Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydası isə Məcəllənin 69-cu maddəsi ilə tənzimlənir.
Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən zor tətbiq edilməklə, hədə-qorxu gəlməklə və ya hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə məcbur edilməsi qadağandır”.
Bu fikirləri vəkil Etibar Qarayev KONKRET.az-a açıqlamasın da bildirib:
“Təcrübədə isə bəzi işəgötürənlər əmək münasibətlərinə xitamı işçinin təşəbbüsü kimi rəsmiləşdirməyə üstünlük verirlər. Çünki bu halda işəgötürənin təşəbbüsü ilə xitamın müəyyən əsasları üçün nəzərdə tutulan hüquqi prosedurların, təminatların və işdənçıxarma müavinətinin tətbiqindən yayınmaq mümkün ola bilər.
Əsas sual budur: təqdim edilmiş ərizə işçinin həqiqi və sərbəst iradəsini əks etdirir, yoxsa məcburetmə, hədə-qorxu və ya psixoloji təzyiq nəticəsində yazılıb?
Hüquqi baxımdan bu hallar arasında mühüm fərq vardır. İşçinin ərizəsi onun şüurlu, həqiqi və sərbəst iradəsinə əsaslanmalıdır. Məcburetmə və ya təzyiq nəticəsində təqdim edilmiş ərizə əsasında əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilə bilməz.
Belə halda işçi xitam barədə əmrin qanunsuz hesab edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əməkhaqqının və müvafiq hallarda ona dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Lakin ərizənin təzyiq altında təqdim edildiyinin sübutlarla təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır. Ərizənin mövcudluğu zahirən xitamın işçinin təşəbbüsü ilə baş verdiyi təəssüratını yaratdığından, məcburetmənin baş verdiyi şəraitə dair sübutların qorunması zəruridir”.
Vəkil qeyd edir ki, işəgötürən tərəfindən işçidən təzyiq altında öz xahişi ilə işdən çıxma ərizəsi yazması tələb olunduğu halda, hüquqların qorunması üçün bir sıra addımlar atmaq mümkündür.
“İlk növbədə, işçi ərizəni imzalamaqdan çəkinməli və qərar vermək üçün əlavə vaxt tələb etməlidir. Eyni zamanda, təzyiqin kim tərəfindən, nə vaxt və hansı formada göstərildiyini sənədləşdirmək, yazışmaları, elektron məktubları, şahid məlumatlarını və qanuni yollarla əldə edilmiş digər sübutları qorumaq vacibdir.
Əgər ərizə artıq təqdim edilibsə, işçi əmək müqaviləsinə xitam rəsmiləşdirilənədək ərizənin geri götürülməsi və ya etibarsız hesab olunması ilə bağlı dərhal yazılı müraciət etməlidir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan müraciət və iddia müddətlərinin qısa ola biləcəyini nəzərə alaraq, vaxtında hüquqi yardım almaq tövsiyə olunur.
Qeyd edək ki, ərizədə “öz arzusu ilə” ifadəsinin yer alması əmək müqaviləsinə xitamın avtomatik olaraq qanuni hesab edilməsi demək deyil. Belə hallarda yalnız sənədin məzmunu deyil, həm də işçinin iradəsinin həqiqi və sərbəst şəkildə ifadə olunub-olunmadığı hüquqi baxımdan əhəmiyyət daşıyır”.
Aynurə İsmayıl
KONKRET.az