Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Kiselyov Ermənistanın “müstəqilliyini itirmək” təhlükəsinə diqqət çəkir
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşmaq siyasətini sərt tənqid edib. O, İrəvanın Qərblə münasibətləri genişləndirmək xəttinin ölkənin müstəqilliyini itirmək təhlükəsi yarada biləcəyini, Ermənistanın Ukraynanın taleyini təkrarlamaq riski ilə üzləşdiyini iddia edib. Kiselyov bu fikirləri özünün “Telegram” kanalında və “Max” sosial şəbəkəsində yayımlanan videomüraciətində səsləndirib.
Jurnalistin açıqlamasına Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 3-də Brüsseldə Aİ-yə üzvlüklə bağlı səsləndirdiyi fikirlər səbəb olub. “Euronews” telekanalının təşkil etdiyi Aİ-nin genişlənmə sammitində çıxış edən Paşinyan ölkəsinin 2027-ci və ya 2028-ci ildə Aİ-yə tamhüquqlu üzvlük üçün müraciət edə biləcəyini bildirib. Kiselyovun fikrincə, Qərb Şərqi Avropada sovet qoşunlarının çıxarılmasından sonra əvvəlki vədlərinə baxmayaraq, regionda mövqelərini genişləndirib və vaxtilə Moskva ilə müttəfiq olmuş dövlətləri Rusiyaya qarşı mövqeyə gətirib. Onun iddiasına görə, indi eyni ssenari Ermənistanla bağlı həyata keçirilir. “Ermənistanı da Rusiyaya qarşı ölkəyə çevirmək istəyirlər. Ermənistanın öz taleyi heç kimi maraqlandırmır. Hamını Rusiya və Çinlə qarşıdurma, geosiyasi tarazlıqlar və maraqlar düşündürür”, – deyə media rəhbəri bildirib. O, Rusiyanın iştirakı olmadan Ermənistanın geosiyasi baxımdan “əhəmiyyətsiz kəmiyyət” olduğunu söyləyib və ölkəni qlobus üzərində “gözə görünməyən sancaq başı” ilə müqayisə edib.
Bu fikirlər Rusiyada Ermənistanın Aİ-yə yaxınlaşmasına münasibətdə son dövrlərdə müşahidə olunan narazılıqların növbəti ifadəsidir.
Paşinyanın Avropa planları
Burada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, İrəvanın Aİ ilə münasibətləri genişləndirmək siyasəti son günlərin və ya sonuncu sammitin nəticəsi deyil. 2025-ci ilin martında Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu qəbul etməsi bu istiqamətdə mühüm siyasi addım idi. Sənəd ölkənin avtomatik olaraq Aİ-yə üzvlüyünü təmin etməsə də, hökumətin strateji istiqamətini nümayiş etdirirdi. 2025-ci ildə Ermənistanla Aİ arasında tərəfdaşlığın strateji gündəliyi üzrə yeni çərçivənin müəyyənləşdirilməsi də əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli oldu.
İqtisadi sahədə isə Aİ-nin 2024–2027-ci illər üçün nəzərdə tutduğu Dayanıqlılıq və İnkişaf Planı diqqət çəkir. Bu çərçivədə Ermənistana 270 milyon avro qrant ayrılması və 2,6 milyard avroyadək sərmayənin səfərbər edilməsi nəzərdə tutulub. Burada bir məqamı da nəzərə almaq lazımdır: 2,6 milyard avro birbaşa büdcə yardımı deyil, müxtəlif investisiya layihələri vasitəsilə cəlb edilməsi planlaşdırılan vəsaitdir. Təhlükəsizlik sahəsində də yaxınlaşma müşahidə olunur. Avropa Sülh Fondu çərçivəsində Ermənistana 30 milyon avro həcmində dəstək ayrılması barədə qərar qəbul edilib. Bu addım İrəvanın Avropa ilə əməkdaşlığının artıq yalnız iqtisadi və siyasi islahatlarla məhdudlaşmadığını göstərir.
Oktyabrın 27-də Paşinyanın Aİ-nin genişlənmə üzrə komissarı ilə İrəvanda keçirdiyi görüş bu prosesin davamı idi. Tərəflər Ermənistan-Aİ münasibətlərinin inkişafını, Avropa inteqrasiyasını və əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər. Noyabrın 3-də Brüsseldə keçirilən sammit isə həmin siyasi təmasların daha yüksək səviyyədə davamı kimi diqqət çəkdi.
Moskvanın narahatlığı
Ermənistanın Aİ-yə yaxınlaşması Moskvanı, ilk növbədə, iqtisadi və geosiyasi səbəblərdən düşündürür. Çünki söhbət yalnız xarici siyasət istiqamətinin dəyişməsindən getmir. Ermənistan, eyni zamanda, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və Rusiya bu ölkənin əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşündə Ermənistanın Aİ-yə üzvlük prosesinə başlaması barədə qanunun qəbulunun Aİİ-də iştirak məsələsini gündəmə gətirdiyini bildirmişdi. Ölkənin xarici işlər naziri Sergey Lavrov da sentyabrın 16-da Ermənistanın Aİ-yə üzvlük perspektivlərinə münasibət bildirmişdi. O, quruma üzvlük üçün uzun müddətdir gözləyən namizəd ölkələrin mövcudluğunu xatırladaraq, Ermənistanın yaxın zamanda bu istiqamətdə nəticə əldə etməsinin real olmadığını söyləmişdi. Lavrov hətta Aİ-nin İrəvanı bu məsələdə aldada biləcəyini iddia etmişdi.
Bu fikirlər göstərir ki, Moskvanın narahatlığı yalnız Ermənistanın siyasi bəyanatları ilə bağlı deyil. Rusiya üçün əsas məsələ İrəvanın Avropa istiqamətində atdığı addımların Aİİ-dəki üzvlüyünə və iki ölkə arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcəyidir.
Seçim İrəvanındır
Bütün bu müzakirələrin fonunda bir mühüm məqamı unutmaq olmaz. Bu da ondan ibarətdir ki, Ermənistan müstəqil və suveren dövlətdir. Onun hansı beynəlxalq təşkilatda təmsil olunması, hansı iqtisadi və siyasi tərəfdaşlarla əməkdaşlıq etməsi barədə qərar vermək hüququ var. İrəvan Aİİ-də qalmağı, Aİ-yə üzvlük istiqamətində irəliləməyi, yaxud gələcəkdə bu strukturlardan hər hansı birindən kənarda qalmağı seçə bilər. Bu seçim Ermənistanın öz vətəndaşlarının iradəsi və milli maraqları əsasında müəyyənləşdirilməlidir. Eyni zamanda, belə qərarların iqtisadi və siyasi nəticələrini nəzərə almaq da vacibdir. Aİ-yə inteqrasiya Ermənistan üçün yeni bazarlara çıxış, investisiyalar, institusional islahatlar və viza rejiminin liberallaşdırılması baxımından imkanlar yarada bilər. Lakin bu prosesin nə qədər davam edəcəyi, Brüsselin İrəvanın üzvlük perspektivinə hansı şərtlərlə yanaşacağı və yekun nəticənin nə olacağı hələ məlum deyil. Digər tərəfdən, Rusiya ilə iqtisadi əlaqələrin miqyası, ticarət dövriyyəsi, enerji təminatı və Aİİ çərçivəsində əldə edilmiş imkanlar da Ermənistan üçün ciddi əhəmiyyət daşıyır. Bu əlaqələrin hansı formada davam etdiriləcəyi isə İrəvanın qarşıdakı qərarlarından asılı olacaq.
Kiselyovun Ermənistanın Rusiyasız geosiyasi əhəmiyyət daşımadığı barədə fikri isə ayrıca müzakirəyə ehtiyac yaradır. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin siyasi çəkisi yalnız ərazisi, əhalisi və hərbi imkanları ilə ölçülmür. Coğrafi mövqe, regional əlaqələr, iqtisadi potensial və siyasi iradə də mühüm rol oynayır. Kiçik dövlətlərin belə öz maraqlarını müdafiə etmək və beynəlxalq münasibətlərdə müstəqil mövqe tutmaq imkanları var.
Əlbəttə, Ermənistanın qarşısında duran seçim asan deyil. Aİ-yə yaxınlaşmaq Moskva ilə münasibətlərdə yeni suallar yaradır, Aİİ-də qalmaq isə Avropa inteqrasiyasının müəyyən istiqamətlərini məhdudlaşdıra bilər. Paşinyan hökumətinin əsas vəzifəsi bu ziddiyyətləri siyasi şüarlarla deyil, konkret iqtisadi hesablamalar və milli maraqlar əsasında həll etməkdir. Ermənistanın Avropaya inteqrasiya niyyəti nə Rusiyaya qarşı yönəlmiş addım kimi avtomatik qiymətləndirilməli, nə də Moskvanın narahatlıqları əsassız sayılmalıdır. Hər 2 tərəfin öz maraqları var. Ancaq bu maraqların toqquşması Ermənistanın suveren seçim hüququnu arxa plana keçirməməlidir. İrəvanın hansı yolu seçəcəyinə isə nə Moskva, nə Brüssel, nə də kənardakı başqa siyasi mərkəzlər deyil, ilk növbədə, Ermənistanın özü qərar verməlidir.
Səxavət HƏMİD
XQ