İş axtaran gənclər: Hamı universitetə getməlidir?

19.10.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda işsiz gənclərin təhsil səviyyəsinə dair yeni statistik göstəricilərə əsasən, 2025-ci ildə ölkədə qeydə alınan 99 min işsiz gəncin 62,6 min nəfəri tam orta təhsilli olub. Bu, həmin yaş qrupundakı bütün işsizlərin 63,3 faizinə bərabərdir.

Tam orta təhsilli şəxslərin gələcəkdə işlə təminatı üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, müasir əmək bazarının tələbləri və dünyada gedən sosial-iqtisadi proseslər peşə təhsilinin əhəmiyyətini hər gün daha da artırır.

Onun sözlərinə görə, mövcud reallıqlar göstərir ki, ölkəmizdə bu istiqamətdə daha ciddi və məqsədyönlü addımların atılmasına böyük ehtiyac var. Təəssüf ki, cəmiyyətimizdə hələ də hər bir övladın mütləq ali təhsil almalı olduğuna dair köklü stereotip saxlanmaqdadır:

“Lakin müasir dövrün reallıqları tamamilə fərqli yanaşma tələb edir. Hər bir gənc üçün ali təhsil almaq məcburi və ya vacib şərt deyil. Bu gün qlobal miqyasda gedən tenderlər, inkişaf tendensiyaları və əmək bazarındakı dinamika göstərir ki, gələcəyin formalaşmasında peşə təhsili və gənclərin bu sahədə qazandığı bacarıqlar mühüm rol oynayacaq".

Ceyhun Məmmədov: Əsas hədəf gəncləri müxtəlif peşələrə yiyələnməsini təşviq etməkdir

Deputat qeyd edib ki, hazırda Azərbaycanda müasir standartlara cavab verən yaxşı peşə məktəbləri fəaliyyət göstərir. Dediyinə görə, əsas hədəf gənclərin müxtəlif peşələrə yiyələnməsini təşviq etmək, onları əmək bazarının real ehtiyaclarına uyğun hazırlamaqdır:

“Bu, gənclərin həm savadlı və peşəkar kadr kimi yetişməsinə, həm də gələcəkdə məşğulluq və iş tapmaq problemlərinin aradan qaldırılmasına imkan verəcək. Bu istiqamətdə istənilən hədəflərə çatmaq üçün geniş maarifləndirmə və təbliğat işlərinin aparılması, cəmiyyətlə və insanlarla davamlı ünsiyyətin saxlanılması, bu prosesə kompleks töhfə verilməsi vacib şərtlərdən biridir".

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью