Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fermerlər gələn ildən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmamış, əvvəlcədən ala biləcəklər.
“Yeni Sabah” xəbər verir ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə ilkin maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir.
Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini avans şəklində əldə edə biləcəklər. Bunun üçün artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciət imkanı yaradılıb. Online alış-veriş
Avans subsidiyasından istifadə etmək istəyən fermerlər payızlıq əkinlər üzrə noyabr ayının sonunadək, yazlıq əkinlər üzrə isə 2027-ci ilin fevral-mart aylarında əkin bəyanı ilə eyni vaxtda müraciət edə bilərlər.
Yeni mexanizmdən Aqrar Subsidiya Şurasının müəyyən etdiyi siyahıya daxil olan birillik bitkiləri becərən istehsalçılar yararlana biləcəklər. Siyahıya çəltik, qarğıdalı, darı, sorqo, buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci, günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri daxildir.
Bununla yanaşı, avans subsidiyası almaq istəyən fermerlərin EKTİS-də reytinqi 30 baldan yüksək olmalı, ümumi əkin sahəsi 5-100 hektar arasında dəyişməli və torpaq sahəsi üzrə çıxarışı olmalıdır. Həmçinin fermer həmin torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim etməlidir.
Müraciət prosesi tamamilə elektron qaydada həyata keçiriləcək. Fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli, torpaq sahələrinin koordinatlarını sistemə daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi üçün isə əkinə hazırlıq, yəni şum işlərinin aparılması müşahidə olunmalıdır.
Monitorinq müasir rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə həyata keçiriləcək. Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığına dair süni zəka yoxlamalarının nəticələri, reytinq göstəriciləri və reytinqi yüksəltmək üçün tövsiyələrlə tanış ola biləcəklər.
Mexanizmə əsasən, gözlənilən əkin subsidiyasının 30 faizi əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiqləndikdən və digər zəruri prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizi növbəti il fermerin hesabına köçürüləcək.
Yeni mexanizmin əsas məqsədi fermerlərin toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərə çəkdiyi ilkin xərcləri qarşılamaq, əkin prosesinin vaxtında və keyfiyyətli təşkilinə dəstək olmaqdır.