlaması, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi, Ombudsman Aparatının araşdırmaya qoşulması vacib addımlardır. İndi əsas məsələ ölümün səbəbinin, tibbi yardımın göstərilməsi ardıcıllığının və təcili tibbi xidmətin vaxtında təşkil olunub-olunmadığının obyektiv şəkildə müəyyənləşdirilməsidir.
Müxalifətin davranışında isə diqqətçəkən məqam hadisənin dərhal siyasi qarşıdurmanın predmetinə çevrilməsidir. Gevorkyanın ölümündən sonra “Güclü Ermənistan” partiyası məsuliyyəti “onun həbsini sifariş edən şəxsin” üzərinə qoyub, “Ermənistan” fraksiyası isə araşdırmanın nəticələrini gözləmədən Paşinyan hakimiyyətini konkret təqsirkar elan edib. M.Kaqramanyanın Aİ nümayəndəliyi qarşısında səsləndirdiyi ittihamlar da hadisənin beynəlxalq siyasi müstəviyə çıxarılmasına hesablanıb.
Burada mühüm bir sual yaranır: əgər ölümün səbəbi hələ ekspertiza ilə təsdiqlənməyibsə, konkret şəxslərin günahkar elan edilməsi hansı əsaslara söykənir? Müxalifət həbs qərarını siyasi təqib kimi qiymətləndirə, istintaqın gedişini tənqid edə və dövlətin məsuliyyətini gündəmə gətirə bilər. Bunlar siyasi mübarizənin və ictimai nəzarətin tərkib hissəsidir. Ancaq tibbi nəticələr açıqlanmadan ölümün birbaşa siyasi sifarişin nəticəsi kimi təqdim edilməsi başqa məsələdir. Belə yanaşma hadisənin obyektiv araşdırılmasına kömək etmək əvəzinə, erməni cəmiyyətində gərginliyi artırır.
Üstəlik, Gevorkyanın həbsi ilə bağlı ayrıca hüquqi prosesin mövcudluğu da unudulmamalıdır. O, seçicilərin satın alınması işi üzrə şübhəli bilinərək saxlanılmış, Antikorrupsiya Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı görüntülər və iş üzrə saxlanılan şəxslərin sayı bu prosesin araşdırılmalı faktlarıdır. Müxalifət ittihamları siyasi motivli və əsassız hesab edə bilər, lakin bunu təsdiqləyən və ya təkzib edən məqamlar da hüquqi araşdırmanın predmetidir. Həbs qərarının mübahisələndirilməsi ilə ölümün səbəbinin müəyyənləşdirilməsi bir-birinə qarışdırılmamalıdır.
* * *
Belə görünür ki, Ermənistan müxalifəti Gevorkyanın ölümünü Paşinyan hakimiyyətinə qarşı daha geniş ittiham kampaniyasının tərkib hissəsinə çevirmək niyyətindədir. Halbuki bu hadisədə siyasi mövqedən asılı olmayaraq, onların marağı bir olmalıdır: ölümün səbəbi tam aydınlaşdırılsın, tibbi yardımın göstərilməsi ilə bağlı bütün suallara cavab verilsin və əgər hər hansı səhlənkarlıq və ya qanun pozuntusu aşkarlanarsa, məsul şəxslər cəzalandırılsın. İnsan həyatının siyasi mübarizə vasitəsinə çevrilməsi isə nə mərhumun xatirəsinə hörmətdir, nə də cəmiyyətin maraqlarına xidmət edir. Gevorkyanın ölümü ilə bağlı həqiqəti siyasi bəyanatlar deyil, obyektiv istintaq və tibbi ekspertiza müəyyən etməlidir.
Səxavət HƏMİD
XQ