İslahat pensiyaçılara nə vəd edir?

01.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir.

Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Layihəyə əsasən, hər iki halda nəzərdə tutulan indeksləşdirilmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən əmsallar tətbiq edilməklə həyata keçiriləcək.

Qeyd edilib ki, yeni islahat tədbirləri pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulmasına istiqamətlənib. Bu məqsədlə hər il orta aylıq əməkhaqqına (1 avqust 2026-cı il tarixə 1176,7 manat) qədər olan pensiyaların indeksasiya faizi tam tətbiq edilməklə, pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə yüksək olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq olunmaqla indeksləşdirmənin aparılması nəzərdə tutulur.

Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyalarının orta aylıq əməkhaqqına qədər məbləğlərdə olduğunu nəzərə alsaq, bu yeni mexanizm onlara şamil olunmayacaq və pensiyaları əvvəli qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Digər pensiyaçıların (10 faizə yaxın pensiyaçının) pensiyalarının orta aylıq əməkhaqqına qədər olan hissəsinə də indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə yeni mexanizm (0,2-0,5 əmsalları) tətbiq olunacaq.

Qanun qəbul ediləcəyi halda bu müddəa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Pensiyaların indeksasiya mexanizminin dəyişməsinin hansı müsbət rolu olacaq?

Məsələ ilə bağlı iqtisadçı-eskpert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, bu dəyişiklik müəyyən dərəcədə müsbət rol oynaya bilər, amma dəyişikliyin əsas təsiri pensiyaların artımını daha diferensial və gəlirlərə bağlı etmək olacaq:

“Hazırkı təqdim olunan mexanizmə görə, 1 176,7 manata qədər pensiyalar əvvəlki qaydada indeksasiya faizinin 100 %-i ilə artırılacaq. Bu, pensiyaçıların 90 %-dən çoxunun artımdan tam yararlanması deməkdir.

Çünki 90 % pensiyaçıların aldığı pensiya məbləği bu məbləğdən aşağıdır. 1 176,7 manatdan yuxarı pensiyalarda isə bu həddə qədər olan hissə tam indeksasiya ediləcək, yuxarı hissəyə isə 0,2–0,5 əmsalı tətbiq olunacaq.

Beləliklə, yüksək pensiyalarla orta və aşağı pensiyalar arasındakı artım tempi müəyyən qədər fərqlənəcək. Müsbət tərəfi odur ki, sistem əməkhaqqı ilə pensiya arasındakı nisbəti nəzərə alır və yüksək pensiyaların inflyasiya indeksasiyasından avtomatik olaraq tam həcmdə faydalanmasını məhdudlaşdırır. Eyni zamanda, əhalinin böyük əksəriyyətinin pensiyasının indeksasiyasına mənfi təsir göstərmir. Digər tərəfdən, bu dəyişiklik pensiya fondunun maliyyə yükünü də müəyyən qədər azalda bilər.

Çünki yüksək pensiyaların məbləğinin hamısına eyni indeksasiya faizi tətbiq edilməyəcək və qənaət olunan vəsait sosial ödənişlərin maliyyə dayanıqlığına yönələ bilər”.

Onun sözlərinə görə, ancaq burada bir mühüm məqam var ki, əgər məqsəd pensiya sistemində sosial ədaləti artırmaqdırsa, təkcə indeksasiya mexanizminin dəyişdirilməsi kifayət deyil:

“Əsas məsələ minimum və orta pensiyaların alıcılıq qabiliyyətinin inflyasiya və yaşayış xərcləri qarşısında qorunmasıdır.

Yəni bu dəyişiklik daha çox “yüksək pensiyaların artımının diferensiallaşdırılması” islahatıdır, bütün pensiyaçıların real gəlirlərini əhəmiyyətli dərəcədə artıran mexanizm deyil.

Real müsbət nəticə isə gələcəkdə indeksasiya faizinin, inflyasiyanın və orta əməkhaqqının necə dəyişməsindən asılı olacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: pensiya Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью