Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi “KTMT Ermənistanı xaric etmək qərarına gəlsə, çox şad olaram” fikri artıq adi diplomatik polemikanın çərçivəsinə sığmır. Bu, İrəvanın Moskva ilə münasibətlərində yaranmış dərin siyasi çatın açıq ifadəsidir. Paşinyan bununla Ermənistanın son illərdə dəyişən xarici siyasət kursunu faktiki olaraq təsdiqləyir: İrəvan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən uzaqlaşır, Qərblə yaxınlaşmanı isə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirir.
Paşinyan Ermənistanın yaxın beş ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini bərpa etməyəcəyini bildirib. Eyni zamanda, İrəvanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə yaxın zamanda başlaya biləcəyini açıqlayıb. Bu iki bəyanat, əslində, bir-birindən ayrı deyil. Ermənistanın KTMT-dən uzaqlaşması ilə Aİ-yə yaxınlaşması eyni siyasi xəttin iki istiqamətidir.
Ermənistan 2024-cü ilin fevralında təşkilatdakı fəaliyyətini dondurub, həmin ilin mayında isə maliyyələşmədə iştirakını dayandırıb. Paşinyan bu addımları KTMT-nin Ermənistanın təhlükəsizlik problemlərinə, xüsusilə Azərbaycanla qarşıdurma zamanı adekvat reaksiya verməməsi ilə əsaslandırıb.
Hazırda siyasi narazılıq faktiki münasibətlərə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mikael Aqasandyan KTMT xətti ilə Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın həyata keçirilmədiyini açıqlayıb. Yəni Ermənistanın təşkilatdakı formal üzvlüyü hələ davam etsə də, KTMT ilə real təhlükəsizlik əməkdaşlığı əvvəlki məzmununu itirib.
Kremlin reaksiyası da münasibətlərdə yeni mərhələnin yarandığını göstərir. Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın KTMT-dən çıxmaq hüququnun olduğunu bildirib və İrəvan təşkilata ehtiyac duymursa, müvafiq qərarı özü verə biləcəyini deyib.
Bu, əvvəlki illərdə müşahidə olunan “Ermənistanı təşkilatda saxlamaq” cəhdlərindən fərqli, kifayət qədər soyuq və praktik mövqedir. Moskva artıq İrəvanın seçiminə qarşı çıxmaqdan çox, həmin seçimin məsuliyyətini Ermənistan rəhbərliyinin üzərinə qoyur.
Bəs İrəvanın alternativi nədir? Cavab artıq gizli deyil – Brüssel. Ermənistan parlamentinin 2025-ci ildə Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi bu istiqamətdə mühüm siyasi addım olub. Paşinyanın son açıqlaması isə həmin xəttin siyasi bəyanatlardan praktiki mərhələyə keçə biləcəyini göstərir.
***
Ermənistanın Rusiya ilə münasibətləri yalnız KTMT və hərbi əməkdaşlıqla məhdudlaşmır. Ticarət, enerji, əmək miqrasiyası və sosial əlaqələr uzun illər ərzində formalaşıb. Rusiyada çalışan ermənilərin ölkəyə göndərdiyi vəsaitlər də Ermənistanın sosial-iqtisadi həyatında mühüm rol oynayır. Bu səbəbdən həmin əlaqələrin siyasi qərarla bir gündə qopacağını düşünmək real deyil.
Rusiyalı politoloq Yuri Samonkin Ermənistanın KTMT-dən çıxmasının siyasi və sosial böhrana, iqtisadi problemlərə və etirazlara səbəb ola biləcəyini iddia edir. Onun fikrincə, Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi Ermənistan üçün ciddi nəticələr doğura bilər. Samonkin hətta KTMT təhlükəsizlik mexanizmindən kənarda qalacağı təqdirdə, Ermənistanın “xaosa qərq olacağını” söyləyir.
Bu fikirləri obyektiv proqnoz kimi qəbul etmək çətindir. Samonkinin yanaşmasında Rusiyanın geosiyasi mövqeyi açıq şəkildə hiss olunur və Qərbə inteqrasiyanın mümkün riskləri ön plana çəkilir. Bununla belə, onun diqqət çəkdiyi əsas məqamı nəzərdən qaçırmaq olmaz: Ermənistanın Rusiya ilə iqtisadi və sosial əlaqələri hələ də kifayət qədər güclüdür.
Samonkin, həmçinin Rusiya bazarının, əmək miqrasiyasının və Avrasiya iqtisadi inteqrasiyasının Ermənistan üçün əhəmiyyətini vurğulayır. Lakin siyasi elitanın Qərbə istiqamət götürməsi ölkənin xarici əlaqələrinin avtomatik şəkildə dəyişməsi demək deyil. Digər tərəfdən, Ermənistanın Rusiya ilə uzunmüddətli yaxınlığı da bu modelin alternativsiz olduğu anlamına gəlmir. İrəvan yeni bazarlar, investisiya mənbələri və təhlükəsizlik imkanları əldə edə bilsə, zamanla xarici əlaqələrinin strukturu dəyişə bilər.
Bu baxımdan əsas məsələ yalnız Rusiyadan uzaqlaşmaq deyil, yaranacaq boşluğu hansı imkanlarla doldurmaqdır. Aİ-yə üzvlük üçün müraciət etmək bir məsələ, real inteqrasiya isə tamamilə başqa prosesdir. Ermənistan qanunvericiliyini, iqtisadi və idarəetmə institutlarını Avropa standartlarına uyğunlaşdırmalı və uzun prosedurlardan keçməlidir.
Deməli, İrəvanın qarşısında mürəkkəb seçim dayanır: Rusiyadan asılılığı azaltmaqla yanaşı, onilliklər ərzində yaranmış iqtisadi, siyasi və sosial əlaqələri yeni tərəfdaşlıqlarla əvəzləmək. Bu prosesin nəticəsi yalnız Moskva–İrəvan münasibətlərinə deyil, bütövlükdə, Cənubi Qafqazdakı yeni təhlükəsizlik balansına təsir göstərə bilər.
Paşinyanın “KTMT Ermənistanı xaric etsə, şad olaram” ifadəsi, sadəcə, siyasi ritorika deyil. Bu, Ermənistan rəhbərliyinin əvvəlki təhlükəsizlik modelindən siyasi və psixoloji baxımdan uzaqlaşdığını göstərən açıq mesajdır. Moskvanın reaksiyası isə Rusiyanın artıq bu reallıqla hesablaşmağa başladığını göstərir.
İndi əsas məsələ Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağı yox, bundan sonra təhlükəsizliyini, iqtisadi maraqlarını və regional mövqeyini hansı dayaqlar üzərində quracağıdır. Çünki Rusiyadan uzaqlaşmaq siyasi qərardır, onun yaratdığı boşluğu doldurmaq isə uzunmüddətli strategiya tələb edir.
Ermənistanın seçimi yalnız Moskva–İrəvan münasibətlərinin gələcəyinə deyil, Bakı ilə sülhə, Ankara ilə normallaşmaya və bütövlükdə, Cənubi Qafqazda yeni təhlükəsizlik balansının formalaşmasına da təsir göstərəcək.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Paşinyanın KTMT üzvlüyü ilə bağlı son bəyanatları Ermənistanın təşkilata münasibətində ciddi narazılığın olduğunu göstərir. O, KTMT-ni Azərbaycanla müharibə zamanı Ermənistana yardım etməməkdə ittiham edir. Halbuki Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparıb və ərazi bütövlüyünü bərpa edib. Döyüşlər Azərbaycanın ərazisi olan Qarabağda gedib.
Ermənistanın son illərdə KTMT ilə bağlı atdığı addımlar onun bu təşkilatdan uzaqlaşmaq istədiyini göstərir. İrəvan uzun müddətdir təşkilata maliyyə ödənişlərini həyata keçirmir, eyni zamanda, KTMT-nin iclaslarında iştirak etmir. Bu, Ermənistanın təşkilatdan faktiki olaraq uzaqlaşdığını göstərir. Lakin KTMT-dən uzaqlaşma yalnız siyasi müstəvidə nəticələr doğurmaya bilər.
Belə addımlar Ermənistan–Rusiya münasibətlərində gərginliyi artıracaq. Moskva müəyyən güzəştlər çərçivəsində Ermənistana qaz və digər enerji resursları təqdim edir. Münasibətlərin pisləşməsi bu güzəştlərin aradan qaldırılması ilə nəticələnə bilər. Eyni zamanda, Ermənistanın digər MDB ölkələri ilə əlaqələrində də müəyyən gərginlik yaranacaq. Çünki həmin dövlətlərin bir qismi KTMT-nin üzvüdür.
Bütün bunların fonunda Ermənistanın Avropa İttifaqına yönəlməsi Paşinyan hökumətinin əsas xarici siyasət prioritetlərindən birinə çevrilib. İrəvanın xarici siyasət istiqamətini müəyyənləşdirmək hüququ var.
Lakin bu seçim zamanı Ermənistanın Rusiyadan hələ də ciddi şəkildə asılı olduğu reallığı nəzərə alınmalıdır. Paşinyan başa düşməlidir ki, Ermənistanın Rusiya ilə çoxşaxəli əlaqələri var. Ölkədə Rusiyanın hərbi bazası yerləşir, iqtisadi və enerji sahəsində də ciddi bağlılıq mövcuddur. Bu reallıqların hamısı kompleks şəkildə nəzərə alınmalıdır. Əks halda, atılan addımlar Ermənistan və şəxsən Paşinyan üçün əlavə risklər yaradacaq. Ona görə də İrəvan qərar qəbul edərkən bütün mümkün nəticələri diqqətlə hesablamalıdır.
Pünhan ƏFƏNDİYEV
XQ