İrəvanın Avropa sevgisi və Moskvanın hikkəsi

08.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursu yalnız İrəvanla Brüssel arasındakı münasibətlər məsələsi deyil. Bu istiqamət Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyi, ölkənin Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) statusu və Cənubi Qafqazda formalaşan yeni geosiyasi balansla bağlı suallar doğurur.

Sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş məhz bu baxımdan diqqət çəkdi. Tərəflər Ermənistanın Avropa və Avrasiya istiqamətini, o cümlədən Aİyə mümkün üzvlüyünü müzakirə ediblər. Görüşdən sonra Kremlin açıqlamalarında İrəvanın strateji istiqamətini müəyyənləşdirməsinin Moskva üçün əhəmiyyət daşıdığı vurğulanıb.

Bu fonda Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, LDPR lideri Leonid Slutskinin açıqlaması xüsusi əhəmiyyət qazanır. O, Paşinyanın siyasətini Ukraynanın Avropaya inteqrasiya kursu ilə müqayisə edərək Ermənistanın “Ukrayna cığırına” qədəm basdığını bildirib. Slutskinin fikrincə, İrəvan hüquqi təminatlar olmadan Avropaya inteqrasiya yolunu seçir.

Bəyanatın əhəmiyyəti təkcə sərt ritorikada deyil. Onun Putin-Paşinyan görüşündən sonra səslənməsi bu mövqenin Moskvada Ermənistanın strateji seçimi ilə bağlı artan narahatlığın nəticəsidir. Ermənistan son illər Rusiya ilə mövcud əlaqələri tamamilə qoparmadan Avropa strukturlarına yaxınlaşmağa çalışır. İrəvan həm də Aİ ilə münasibətlərin inkişafını suveren seçim kimi təqdim edir, bunun Rusiyaya qarşı yönəlmədiyini bildirir. Moskvanın yanaşmasında isə məsələ getdikcə daha konkret xarakter alır: Ermənistan həm Avropa, həm də Avrasiya istiqamətini paralel şəkildə nə qədər davam etdirə bilər?

Slutskinin “iki stulda oturmaq mümkün olmayacaq” fikri də bu yanaşmanın göstəricisidir. Onun təqdim etdiyi modelə görə, Ermənistan ya Aİİ çərçivəsində mövcud iqtisadi və ticarət üstünlüklərini qorumalı, ya da Aİ-yə doğru uzun və qeyri-müəyyən yola çıxmalıdır. Bunlar ilk baxışdan belədir, amma reallıq daha mürəkkəbdir.

Aİİ Ermənistan üçün yalnız siyasi platforma deyil. Rusiya bu ölkənin əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət, enerji, nəqliyyat və investisiya əlaqələri səbəbindən Avropa istiqamətində atılacaq ciddi addımların iqtisadi nəticələri ağır olacaq. Eyni zamanda, Brüsselin Ermənistanı hansı şərtlərlə və nə qədər sürətlə öz siyasi-iqtisadi məkanına qəbul etməyə hazır olduğu da məlum deyil. Slutskinin “Ukrayna cığırı” ifadəsinin arxasında məhz bu məntiq dayanır. Moskvaya görə, Ermənistanın Avropa inteqrasiyası yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmayaraq xarici siyasət və təhlükəsizlik prioritetlərinin dəyişməsinə gətirəcək. Belə halda söhbət yalnız Aİİ-dən çıxmaqdan deyil, Rusiya ilə enerji, ticarət, nəqliyyat, investisiya və hərbi əməkdaşlığın da yenidən nəzərdən keçirilməsindən gedəcək.

Ermənistan üçün ən həssas məsələ iqtisadiyyatdır. Rusiya ilə formalaşmış ticarət əlaqələrinin zəifləməsi ölkənin iqtisadi durumuna təsir göstərəcək. Yeni ixrac bazarlarının tapılması, logistikanın qurulması və məhsulların rəqabət qabiliyyətinin qorunması isə qısa müddətdə mümkün deyil. Buna görə məsələni, sadəcə, “Rusiya, yoxsa Avropa?” seçimi səviyyəsinə endirmək düzgün deyil. Əsas sual keçidin hansı sürətlə və hansı təminatlarla həyata keçiriləcəyindədir.

İrəvanın qarşısındakı başqa problem zaman fərqidir. Aİ ilə yaxınlaşma uzunmüddətli və mərhələli prosesdir. Ermənistanın 2029-cu ildə Aİ ilə vizasız rejim əldə etməsi ilə bağlı gözləntilərin Avropa Komissiyası tərəfindən vaxtından əvvəl hesab edilməsi də göstərir ki, İrəvanın gözləntiləri ilə Brüsselin hazırkı mövqeyi arasında fərq var. Moskva isə Ermənistanın strateji seçiminə daha tez aydınlıq gətirilməsini istəyir.

Bu vəziyyətdə Ermənistan iki fərqli zaman cədvəlinin arasında qalır: Moskva seçimə daha tez cavab tələb edir, Brüssel isə inteqrasiyanı şərtli və mərhələli proses kimi görür. Əgər Ermənistan Avropa inteqrasiyasını dərinləşdirərsə, Rusiya ilə münasibətlərdə birdən-birə qırılma deyil, mərhələli uzaqlaşma daha real ssenari sayılır. İlk olaraq siyasi ritorika sərtləşə, daha sonra Aİİ çərçivəsində Ermənistanın gələcək statusu, ardınca enerji, ticarət və təhlükəsizlik əməkdaşlığı gündəmə gələcək.

Təhlükəsizlik məsələsi xüsusilə həssasdır. Son günlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının aqibəti ilə bağlı səslənən açıqlamalar bu sahədə mümkün dəyişikliklərə diqqət çəkir. Paşinyanın açıqlamalarından aydın olur ki, İrəvan həm bazanın çıxarılması, həm də Rusiyanın orada qalmaq istəyi variantlarını müzakirə etməyə hazırdır. Bu isə münasibətlərin yalnız iqtisadi deyil, təhlükəsizlik ölçüsünün də dəyişə biləcəyini göstərir.

Lakin burada başqa məqam da var. Ermənistanın Avropaya yaxınlaşması avtomatik olaraq Ukrayna ilə eyni nəticəyə gətirib çıxarmaya bilər. Cənubi Qafqazın geosiyasi reallıqları, Ermənistanın coğrafi mövqeyi, Azərbaycan və Türkiyə ilə münasibətləri, Rusiya ilə iqtisadi əlaqələri və regional təhlükəsizlik sistemi Ukraynanın vəziyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə “Ukrayna ssenarisi”ni qaçılmaz gələcək kimi deyil, Moskvanın Ermənistan rəhbərliyinə xəbərdarlığı kimi dəyərləndirmək doğru olar.

Bişkek görüşündən sonra Moskvanın mövqeyi aydın ifadə olunmağa başlayıb. Kremlin məlumatına görə, Putin və Paşinyanın yaxın vaxtlarda Moskvada görüşü və Ermənistanın Avropa və Avrasiya istiqamətinin müzakirə edilməsi gözlənilir. Bu səbəbdən Slutskinin son açıqlamasına yalnız sərt siyasi ritorika kimi baxmaq kifayət deyil. Onun sözləri Moskvanın İrəvana göndərdiyi daha geniş mesajın bir hissəsidir. Əgər İrəvan Avropaya inteqrasiya kursunu davam etdirərsə, Moskva ilə münasibətlərin əvvəlki modeldə qalacağına zəmanət yoxdur. Əksinə, Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsi Ermənistanın iqtisadiyyatına və təhlükəsizlik sisteminə ciddi təzyiq yaradacaq. İrəvan Moskvanın tələblərinə uyğun olaraq Avropa kursunu məhdudlaşdırarsa, bu dəfə Qərblə münasibətlərdə siyasi və iqtisadi gözləntilər zərbə alacaq. Deməli, Ermənistanın qarşısında, sadəcə, “Rusiya, yoxsa Avropa?” seçimi yoxdur. Əsl seçim daha mürəkkəbdir. İrəvan iki istiqamət arasında mümkün qədər uzun müddət balans saxlamağa çalışacaq, yoxsa yeni geosiyasi reallıq onu konkret tərəf seçməyə məcbur edəcək?

Bişkekdə Putinlə Paşinyan arasında aparılan söhbət və ardınca Slutskinin açıqlaması göstərir ki, Moskva artıq bu suala cavabın gecikdirilməsini əvvəlki qədər rahat qəbul etmir. Bu mənada, “İrəvan Kiyevin cığırına düşərsə” ifadəsi gələcək hadisələrin dəqiq proqnozu deyil. Bu, daha çox Moskvanın xəbərdarlığıdır. Ermənistanın qarşısında isə həmin xəbərdarlığın nə dərəcədə ciddi olduğunu və Avropa inteqrasiyasının mümkün siyasi, iqtisadi və təhlükəsizlik qiymətini hesablamaq vəzifəsi durur. Son qərar isə yenə də Ermənistanındır. Slutskinin dediyi kimi, bu, onların seçimidir və nəticələrinə görə məsuliyyət də onların üzərinə düşür.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью