İşini itirənlərə sığorta dəstəyi

06.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Azərbaycanda işsizlik riskindən sığortalanmanı nəzərdə tutan daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması ilə bağlı hazırlanmış qaydalarda nəzərdə tutulan hallar baş verdikdə, ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulur. Mərkəzi Bank tərəfindən artıq müvafiq qaydalar hazırlanıb və onların qısa müddətdə tətbiqi gözlənilir. Borcalanların həyatının, ölümünün və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. Bəzi hallarda vətəndaşlar kredit götürsələr də, onlardan asılı olmayan səbəblərdən borcun ödənilməsində çətinliklə üzləşirlər. İş yerinin bağlanması, işdən azad olunma və digər bu kimi hallar kredit öhdəliklərinin yerinə yetirilməsini çətinləşdirir. Kredit risklərinin sığortalanması belə hallarda öhdəliyin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan verəcək. Bu mexanizm həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq".

Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin "İşsizlikdən sığorta haqqında" Qanunun tələblərinə uyğun olacağı gözlənilir: "Banklardan kredit götürən şəxslərə işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadəsi isə könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəst qalacaq. Sığorta hadisəsi baş verdikdə, kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi həyata keçiriləcək. Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları əsas götürüləcək. İş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan şəxsin işinə bərpa olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri sırasındadır.

Aydındır ki, sığortadan istifadə kredit götürən şəxs üçün əlavə xərc deməkdir. Sığorta hadisəsi baş verdikdə öhdəliklərin qarşılanması isə yalnız sığorta ödənişinin həyata keçirilməsi ilə mümkündür. Bu mexanizm kredit götürən şəxslərin məşğulluğunu itirmə riskindən qorunması ilə yanaşı, kreditin xərc strukturunun dəyişməsini, ödənişlərin sığorta şirkəti tərəfindən qarşılanmasını, öhdəliklərin borcalanla bank arasında bölüşdürülməsini və məşğulluğun itirilməsi riskinə qarşı sığortanın kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır.

Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar faiz dərəcələrini müəyyən qədər azaltmaqla bu sığorta növünün tətbiqi nəticəsində yaranan əlavə xərcləri kompensasiya edə bilərlər. Beləliklə, kredit götürən üçün ciddi əlavə xərc yaratmadan yeni sığorta mexanizminin tətbiqi mümkün ola bilər. Mərkəzi Bankın son açıqlamaları da göstərir ki, bu sığorta növü tətbiq edilərkən bankların kredit faizlərini azaltması gözlənilir. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və dolayı xərclərini azaldır. Başqa sözlə, işsizlikdən sığortanın tətbiq olunduğu kreditlərin faiz dərəcəsi adi kreditlərlə müqayisədə daha aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıra bilər".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью