Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
“Bəzi müəssisələrdə əsas diqqət işçinin işə vaxtında gəlməsinə və işdə olmasına yönəldilir. Halbuki əsas məsələ işçinin müəyyən edilmiş müddət ərzində hansı nəticələrə nail olmasıdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, səkkiz saatlıq iş günü ərzində bütün saatların eyni templə və eyni səmərəliliklə işlənməsi mümkün deyil:
“Xarici şirkətlərdə də işçinin sadəcə iş yerində görünməsi üçün əlavə vaxt sərf etməsinə əsaslanan yanaşma tətbiq edilməməlidir. Hər sahəyə ayrıca yanaşmaq və iş rejimini həmin sahənin xüsusiyyətlərinə uyğun müəyyənləşdirmək daha məqsədəuyğundur. Bu fərqlərin səbəblərini araşdırmağa ehtiyac var. İş prosesində vaxt itkisinə, idarəetmədə çətinliklərə və həddindən artıq bürokratik prosedurlara səbəb olan amillər müəyyənləşdirilməlidir.
Biz elə bir iş sistemi qurmalıyıq ki, insan qarşısına qoyulan vəzifələri yerinə yetirərkən istədiyi nəticəni daha qısa müddətdə əldə edə bilsin. İşçi öz vəzifələrini səmərəli şəkildə yerinə yetirirsə, onun işinin qiymətləndirilməsində sərf etdiyi vaxtla yanaşı, əldə etdiyi nəticə də nəzərə alınmalıdır. Hamının eyni vaxtda işə gəlib eyni vaxtda işdən çıxması əsas meyar olmamalıdır. İş rejimi müəyyən edilərkən bütün amillər nəzərə alınmalıdır. Əsas məqsədimiz işçinin iş yerində keçirdiyi vaxtı deyil, işin keyfiyyətini və əldə olunan nəticələri qiymətləndirmək olmalıdır.
İnsanlara maksimum diqqət ayrılmalıdır. İnsan yalnız işləmək üçün yaşamır. Onun ailəsinə, övladlarına, istirahətinə və sağlamlığına da kifayət qədər vaxt ayırması vacibdir. Əmək münasibətləri elə qurulmalıdır ki, həm insanın ehtiyaclarına uyğun olsun, həm də sağlam və səmərəli iş mühiti yaratsın. Bu məsələyə kompleks yanaşmaq, müxtəlif sahələrdə uyğun və çevik iş rejimlərini sınaqdan keçirmək, işçiləri nəticələrinə əsasən qiymətləndirmək və əməkhaqqı sistemində səmərəli təşviq mexanizmlərindən istifadə etmək mühüm hədəflərdən biri olmalıdır”.
NURİYYƏ