İsgəndər Cavadovun 39 il əvvəlki qol sevinci

29.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gün dərc etdiyimiz foto 39 il əvvəl tarixə çevrilmiş 50-ci SSRİ çempionatından bir xatirədir, 1987-ci il oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika Stadionunda çəkilmişdir. Həmin payız axşamı "Neftçi"–"Dinamo" Kiyev görüşünü izləyən 37600 tamaşaçı moskvalı hakim Sergey Xusainovun final işarəsi səslənən kimi sevimli komandanı meydandan alqışlarla yola saldı. Hamı oyundan böyük zövq almışdı.

Matçın qəhrəmanı isə bu il sentyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan futbolunun təbliği və inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş "Şöhrət" ordenli İsgəndər Cavadov oldu.

Sol kənar hücumçumuz Sovet İttifaqı çempionatlarında daim ən güclü klublardan biri olmuş rəqib üzərində qələbədə (3:1) öz kəsərli sözünü inamla dedi. Kiyevli Viktor Çanovun qoruduğu qapıdan qolların ikisini məhz Cavadov keçirdi. Azarkeşləri daha 1 qolla müdafiəçi Mustafa Bilalov sevindirdi. Qonaqlardan isə yeganə topu 11 metrlik zərbə ilə İqor Belanov vurdu.

"Neftçi" yüksək ustalıq nümayiş etdirdiyi oyunda qələbəni Aleksandr Jidkov, Mustafa Bilalov, Əsgər Abdullayev, Vidadi Rzayev (Arzu Mirzəyev, 70), Andrey Fedorovski, Nazim Süleymanov, Yunis Hüseynov, Şakir Qəribov, İqor Ponomaryov, Vəli Qasımov (Maşallah Əhmədov, 85) və İsgəndər Cavadovdan ibarət heyətlə bayram etdi.

Bir çox il ərzində "Neftçi"nin kapitanı olmuş İ.Cavadov, statistikada göstərildiyi kimi, SSRİ çempionatlarının güclülər dəstəsində 277 oyunda meydana çıxmış və 53 qolun müəllifi olmuşdur. O, çempionat–87-də 30 görüşdə oynayaraq, rəqib komandaların qapıçılarını 6 dəfə məyus etmişdir. Həmin il Bakı komandasında hamıdan çox top vuran Maşallah Əhmədov isə 7 dəfə fərqlənmişdir. Azarkeşlər qapıçımız A.Jidkovun mövsümün yekunlarına görə SSRİ-nin ən yaxşı 33 futbolçusunun siyahısına daxil edilməsi barədə xəbəri də rəğbətlə qarşılamışdılar.

Xatırladığımız heyətdən Jidkovla Bilalovdan başqa, bütün oyunçular öz futbolumuzun yetirmələri idi. Altı aydan sonra, 2027-ci il martın 18-də 90 yaşı tamam olacaq Azərbaycan futbolunun ovaxtkı flaqmanı və ilk məhəbbəti "Neftçi"nin tarixi onların hər biri, eləcə də müxtəlif dövrlərdə komandanın şərəfini qorumuş diğər usta oyunçularla sıx bağlıdır.

İ.Cavadovun, onun komanda yoldaşlarının, bütün futbol ictimaiyyətimizin yerə-göyə sığmayan qol sevincini əbədiləşdirən foto isə "Neftçi" – 70. Unudulmayan keçmiş. 1937–2007" kitabından (müəlliflər – Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) götürülmüşdür.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью