Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
İnsan ömrünün həqiqi ölçüsü yaşadığı illərlə deyil, arxasında qoyduğu izlə müəyyən olunur. Elə insanlar var ki, onların adı çəkiləndə təkcə bir şəxsiyyət deyil, bütöv bir dövr, bir mühit, bir mənəviyyat dünyası yada düşür. Onlar yaşadıqları zamanla məhdudlaşmır, əməlləri, xarakterləri və insanlara verdikləri dəyərlə yaddaşlarda yaşayırlar.
Flora Əhmədova belə şəxsiyyətlərdən biri idi. Bəzən insanı hansısa şəxsiyyət haqqında yazmağa sövq edən yalnız onun həyat yolu olmur. Bəzən həmin insanın xarakteri, həyatdakı mövqeyi, mənəvi dünyası səni özünə çəkir. Flora xanım haqqında yazmaq istəyim də belə yarandı. Əfsuslar ki, onu sağlığında tanımaq imkanım olmayıb. Lakin haqqında eşitdiklərim, onu tanıyan insanların xatirələri bu böyük Azərbaycan xanımına qarşı məndə dərin ehtiram hissi yaratdı.
Bu yazı uzun illər Azərbaycan hüquq sistemində çalışan, Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət heyətinə rəhbərlik edən Flora Əhmədovanın xatirəsinə həsr olunur. Lakin bu, yalnız tanınmış hüquqşünasın həyat hekayəsi deyil. Bu, həm də İrəvandan başlayan, köçkünlük ağrısını yaşayan, sınaqlardan keçərək möhkəmlənən bir ömrün hekayəsidir.
Flora Əhmədova 1934-cü ildə İrəvanda, ziyalı ailəsində dünyaya göz açmışdı. Atası Cəfər Əhmədov dövrünün tanınmış mədəniyyət və ictimai xadimlərindən biri idi. O, Qərbi Azərbaycanın müxtəlif rayonlarında rəhbər vəzifələrdə çalışmış, İrəvan Azərbaycan Dram Teatrının inkişafında mühüm xidmətlər göstərmişdi.
Flora xanım belə bir mənəvi mühitdə böyümüşdü. Onun uşaqlıq illəri teatr, sənət və ziyalı insanlarla zəngin bir atmosferdə keçmişdi. Evdə Azərbaycan mədəniyyətindən, ədəbiyyatdan, sənətdən danışılırdı. Bu mühit onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdi.
Lakin bu ailənin də taleyindən ayrılıq ağrısı yan keçmədi. 1949-cu ildə Əhmədovlar ailəsi digər minlərlə azərbaycanlı ailəsi kimi İrəvandan köçmək məcburiyyətində qaldı. Bu köç Flora xanımın həyatında silinməz iz buraxdı. O, sonralar böyük uğurlar qazansa da, doğma İrəvan sevgisini, uşaqlıq xatirələrini heç vaxt unutmadı.
Bakıda təhsilini davam etdirən Flora xanım əvvəlcə musiqiyə böyük maraq göstərdi. Gözəl səsi, sənətə sevgisi onu Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. Lakin sonralar həyat yolunu dəyişərək hüquq sahəsini seçdi. Bu seçim təsadüfi deyildi. Çünki Flora xanım üçün hüquq sadəcə peşə deyil, ədalətə xidmət yolu idi.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Flora Əhmədova əmək fəaliyyətinə ekspert-kriminalist kimi başladı. Sonrakı illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışdı, hüquq sistemində böyük təcrübə qazandı və uzun illər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət heyətinin sədri oldu.
Flora xanımın peşəkar fəaliyyətinin əsas prinsipi dəyişməz idi: qanunun aliliyi.
Onu tanıyanlar yaxşı bilirdilər ki, gündəlik həyatda sadə, səmimi və qayğıkeş insan olan Flora xanım xidməti məsələlərdə son dərəcə prinsipial idi. Məhz bu xüsusiyyətinə görə onu "Dəmir Ledi" adlandırırdılar. Lakin bu ad onun sərtliyindən çox, iradəsini, möhkəmliyini və əqidəsinə sədaqətini ifadə edirdi.
Flora xanım üçün hakim və hüquqşünas olmaq yalnız qanunları bilmək deyildi. Bu, hər qərarın arxasında insan taleyi dayandığını anlamaq, ədaləti qorumaq məsuliyyəti idi. O, gənc hüquqşünaslara daima peşəkarlığı, prinsipiallığı və vicdanlı olmağı tövsiyə edirdi.
Dövlətçilik mövqeyi, hüquqa bağlılığı və yüksək peşəkarlığı Flora xanıma böyük nüfuz qazandırmışdı. O, ölkənin hüquq sistemində mühüm dəyişikliklərin həyata keçirildiyi dövrdə öz təcrübəsi və biliyi ilə bu proseslərə töhfə verən mütəxəssislərdən biri idi.
Onu yaxından tanıyan çox adam bilirdi ki, "Dəmir Ledi" adının arxasında həssas, kövrək bir insan durur. Onun ən ağrılı yeri İrəvan, bu şəhərlə bağlı acılı- şirinli xatirələri idi. Doğma şəhərinin həsrətini ömrünün sonunadək ürəyində yaşatdı Flora xanım.
Onun sevdiyi "Ayrılıq" mahnısını özünəməxsus duyğu ilə ifa etməsi də təsadüfi deyildi. Bu, bir insanın şəxsi kədəri deyil, bir nəslin yaddaşından gələn nisgil idi.
Bu məqam mənə doğmadır. Flora xanımın İrəvan həsrəti məndə anamın — əməkdar jurnalist Svetlana Nəcəfovanın doğma yurda bağlılıqla danışdığı xatirələri canlandırır. İllər keçsə də, insanın doğulduğu torpağa sevgisi, itirdiyi yerlərə həsrəti qəlbin ən dərin qatlarında yaşayır.
Flora xanım həm də gözəl ailə sahibi idi. Sənətə sevgisi ailəsində də özünü göstərirdi. Həyat yoldaşı tanınmış vokalist Nadir Kərimov idi. Övladları da musiqi yolunu seçərək bu mənəvi irsi davam etdirdilər. Dilarə xanım Musiqi Akademiyasında konsertmeyster kimi fəaliyyət göstərir, Ellarə xanım isə Ankarada TRT-də baş dirijor vəzifəsində çalışır, Azərbaycanın xalq artistidir.
Flora Əhmədovanı tanıyanların xatirələrində o, yalnız yüksək vəzifəli hüquqşünas kimi deyil, həm də mehriban, sadə, insanlara yaxın bir şəxsiyyət kimi yaşayır. O, həm dövlət qarşısında məsuliyyətini dərk edən peşəkar, həm də ailəsinə bağlı, kövrək qəlbli bir Azərbaycan qadını idi.
Deyirlər, həyatda hər şey ötəridir. Qalan əməllər və xoş addır. Flora xanım haqqında topladığım məlumatlar, onu tanıyan insanların xatirələri mənə əminliklə deməyə əsas verir ki, o, məhz əməlləri ilə yadda qalan insanlardandır. Mənim üçün təəssüf doğuran yalnız bir məqam var: çox heyif ki, Flora xanımı sağlığında tanımaq mənə qismət olmayıb. Amma onun haqqında eşitdiklərim bu böyük Azərbaycan xanımına ehtiram duymaq üçün kifayətdir.
Ürəyimdən keçən bir fikri dilə gətirmək istəyirəm: Nə yaxşı ki, yurdumun, doğma İrəvanımın belə dəyərli xanımları olub.
Fəridə Səfiyeva
professor