İşəgötürənlər üçün yeni subsidiya mexanizmi təklif olunur

17.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İşsiz vətəndaşı işə götürən sahibkarlara bir il müddətində həmin şəxsin əməkhaqqının 50 faizinə qədər subsidiya verilməsi təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, İşsizlikdən Sığorta Fondunun fəaliyyəti yalnız işsiz şəxslərə sığorta ödənişlərinin verilməsi ilə məhdudlaşmamalı, iş yerlərinin qorunmasına və yeni məşğulluq imkanlarının yaradılmasına da xidmət etməlidir.

Zahid Oruc Baltik ölkələrinin təcrübəsini nümunə göstərərək qeyd edib ki, həmin ölkələrdə işsizlikdən sığorta fondları iş yerlərinin saxlanılmasına da maliyyə dəstəyi verir.

O, Estoniyada pandemiya dövründə İşsizlikdən Sığorta Fondunun müdaxiləsi nəticəsində 65 min iş yerinin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Deputatın fikrincə, işsiz şəxsləri işə qəbul edən sahibkarlara əməkhaqqının müəyyən hissəsinin subsidiya şəklində ödənilməsi Azərbaycanda da məşğulluğun artırılmasına kömək edə bilər.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью