İşçilər fərqinə varmadan minlərlə manat itirir ARAŞDIRMA

01.10.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İşə gedənlərin gündəlik xərcləri arasında nahar da ciddi pay tutur. Xüsusilə evdən yemək aparmayan və hər gün iş yerinin yaxınlığındakı restoran və kafelərdə nahar edənlər üçün gün ərzində xərclənən 10 manat ayın sonunda kifayət qədər böyük məbləğə çevrilir.

“Yeni Sabah” xəbər verir ki, Bakıda ofislərin yerləşdiyi ərazilərdə 10 manata təklif edilən lanç menyuları geniş yayılıb. Belə menyulara adətən şorba, əsas yemək, salat və içki daxil olur. Bununla yanaşı, bəzi restoranlarda nahar menyularının qiyməti 15, hətta 20 manata qədər yüksəlir. Bu qiymətlər daha çox restoran səviyyəsindən asılı olduğu üçün hər işçi belə yerlərə üstünlük verməsə də, gündəlik naharını bu məbləğlərə edən şəxslər də var.

Ay ərzində orta hesabla 22 iş günü götürsək, hər gün 10 manatlıq nahar edən şəxs yalnız iş günlərində yeməyə 220 manat xərcləyir. Bu rəqəm bir il ərzində 2640 manata çatır. Yəni işçinin gündəlik 10 manatlıq nahar xərci il ərzində bir neçə aylıq maaşa bərabər məbləğ yaradır. pizza sifarişi

Naharın qiyməti 15 manat olduqda isə vəziyyət daha da dəyişir. Bu halda işçinin aylıq nahar xərci 330 manata, illik xərci isə 3960 manata yüksəlir. Beləliklə, gündəlik naharın qiymətinin cəmi 5 manat artması bir il ərzində əlavə 1320 manat xərc deməkdir.

20 manatlıq nahar edənlərdə isə illik məbləğ 5280 manata çatır. Başqa sözlə, hər iş günü 20 manatlıq menyu seçən şəxs bir il ərzində yalnız nahara 5 min manatdan çox pul xərcləyir.

Üstəlik, işçinin nahar zamanı çəkdiyi xərc çox vaxt menyunun qiyməti ilə bitmir. Yeməkdən sonra alınan kofe, çay, şirniyyat və digər kiçik xərclər də gündəlik büdcəyə əlavə olunur. Məsələn, nahardan sonra hər gün cəmi 2 manatlıq kofe və ya şirniyyat alan şəxs il ərzində əlavə 528 manat xərcləmiş olur.

Gündə 10 manatlıq nahar edən işçinin illik yemək xərci 2640 manat olsa da, əlavə xərclərlə bu məbləğ 3 min manatı keçə bilər. Nahar üçün 15-20 manat ödəyənlərdə isə illik xərc 4-5 min manatdan yuxarı qalxır. Rəqəmlər göstərir ki, gün ərzində kiçik görünən nahar xərci il ərzində ailə büdcəsində kifayət qədər böyük məbləğə çevrilir. Evdən yemək aparmaq və ya daha ucuz menyuya üstünlük vermək arasında yaranan fərq də məhz ilin sonunda daha aydın görünür.

Bəs bu xərci necə azaltmaq olar?

Ən sadə yol həftənin bütün günləri restoranda yemək əvəzinə həftədə bir neçə dəfə evdən yemək aparmaqdır. Məsələn, işçi naharın 5 gününün yalnız 2-3 gününü evdən gətirsə, ay ərzində ciddi məbləğə qənaət edə bilər. Evdə əvvəlcədən hazırlanan yeməyin bir neçə porsiyaya bölünməsi həm vaxta, həm də pula qənaət etməyə imkan verir. Restoranda yemək məcburiyyətində qalanlar isə hər gün eyni yerdə və daha bahalı menyuda qalmaq əvəzinə yaxın ərazilərdəki nahar qiymətlərini müqayisə edə bilər. Bəzən 10 manatlıq menyu ilə 15 manatlıq menyu arasında əsas yemək baxımından ciddi fərq olmur. İçki və kofe kimi əlavələri hər gün almaqdan imtina etmək də ayın sonunda nəzərəçarpacaq qənaət yaradır. Əslində burada əsas məsələ 10 manatın çox və ya az olması deyil. Problem hər gün təkrarlanan kiçik xərclərin hiss olunmadan böyüməsidir. Bu səbəbdən işçinin nahar üçün özünə aylıq limit müəyyən etməsi və həftəlik xərclərini əvvəlcədən planlaşdırması büdcəni nəzarətdə saxlamağın ən sadə yollarından biridir.

Çünki günorta “cəmi 10 manatdır da” deyib keçdiyimiz məbləğə ilin sonunda baxanda artıq 10 manat olmur. Həmin kiçik naharlar birləşəndə bir neçə min manatlıq xərcə çevrilir. 

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью