İşçi xəbərsiz kameraya çəkilə bilər?

12.05.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir dövrdə bir çox şirkət və müəssisələrdə təhlükəsizlik, nəzarət və iş prosesinin izlənməsi məqsədilə müşahidə kameralarından istifadə olunur.

Lakin bəzi hallarda işçilər onların xəbəri olmadan izlənildiklərini iddia edir və bunun hüquqi tərəfi ilə bağlı suallar yaranır.

Bu isə “işçi xəbərsiz kameraya çəkilə bilərmi?” mövzusunu gündəmə gətirir.

Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun sözlərinə görə, iş yerlərində müşahidə kameralarının quraşdırılması müəyyən hallarda qanuni hesab olunur.

Onun sözlərinə görə, əsas məqsəd təhlükəsizliyin təmin edilməsi, əmlakın qorunması və iş prosesinə nəzarət ola bilər. Lakin bu proses həyata keçirilərkən işçilərin hüquqları və şəxsi həyatın toxunulmazlığı prinsipi də nəzərə alınmalıdır.

Hüquqşünas bildirib ki, işçilər kameraların mövcudluğu barədə əvvəlcədən məlumatlandırılmalıdır. Bu məlumat daxili qaydalar, əmək müqaviləsi və ya xüsusi bildiriş vasitəsilə təqdim edilə bilər.

“İşçi bilməlidir ki, iş yerində müşahidə sistemi mövcuddur və hansı məqsədlə istifadə olunur. Məlumatlandırma olmadan gizli nəzarət müəyyən hallarda hüquqi mübahisə yarada bilər,” – deyə o bildirib.

Onun sözlərinə görə, kameraların yerləşdirildiyi məkan da xüsusi əhəmiyyət daşıyır. Belə ki, soyunub-geyinmə otaqları, sanitariya qovşaqları, istirahət üçün ayrılmış bəzi xüsusi məkanlar şəxsi həyatın toxunulmazlığı baxımından həssas hesab olunur və həmin yerlərdə müşahidə aparılması qanun pozuntusu kimi qiymətləndirilə bilər.

Hüquqşünas qeyd edib ki, bəzi hallarda işçilər gizli çəkilişlərin sonradan başqa məqsədlərlə istifadə olunmasından narahat olurlar. Bu səbəbdən şəxsi məlumatların və görüntülərin qorunması ilə bağlı qaydalara ciddi əməl edilməlidir.

“İşəgötürən təhlükəsizlik tədbirləri görə bilər, lakin bu zaman işçinin şəxsi hüquqları balanslı şəkildə qorunmalıdır. Müşahidə sistemi nəzarət vasitəsinə çevrilərək şəxsi həyata həddindən artıq müdaxilə etməməlidir,” – deyə hüquqşünas vurğulayıb.

Orxan
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью