Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 2 fevral, AZƏRTAC
Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.
AZƏRTAC xəbər verir ki, nəşrə Çinin ölkəmizdəki səfiri xanım Lu Meyin Azərbaycan-Çin münasibətlərinə dair məqaləsi, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov “Bakı memarlığında Art Nouveau” məqaləsi, habelə “Göygöl və Maralgöl – Kəpəz dağının hədiyyəsi”, “Ada layiq olmaq – Heydər Əliyev Mərkəzi”, “Qəhrəmanlar tərəfindən yaradılmış ilahi bir nemət”, “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi”, “XVIII–XIX əsrlərə aid Azərbaycan memarlığının şah əsərləri: Şəki xanlarının sarayı və Şəkixanovların evi” adlı yazılar daxil edilib.
Qeyd edək ki, “İRS” jurnalının Çin dili versiyası (“Yichan”) çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin