Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Rusiyadan uzaqlaşan Ermənistanı Qərb necə qarşılayır?
Seçki ərəfəsində Moskva İrəvana təzyiq vasitələrindən maksimum istifadə etdi. Ermənistanın meyvə-tərəvəz, gül, mineral su, konyak və digər məhsullarının Rusiyaya ixracına müxtəlif məhdudiyyətlər tətbiq olundu. Rəsmi izah sanitariya qaydaları ilə bağlı olsa da, həm Ermənistan, həm də Avropa İttifaqı bunu siyasi təzyiq kimi qiymətləndirdi. Bununla yanaşı, Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının ağır nəticələr doğuracağını açıq şəkildə bəyan edirdilər. Prezident Vladimir Putin Ukrayna nümunəsini xatırladır, Avrasiya İqtisadi İttifaqından uzaqlaşmanın iqtisadi itkilərə səbəb olacağını bildirirdi. KTMT və Aİİ üzvü olan digər dövlətlər də İrəvanı seçim etməyə çağırırdı. Bütün bu təzyiqlərə baxmayaraq, seçicilər Paşinyanın kursuna üstünlük verdilər. Bu isə Kremlin son illərdə Cənubi Qafqazda ilk böyük siyasi məğlubiyyətlərindən biri kimi qiymətləndirilir.
Sülh siyasəti yeni imkanlar açır
2020-ci il müharibəsindən və 2023-cü ildə Qarabağ məsələsinin tam bağlanmasından sonra Paşinyan hakimiyyəti əvvəlki siyasətin Ermənistanı dalana saldığını açıq şəkildə etiraf etməyə başladı. Baş nazir “Real Ermənistan” konsepsiyasını irəli sürərək ölkənin gələcəyini qonşularla normal münasibətlərdə gördüyünü bəyan etdi. Bu siyasətin əsas istiqamətləri Azərbaycanla sülh sazişinin yekunlaşdırılması, Türkiyə ilə sərhədlərin açılması, regional kommunikasiyaların bərpası və Ermənistanın yeni nəqliyyat marşrutlarına qoşulmasıdır. Məhz bu kurs Qərbin dəstəyini daha da artırdı. Vaşinqtonda 2025-ci il avqustun 8-də imzalanmış sülh bəyannaməsi Ermənistan üçün yeni iqtisadi imkanların əsasını qoydu. ABŞ-ın təşəbbüsü ilə irəli sürülən TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi regionu Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit dəhlizlərindən birinə çevirməyi hədəfləyir. Ermənistan bu layihədə iştirak etməklə uzun illər davam edən regional təcriddən çıxmağa çalışır.
Avropa İttifaqının açıq dəstəyi
Son bir ildə Avropa İttifaqı Ermənistanla münasibətlərini görünməmiş səviyyəyə çatdırıb. Bunun ən mühüm göstəricilərindən biri Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin İrəvana səfəri oldu. Səfər zamanı Avropa Komissiyasının rəhbəri açıq bəyan etdi ki, Ermənistan xalqı islahatlara və Avropa ilə daha sıx tərəfdaşlığa səs verib. Onun sözlərinə görə, heç bir ölkə suveren seçiminə görə cəzalandırıla bilməz və Aİ məhz buna görə Ermənistanın yanında dayanır. Bu bəyanat əslində Rusiyanın iqtisadi təzyiqlərinə verilmiş ən sərt siyasi cavablardan biri idi. Fon der Lyayen Ermənistana 52 milyon avroluq yeni dəstək paketi açıqladı. Bunun 34 milyon avrosu artıq İrəvana köçürülüb, qalan 18 milyon avronun da ayrılması təsdiqlənib. Lakin məsələ yalnız maliyyə yardımı ilə məhdudlaşmır. Avropa Komissiyası Ermənistan məhsullarının 80 faizə qədərinin Avropa bazarına rüsumsuz çıxarılması təşəbbüsü ilə çıxış edib. Bu addım Rusiyanın bağladığı bazarları qismən əvəz etməyə hesablanıb. Bundan əlavə, Avropa Komissiyası Ermənistan istehsalçılarına yeni alıcıların tapılması, ixrac standartlarının Avropa tələblərinə uyğunlaşdırılması və logistikanın qurulması üçün xüsusi ekspert qrupları formalaşdırıb. Beləliklə, Brüssel ilk dəfə olaraq Ermənistana yalnız siyasi deyil, həm də real iqtisadi alternativ təqdim etməyə başlayıb. Brüssel bununla kifayətlənmir. Ermənistanla Aİ arasında yaradılmış birgə İşçi Qrupu təkcə mövcud böhranın aradan qaldırılması ilə deyil, həm də uzunmüddətli iqtisadi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə məşğul olacaq.
Fon der Lyayenin İrəvan səfəri zamanı daha bir mühüm qərar açıqlandı. Aİ Cənubi Qafqaz üçün nəzərdə tutulan “Connectivity for Peace” proqramı çərçivəsində 200 milyon avroya qədər layihələrin maliyyələşdirilməsini planlaşdırır. Bu layihələr nəqliyyat, energetika, rəqəmsal infrastruktur və kommunikasiya sahələrini əhatə edir. Hesablamalara görə, həmin proqram sonradan dövlət və özəl sektorun iştirakı ilə 2 milyard avroya qədər investisiyanın cəlb olunmasına imkan verə bilər. Eyni zamanda, Avropa İttifaqının “Global Gateway” strategiyası çərçivəsində Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya imkanlarının formalaşdırılması nəzərdə tutulur. Bu vəsaitlər yeni avtomobil yollarının, logistika mərkəzlərinin, enerji layihələrinin, rəqəmsal infrastrukturun və sənaye parklarının yaradılmasına yönəldilə bilər.
Brüssel artıq bunu gizlətmir. Aİ Ermənistanı Cənubi Qafqazda əsas tərəfdaşlarından biri kimi görmək istəyir. Bu, təkcə siyasi seçim deyil, həm də geoiqtisadi maraqlardan irəli gələn yanaşmadır. Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması fonunda Ermənistanın yeni tranzit imkanları Avropa üçün də cəlbedici görünür.
ABŞ-ın yardımları və TRIPP+ Fondu
Əgər Avropa İttifaqı daha çox iqtisadi sabitlik və bazar imkanları təklif edirsə, ABŞ Ermənistanın strateji transformasiyasında daha iddialı layihələr irəli sürür.
Vaşinqtonun region siyasətində əsas dönüş nöqtəsi 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton Sülh Sammiti hesab olunur. Əldə olunan razılaşmalar yalnız sülh prosesini deyil, regionun iqtisadi gələcəyini də müəyyənləşdirən yeni layihələrin əsasını qoydu. Onların ən mühümü TRIPP layihəsidir. Bu layihə Ermənistan ərazisini Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında yeni logistika zəncirinin vacib hissəsinə çevirməyi nəzərdə tutur. ABŞ hesab edir ki, regionda davamlı sülh yalnız iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq sayəsində möhkəmlənə bilər. Bu məqsədlə yaradılan TRIPP+ Enterprise Fund qısa müddətdə ABŞ-ın ən iri regional investisiya fondlarından birinə çevrilib. Əvvəlcə fond üçün 201 milyon dollar ayrılmışdı. Lakin iyul ayında ABŞ hökuməti maliyyələşməni iki dəfə artıraraq 402 milyon dollara çatdırdı.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti Ermənistan hökuməti ilə əldə olunmuş razılaşmalar çərçivəsində əlavə 145 milyon dollarlıq yardım paketini də açıqlayıb. Bu vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatlar, sərhəd təhlükəsizliyi və yeni investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Lakin Vaşinqtonun planları bununla yekunlaşmır. “Bloomberg”in məlumatına görə, ABŞ şirkətləri yaxın illərdə Ermənistanda 13 milyard dollardan artıq investisiya layihələri həyata keçirməyi planlaşdırır. Bunun təxminən 9 milyard dolları yeni nüvə energetikası proqramına ayrılacaq. Məqsəd “Metsamor” Atom Elektrik Stansiyasını əvəz edəcək yeni enerji kompleksinin yaradılmasıdır. Qalan 4 milyard dollar isə yüksək texnologiyalar sahəsinə yönəldiləcək. Burada əsas diqqət süni intellekt texnologiyalarına ayrılır. ABŞ-ın “Firebird” süni intellekt şirkəti və NVIDIA ilə birlikdə Ermənistanda iri məlumat emalı mərkəzinin – “AI Factory” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihənin regionun ən böyük süni intellekt mərkəzlərindən birinə çevriləcəyi bildirilir.
Bütün bunlar göstərir ki, ABŞ və Aİ Ermənistanı yalnız maliyyə yardımı alan ölkə kimi deyil, Cənubi Qafqazın gələcək iqtisadi və nəqliyyat xəritəsində mühüm halqa kimi görməyə başlayıblar. Lakin bu yol risksiz deyil. Ermənistan hələ də enerji, qaz təchizatı, xarici ticarət və əmək miqrasiyası baxımından Rusiyadan ciddi şəkildə asılıdır. Məhz buna görə Paşinyan hökuməti bir tərəfdən Avropa və ABŞ-la əməkdaşlığı sürətləndirir, digər tərəfdən isə Moskva ilə münasibətləri tam qoparmamağa çalışır. Ancaq son aylarda baş verən hadisələr bir həqiqəti də üzə çıxarıb: Qərb artıq Ermənistana təkcə siyasi vədlər vermir. Brüssel və Vaşinqton bu dəfə konkret maliyyə paketləri, investisiyalar, bazarlar və uzunmüddətli layihələrlə çıxış edir.
Səxavət HƏMİD
XQ