Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda hüquqi şəxslərin ləğvi zamanı işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı yeni tələb müəyyənləşdirilir.
Avtosfer.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki və Vergi məcəllələrinə, eləcə də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, ləğvetmə komissiyası hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini təmin etməlidir. Dəyişikliklərə görə, vergi ödəyicisi olan fiziki şəxslərin, Azərbaycanda daimi nümayəndəlik yaratmayan xarici dövlət rezidentlərinin bölmələrinin, eləcə də idarəetmə yerinə görə rezident hesab edilən xarici hüquqi şəxslərin vergi uçotundan çıxarılması da işçilərlə əmək müqavilələrinə qanunvericiliyə uyğun xitam verilməsi şərtinə bağlanacaq.
Bundan başqa, hüquqi şəxsin ləğvi üçün təqdim edilən sənədlərə qüvvədə olan əmək müqavilələrinin olmadığını təsdiqləyən elektron çıxarışın əlavə edilməsi nəzərdə tutulur. Bu tələb müflis olması səbəbindən ləğv edilən hüquqi şəxslərə də şamil olunacaq.
Qanun layihəsində əvvəlki dövrlərdə ləğv edilmiş hüquqi şəxslərlə bağlı keçid müddəası da yer alıb. Belə ki, qanun qüvvəyə minənədək ləğv edilmiş hüquqi şəxslərlə, həmçinin vergi uçotundan çıxarılmış xarici subyektlərlə bağlanmış, lakin informasiya sistemində xitam verilməmiş əmək müqavilələri işçilərin müraciəti əsasında həmin subyektlərin dövlət reyestrindən və ya vergi uçotundan çıxarıldığı tarixdən qüvvədən düşmüş hesab ediləcək. Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./sfera.az