Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Tehranla əməkdaşlıq yeni mərhələdə
Ermənistanın enerji siyasətində son günlər diqqətçəkən hadisələrdən biri bu sahədə İranla əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlardır. Ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Tehrana səfər edərək əvvəlcə İranın energetika naziri Abbas Əliabadi ilə görüşüb.
Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər üçüncü elektrik ötürmə xəttinin tikintisini nəzərdə tutan və 12 ildir davam edən layihənin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, layihənin daha qısa müddətdə başa çatdırılması üçün əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. İranlı nazir danışıqlar zamanı “Mehri” su elektrik stansiyasının tikintisi məsələsini də gündəmə gətirib. Xudatyan isə əvvəllər əldə olunmuş razılaşmaları xatırladaraq bu layihənin həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib. Qeyd edilib ki, Oman şirkəti “Mehri” SES-in tikintisinin maliyyələşdirilməsində və icrasında iştirak etməyə hazırdır.
Danışıqlar zamanı İran–Ermənistan–Gürcüstan–Rusiya elektrik enerjisi dəhlizinin yaradılması məsələsi də müzakirə olunub. Tehran Ermənistanla Gürcüstan arasında elektrik ötürmə xəttinin tikintisinin İran şirkətləri tərəfindən həyata keçirilməsinə hazır olduğunu bəyan edib. A.Əliabadi, həmçinin Araz çayının çirklənməsi ilə bağlı birgə işçi qrupunun iclasının keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Görüşdən sonra açıqlama verən iranlı nazir deyib ki, erməni həmkarının səfərinin əsas məqsədi yarımçıq qalmış layihələrin tamamlanmasını sürətləndirmək və yeni birgə layihələrə başlamaqdır. Əliabadi əlavə edib ki, İran uzun illərdir Ermənistana təbii qaz ixrac edir, əvəzində isə elektrik enerjisi alır. Onun sözlərinə görə, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni elektrik ötürmə xəttinin tikintisi davam etdirilir və tərəflər layihənin icrasının sürətləndirilməsi barədə danışıqlar aparıblar. İranlı nazir iki ölkə arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, qaz və elektrik enerjisi mübadiləsi uzun illərdir davam edir. Onun sözlərinə görə, hazırda icra mərhələsində olan ən mühüm layihələrdən biri 400 kilovoltluq elektrik ötürmə xəttidir. Layihənin həyata keçirilməsi zamanı müəyyən çətinliklər mövcud olsa da, onların aradan qaldırılması istiqamətində iş aparılır və xəttin ilin sonunadək istismara verilməsi gözlənilir.
D.Xudatyan Tehranda növbəti görüşünü İranın neft naziri Möhsün Paknejadla keçirib. Görüşün yekununda İran və Ermənistan arasında energetika sahəsində ixtisaslaşmış işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. M.Paknejad vurğulayıb ki, Tehran və İrəvan ixtisaslaşmış işçi qrupunun ən qısa zamanda fəaliyyətə başlamasının tərəfdarıdır. İranın neft naziri qeyd edib ki, 2 ölkənin energetika sahəsindəki mövcud tərəfdaşlığı indiyədək “qaz müqabilində elektrik enerjisi” sxeminə əsaslanırdı. Lakin İran təbii qaz ixracının genişləndirilməsinə yönəlmiş yeni kommersiya modeli təklif edib.
* * *
Tehranda aparılan danışıqlar ilk baxışdan 2 qonşu ölkə arasında enerji əməkdaşlığının növbəti mərhələsi təsiri bağışlasa da, prosesin arxa planına nəzər saldıqda daha mürəkkəb mənzərə ortaya çıxır. Söhbət təkcə elektrik enerjisinin alınmasından getmir. Burada Ermənistanın enerji təhlükəsizliyi, İranın şimal istiqamətində enerji əlaqələrini genişləndirmək istəyi, Rusiyanın regiondakı mövqeyi və Cənubi Qafqazın enerji xəritəsində mümkün dəyişikliklər kimi bir-biri ilə əlaqəli bir neçə mühüm amil mövcuddur.
Ermənistan uzun illərdir enerji təminatında müxtəlif mənbələrdən istifadə etməyə çalışır. “Metsamor” Atom Elektrik Stansiyası ölkədə istehsalın mühüm hissəsini təmin etsə də, istilik elektrik stansiyalarının fəaliyyəti əsasən idxal olunan təbii qazdan asılıdır. Bu isə enerji sisteminin xarici amillərə həssaslığını artırır. Məhz buna görə də rəsmi İrəvan son illər həm enerji mənbələrinin, həm də təchizat marşrutlarının şaxələndirilməsini prioritet istiqamətlərdən biri kimi təqdim edir.
Köhnə modelə yeni tələbat
İranla Ermənistan arasında enerji əməkdaşlığı yeni deyil. İki ölkə uzun illərdir “qaz müqabilində elektrik enerjisi” modeli əsasında əməkdaşlıq edir. Bu mexanizmə əsasən İran Ermənistana təbii qaz ixrac edir, əvəzində isə Ermənistan istehsal etdiyi elektrik enerjisinin müəyyən hissəsini İrana ötürür. Son görüşlərdə İran rəsmiləri bu modelin uğurla işlədiyini vurğulamaqla yanaşı, onun genişləndirilməsi üçün yeni elektrik ötürmə xəttinin tikintisinin sürətləndirilməsinin vacibliyini də bildiriblər.
Əslində, hazırda müzakirə olunan üçüncü – 400 kilovoltluq elektrik ötürmə xətti məhz bu əməkdaşlığın genişləndirilməsi baxımından əsas layihələrdən biri hesab olunur. Layihə uzun illər əvvəl gündəmə gəlsə də, müxtəlif texniki, maliyyə və təşkilati səbəblərdən başa çatdırılmayıb. İndi isə Tehran və İrəvan tikintinin sürətləndirilməsi barədə razılığa gəliblər. İran bu xəttin ilin sonunadək istifadəyə verilməsinin mümkünlüyünü də istisna etmir.
Bununla yanaşı, danışıqlarda diqqətçəkən məqamlardan biri də İran–Ermənistan–Gürcüstan–Rusiya elektrik enerji dəhlizi ideyasının yenidən gündəmə gətirilməsi oldu. Tehran açıq şəkildə bəyan edib ki, İranın elektrik şəbəkəsinin şimal ölkələri ilə birləşdirilməsi strateji əhəmiyyət daşıyır və Ermənistan bu marşrutun əsas halqalarından biridir. İran şirkətlərinin Ermənistan–Gürcüstan elektrik ötürmə xəttinin tikintisində iştirak etməyə hazır olduqlarını açıqlamaları da bu planın təkcə siyasi bəyanat olmadığını göstərir. Məhz bu məqam son danışıqları əvvəlkilərdən fərqləndirir. Bunun nə dərəcədə real olacağı isə təkcə Tehran və İrəvanın qərarlarından deyil, regiondakı siyasi vəziyyətdən, maliyyələşdirmə imkanlarından və beynəlxalq geosiyasi şəraitdən də asılı olacaq.
Enerji siyasəti, yoxsa geosiyasi zərurət?
İranla aparılan son danışıqlar fonunda diqqəti cəlb edən əsas məqamlardan biri Ermənistanın enerji siyasətində müşahidə olunan yeni istiqamətlərdir. Təsadüfi deyil ki, tərəflər yalnız elektrik enerjisinin ötürülməsi ilə kifayətlənməyərək, qaz ticarətinin genişləndirilməsi, energetika üzrə birgə işçi qrupunun yaradılması, neft emalı zavodunun tikintisi və yeni kommersiya modelinin hazırlanmasını da müzakirə ediblər. Bu isə göstərir ki, söhbət ayrı-ayrı layihələrdən deyil, enerji əməkdaşlığının daha geniş çərçivədə yenidən qurulması cəhdindən gedir.
Bununla belə, bu təşəbbüslərin reallaşması təkcə Tehran və İrəvanın siyasi iradəsindən asılı deyil. İran uzun illərdir müxtəlif beynəlxalq sanksiyalar altında fəaliyyət göstərir. Bu amil iri enerji layihələrinin maliyyələşdirilməsinə, texnologiyaların cəlbinə, ödəniş mexanizmlərinə və xarici investorların iştirakına birbaşa təsir göstərir. Deməli, tərəflər arasında siyasi razılığın əldə olunması bütün layihələrin qısa müddətdə həyata keçiriləcəyi anlamına gəlmir. Bu, xüsusilə uzunmüddətli infrastruktur layihələri üçün aktual məsələdir.
Digər mühüm amil Ermənistanın mövcud enerji sistemi ilə bağlıdır. Ölkənin qaz təminatında Rusiyanın mövqeyi hələ də güclüdür və Ermənistanın enerji infrastrukturu uzun illər ərzində bu sistem əsasında formalaşıb. Bu baxımdan İranla əməkdaşlığın genişləndirilməsi Rusiyanı tam əvəz etməkdən daha çox enerji mənbələrinin şaxələndirilməsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. İrəvan son illərdə müxtəlif istiqamətlər üzrə alternativ imkanları araşdırmağa çalışır və İran da bu axtarışlarda mühüm tərəfdaşlardan biri kimi görünür.
Regional müstəvidə isə bu proseslər diqqətlə izlənilir. Cənubi Qafqaz artıq uzun illərdir enerji və nəqliyyat layihələrinin kəsişdiyi mühüm məkan kimi çıxış edir. Ölkəmiz həyata keçirdiyi iri neft-qaz və elektrik enerjisi layihələri ilə regionun əsas enerji ixracatçılarından birinə çevrilib. Bu səbəbdən regionda irəli sürülən hər bir yeni enerji təşəbbüsü ümumi enerji balansının və iqtisadi əməkdaşlıq imkanlarının tərkib hissəsi kimi qiymətləndirilir. İran və Ermənistan arasında müzakirə olunan layihələr də bu baxımdan diqqət çəkir. Lakin onların real təsiri yalnız siyasi bəyanatlarla deyil, konkret infrastrukturun tamamlanması, maliyyə təminatı və iqtisadi səmərəliliklə müəyyən olunacaq.
Son görüşlərin nəticələri göstərir ki, Tehran və İrəvan enerji sahəsində əməkdaşlığı daha geniş çərçivəyə keçirmək niyyətindədir. Bununla belə, hazırkı mərhələdə söhbət daha çox planlardan və niyyətlərdən gedir. Üçüncü elektrik ötürmə xəttinin başa çatdırılması, “Mehri” su elektrik stansiyasının taleyi, yeni qaz modeli, enerji dəhlizi və digər təşəbbüslər hələ qarşıdakı dövrdə öz sınağından keçməlidir. Bütün bunların fonunda bir nəticə aydın görünür: Ermənistan enerji təhlükəsizliyini gücləndirmək və enerji mənbələrini şaxələndirmək üçün yeni imkanlar axtarır, İran isə bu prosesdən istifadə edərək şimal istiqamətində enerji mövqelərini möhkəmləndirməyə çalışır. Ancaq bu məqsədlərin hansı dərəcədə reallaşacağını zaman göstərəcək. Çünki regionda enerji layihələrinin taleyini təkcə iqtisadi hesablamalar deyil, həm də geosiyasi reallıqlar, beynəlxalq sanksiyalar, tranzit imkanları və dövlətlər arasında formalaşan yeni əməkdaşlıq modeli müəyyən edir.
Səxavət HƏMİD
XQ