İrpendən tarixi mesaj: Yuşenkonun səfəri, Bakı Kiyev xətti güclənir

17.08.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev görüş zamanı 20 ildən artıq davam edən tanışlıqdan, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlərdən və əlaqələrin gələcək perspektivlərindən danışıb. “Yuşenkonun Bakıya səfəri də göstərir ki, Azərbaycanla Ukrayna arasında münasibətlər ayrı-ayrı siyasi dövrlərdən asılı olmayan, daha dərin və davamlı əsaslara söykənir”, - o vurğualyıb.

Deputat bildirib ki, Rusiya-Ukrayna müharibəsi başladığı gündən Azərbaycanın mövqeyi aydın olub: “Bakı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib, eyni zamanda münaqişənin sülh yolu ilə həllini və regional sabitliyin təmin olunmasını dəstəkləyib.
Azərbaycanın mövqeyinin mühüm xüsusiyyəti isə ondan ibarətdir ki, Bakı prinsipial mövqeyini humanitar dəstəklə tamamlayıb. Ukraynaya humanitar yardım göstərilməsi, enerji böhranının nəticələrinin aradan qaldırılmasına töhfə verilməsi, müharibədən zərər çəkmiş uşaqların Azərbaycanda reabilitasiyası və İrpendə bərpa layihələrinin həyata keçirilməsi bunun konkret nümunələridir.

2026-cı ilin mayında Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycanın humanitar və enerji yardımını, İrpenin bərpasında iştirakını və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını xüsusi qeyd edərək Bakı-Kiyev münasibətlərinin strateji xarakterini vurğulayıb”.
M. Məmmədli əlavə edib ki, Viktor Yuşenkonun Bakıya səfəri münasibətlərin tarixi ölçüsünü də ön plana çıxarır. “Azərbaycan Prezidenti ilə Yuşenko arasında uzun illər əvvəl formalaşmış şəxsi və siyasi münasibətlər bu gün də öz əhəmiyyətini qoruyur.  Yuşenko özü də Azərbaycanla münasibətlərin inkişafında xüsusi rol oynamış Ukrayna liderlərindən biridir. Onun 2008-ci ildə Azərbaycan səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm təmaslar baş tutmuşdu. Azərbaycan-Ukrayna münasibətlərinin sonrakı mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi həmin siyasi xəttin davamlılığını göstərir. Bu mənada Yuşenkonun bugünkü Bakıya səfəri həm də keçmişlə gələcək arasında siyasi körpüdür”, - o vurğulayıb.

O qeyd edib ki, səfərin ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim edilməsidir:

“Prezident İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı adının verilməsi isə bu münasibətlərin ən emosional və diqqətçəkən göstəricilərindən biridir. Bu titul Azərbaycan Prezidentinin Ukraynaya göstərdiyi dəstəyə verilən qiymət olmaqla yanaşı, Azərbaycan xalqına qarşı Ukrayna cəmiyyətində formalaşan minnətdarlığın da ifadəsidir.

Bu qərar 2026-cı il aprelin 30-da İrpen şəhər Şurası tərəfindən qəbul edilib. Şəhər rəhbərliyi qərarın arxasında Azərbaycanın İrpenə və Ukraynaya göstərdiyi dəstəyin dayandığını açıq şəkildə bildirib. Azərbaycan hökumətinin dəstəyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa edilib, Ukraynaya humanitar və enerji yardımları göstərilib, müharibədən zərər çəkmiş 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunub.

Ona görə də İlham Əliyevə verilən “İrpen şəhərinin fəxri vətəndaşı” adı yalnız bir şəhərin fəxri titulu kimi qəbul edilməməlidir. Bu, Ukrayna cəmiyyətinin və xüsusilə İrpen sakinlərinin Azərbaycanın göstərdiyi həmrəyliyə verdiyi qiymətin simvolik ifadəsidir”.

Son olaraq deputat onu da bildirib ki, Yuşenkonun Bakıya səfəri yalnız keçmiş dostluğun xatırlanması deyil: “Bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən siyasi simvoldur. Bakı bu siyasətlə bir daha nümayiş etdirir ki, strateji tərəfdaşlıq yalnız siyasi sənədlərlə ölçülmür. Əsl tərəfdaşlıq çətin günlərdə ortaya qoyulan mövqe, humanitar həmrəylik və gələcəyə hesablanmış konkret addımlarla formalaşır.
Azərbaycan-Ukrayna münasibətlərinin yeni mərhələsi də məhz bu təməl üzərində qurulur: siyasi etimad, humanitar həmrəylik, enerji və logistika əməkdaşlığı və qarşılıqlı strateji maraqlar”.

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью