İş yerləri niyə bağlanır?

07.06.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 4,2 min iş yeri bağlanıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 1,5 min daha çox iş yerinin bağlanması deməkdir. Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 2,7 min iş yeri bağlanmışdı. Ümumi olaraq 2025-ci ildə isə 13 min iş yeri bağlanmışdı. Yəni ötən ilin birinci rübünün sonundan bu ilin birinci rübünün sonuna kimi ölkədə 14,5 min iş yeri bağlanıb. 

"Cümhuriyət"- ə açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, bağlanan iş yerlərinin sayının artması əsasən məmur özbaşınalığı və sahibkarın iqtisadi savadının olmaması ilə əlaqədardır:

"Bu kimi halların qarşısının alınması üçün sərt dövlət siyasəti olmalıdır. Hansısa sahibkar obyekt açıb işlədən kimi 5–6 qurumun əməkdaşı həftədə bir dəfə “ziyarətə gedir”.

Öz yaxın doğmalarını heç bu qədər “ziyarət” etməyənlər nədənsə tanımadığı sahibkara qonaq təşrif buyurur. İkinci bir məsələ isə sahibkarın həm qanunu bilməməsi, həm də iqtisadi savadının olmamasıdır. Əks halda qanuni şəkildə cavab verilər və ya üst rəhbərinə şikayət məktubu ilə müraciət edilər. Ümumiyyətlə, əgər qida sahəsi deyilsə, hansısa qurum əməkdaşları nə üçün obyektləri gəzməlidir? Vətəndaş şikayəti yoxdursa, onu buna vadar edən nədir? Ümumiyyətlə, əgər qida sahəsi deyilsə, bu yoxlamalar yığışdırılmalıdır".

Ekspert qeyd edib ki, hər şey tamamilə sistemləşdirilmiş olmalıdır: 

“Sadəcə iş saatları və  işçinin rəsmi çalışıb-çalışmaması ilə bağlı yoxlama aparılması kifayətdir. Məsələn, Türkiyədə görməzsən ki, şikayət olmasa obyektlərdə yoxlama aparılsın. Həmin ölkənin təbii sərvətləri yox dərəcəsindədir. Ölkə iqtisadiyyatını ayaqda tutan özəl sahibkarlıq və vergi, rüsumlardır. Hər şeyi məmur kompüter vasitəsi ilə analiz edir. Şübhə yaranarsa, maliyyə müfəttişləri göndərilir. Azərbaycanda da dövlət layihələr icra edir, sahibkarlığın inkişafı üçün yeni modellər hazırlanır. Amma nə qədər ki, bəzi qurumlarda məmur özbaşınalığı var, nəticə əldə etmək çətin olacaq".

 Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью