İrəvanın Avropa planı: Rusiya hansı addımı atacaq?

04.11.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu gücləndirməsi Moskva ilə İrəvan arasında münasibətləri yeni sınaq qarşısında qoya bilər. Baş nazir Nikol Paşinyan Ermənistanın gələcəkdə Avropa İttifaqına tamhüquqlu üzv olması ilə Avrasiya İqtisadi İttifaqında mövcud şərtlərlə iştirakını eyni vaxtda davam etdirməyin mümkün olmayacağını bildirib. Bu açıqlama İrəvanın qarşıdakı dövrdə geosiyasi seçim etməli olacağını göstərir. 

Bəs Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, Rusiya hansı addımlara əl ata bilər? Moskva iqtisadi, siyasi və enerji rıçaqlarından istifadə etməklə Paşinyan hökumətinə təzyiq göstərə bilərmi? Bu prosesin Ermənistanın daxili siyasi vəziyyətinə və Paşinyanın hakimiyyətinə necə təsir etməsi mümkündür?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Aydın Tağıyev bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi İttifaqında eyni vaxtda qalmağın mümkün olmadığını bəyan etməsi ölkənin geosiyasi kursunda ciddi dönüşün anonsu kimi qiymətləndirilməlidir:

"Görünən odur ki, bu açıqlama faktiki İrəvanın gələcəkdə Avrasiya İqtisadi İttifaqından çıxmaq ehtimalını gündəmə gətirir və Ermənistanı strateji seçim qarşısında qoyur. Qeyd edim ki, Avropa İttifaqına inteqrasiya ilə Avrasiya İqtisadi İttifaqında iştirak bir-biri ilə uzlaşmayan modellərdir. Bunu Ermənistan tərfi çox gözəl bilir. Səbəb odur ki, hər iki qurum fərqli gömrük sistemi, ticarət siyasəti, texniki standartlar və iqtisadi inteqrasiya mexanizmləri üzərində qurulub. Bu səbəbdən Ermənistan gec-tez hansı istiqaməti üstün tutacağına dair qərar verməli olacaq. Hələ ki, bu haqda dəqiq nəsə söyləmək mümükn deyil. Digər tərəfdən, Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılmasını sadəcə iqtisadi addım kimi deyil, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsi və geosiyasi mövqelərinə yönələn strateji çağırış kimi qiymətləndirə bilər. Xüsusilə, Ukrayna müharibəsindən sonra Kremlin postsovet məkanında nüfuzunun qorunmasına daha həssas yanaşdığı nəzərə alınsa, Ermənistanın belə bir qərarı Rusiyanın sərt reaksiyası ilə qarşılaşacaq. Rusiyanın ilk reaksiyalarından biri iqtisadi təzyiq mexanizmlərinin işə salınması ola bilər. Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olan rəsmi Moskva müxtəlif ticarət məhdudiyyətləri tətbiq etməklə, gömrük prosedurlarını sərtləşdirməklə və logistika imkanlarını məhdudlaşdırmaqla Ermənistan məhsullarının Rusiya bazarına çıxışını çətinləşdirəcək. Nəticə etibarı ilə bu, Ermənistan iqtisadiyyatında müəyyən problemlər yarada və xarici ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər. Üstəlik, enerji mövzusu mühüm məslədir. Çünki enerji məsələsi də Moskvanın əlində mühüm təsir alətlərindən biri olaraq qalır. Ermənistanın enerji sektorunda Rusiyadan asılılığı hələ də yüksək olduğundan, qaz qiymətlərinin artırılması, enerji sahəsində mövcud güzəştlərin azaldılması və bu istiqamətdə daha sərt siyasətin tətbiqi İrəvana əlavə təzyiq vasitəsinə çevrilə bilər".


Politoloqun sözlərinə görə, bununla yanaşı Rusiya Ermənistanda mövcud olan siyasi və informasiya resurslarından da istifadə etməyə çalışacaq:

"Moskva Paşinyan hökumətinin əleyhinə olan qüvvələrlə əlaqələri gücləndirmək, ictimai rəydə narazılıq yaratmaq və hakimiyyətə daxili təzyiqləri artırmaq istiqamətində addımlar ata bilər. Məqsəd Ermənistan rəhbərliyinin qərarlarını dəyişməyə və ya onun manevr imkanlarını məhdudlaşdırmağa nail olmaqdır. Təhlükəsizlik sahəsi isə ən həssas istiqamət hesab olunur. Uzun illər Ermənistanın təhlükəsizlik siyasətinin əsas dayaqlarından biri Rusiya olub. Lakin son illərdə “KTMT” çərçivəsində yaşanan fikir ayrılıqları və tərəflər arasında etimad böhranı münasibətləri xeyli zəiflədib. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından da uzaqlaşarsa, Moskva hərbi əməkdaşlığı məhdudlaşdıra, hərbi-texniki dəstəyi azalda və regional məsələlərdə İrəvana əvvəlki səviyyədə siyasi dəstək verməyə bilər. Burda digər ciddi bir addım Rusiyanın miqrasiya faktorundan da istifadə edə bilməsidir. Rusiyada çalışan yüz minlərlə erməninin mövcudluğu Moskva üçün əlavə təsir vasitəsi hesab olunur. Miqrasiya qaydalarının sərtləşdirilməsi və əmək fəaliyyəti ilə bağlı prosedurların çətinləşdirilməsi Ermənistanın sosial-iqtisadi vəziyyətinə təsir göstərər. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ehtimalına gəlincə, bu nəzəri baxımdan mümkün olsa da, əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Fikrimcə, Paşinyan seçki yolu ilə legitim mandat əldə edib və Ermənistan cəmiyyətində Rusiyaya münasibət əvvəlki illərlə müqayisədə dəyişib, Qərb ölkələri regiondakı prosesləri diqqətlə izləyir və Moskvanın əsas geosiyasi diqqəti hazırda digər istiqamətlərə yönəlib. Buna görə də Kremlin əsas məqsədi birbaşa hakimiyyət dəyişikliyindən daha çox Ermənistan rəhbərliyi üzərində təsir imkanlarını qorumaq və Paşinyanın siyasi manevr sahəsini daraltmaq ola bilər. Nəticə etibarilə, Paşinyanın son bəyanatı Ermənistanın xarici siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Əgər İrəvan həqiqətən Avropa İttifaqına inteqrasiya kursunu prioritet seçərək Avrasiya İqtisadi İttifaqından ayrılmaq qərarı versə, bu addım Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik mərhələsi yaradacaq. Belə bir şəraitdə Ermənistan artıq balans siyasətindən daha çox, geosiyasi seçim zərurəti ilə üz-üzə qalan dövlətə çevriləcək".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью