Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Müsavat başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Gununsesi.info xəbər verir ki, bu barədə onun özü bildirib.
O, Berlində keçirilən beynəlxalq konfransa gedərkən hava limanından geri qaytarıldığını bildirib.
İsa Qəmbər vurğulayıb ki, həmin gün Almaniyanın paytaxtı Berlində keçiriləcək beynəlxalq konfransa dəvət alıb.
Lakin gecə saat 04:00-a olan reysi ilə ölkədən çıxmasına hava limanında maneə yaradılıb.
“Bu gün, 21 noyabrda Berlində, önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq (təyyarə) biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”.
Sözügedən məsələ sosial şəbəkələrdə təzyiq kimi qiymətləndirilib.
YAP-dan olan xanım deputat Elnarə Akimova bildirib ki, İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulması məsələsinə tələsmədən, hüquqi və obyektiv yanaşmaq lazımdır.
“Belə bir faktın dərhal siyasi təzyiq kimi qiymətləndirilməsi doğru olmaz. Çünki ölkədən çıxış hüququnun məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulan hallarda tətbiq edilən hüquqi prosedurdur. Azərbaycan qanunların aliliyinin qorunduğu hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Bu cür məhdudiyyətlər yalnız siyasətçilərə deyil, müxtəlif hüquqi öhdəlikləri olan çoxsaylı vətəndaşlara da tətbiq edilir. Burada əsas meyar şəxsin siyasi mövqeyi deyil, qanunun tələbləridir. Düşünürəm ki, aidiyyəti qurumların məhdudiyyətin səbəbi ilə bağlı aydınlıq gətirməsi daha məqsədəuyğun olardı”,– deyə o, həmçinin qeyd edib.
Orxan
Gununsesi.info