Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İrəvanın bu məsələni siyasi təzyiq alətinə çevirmək cəhdi riski hesablanmamış bir addımdır və gələcəkdə Ermənistanın özünə qarşı daha ağır nəticələr doğura bilər".
Hərbi ekspert Səxavət Məmməd bunu Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev barədə Bakıvaxtı.az-a danışarkən deyib.
Onun fikrincə, baş verənlərdə hər hansı təxribat, diversiya və ya kəşfiyyat niyyəti haqqında iddialar tamamilə əsassızdır:
"Müasir dövrdə tək bir əsgəri qarşı tərəfə kəşfiyyat və ya diversiya məqsədilə göndərmək cəhdi gülüncdür. Bu cür üsullar 1990-cı illərdə tətbiq oluna bilərdi. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin tərkibində peşəkar kəşfiyyat bölmələri, Xüsusi Təyinatlılar (XTQ) və Komando briqadaları mövcuddur ki, bu cür tapşırıqlar yalnız həmin strukturlar tərəfindən icra edilə bilər".
Hərbi ekspert Səxavət Məmməd
S. Məmməd qeyd edib ki, Ermənistan rəhbərliyinin atdığı addımların arxasında isə fərqli geosiyasi məqsədlər dayanır. Azərbaycanın əlində Ermənistana qarşı istifadə edə biləcəyi mühüm rıçaqlar, o cümlədən Bakıda həbsdə olan məlum cinayətkar şəxslər var. Paralel olaraq, erməni kilsəsinin Azərbaycana qarşı iddiaları fəallaşmaqdadır.
"Nikol Paşinyan bir tərəfdən sülh prosesindən danışsa da, digər tərəfdən rəsmi Bakıya qarşı əlində hansısa təzyiq vasitəsi saxlamağa çalışır. Paşinyanın son bəyanatları da bu strategiyadan xəbər verir. O bildirir ki, gələcəkdə hər hansı erməni əsgəri azaraq Azərbaycan tərəfə keçərsə, onları dəyişdirmək üçün İrəvanın əlində tutarlı kart olmalıdır. Nəzərə almaq lazımdır ki, mürəkkəb dağlıq relyefdə və dumanlı hava şəraitində qarşı tərəfə azıb keçmə halları hər an baş verə bilər. Azərbaycan tərəfi də analoji vəziyyətdə azaraq sərhədi keçən və ya insident törədən istənilən erməni hərbçisini saxlamaq imkanına malikdir", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif