Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev son günlər ölkədə qəbul imtahanları ətrafında yenidən başlayan müzakirələrə münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi sosial şəbəkə hesabında paylaşım edib.
Müzakirələrin aparılmasını faydalı hesab edən Ə.Nuriyev fərqli fikirlərin dinlənilməsinin və qarşılaşdırılmasının daha uğurlu həllər tapmağa kömək etdiyini vurğulayıb: “Yetər ki, müzakirələrdə irəli sürülən təkliflərin gənclərə və təhsilə nə qazandıracağı aydın olsun”.
Dövlət İmtahan Mərkəzini (DİM) ölkənin ən şəffaf qurumlarından biri kimi dəyərləndirən Fond prezidenti qeyd edib ki, gənclərin öz biliyi ilə universitetə daxil olmaq imkanına inamı illərlə qazanılmış böyük nailiyyətdir və DİM-in qiymətləndirmə üsullarını yeniləmək istiqamətindəki işi genişləndirilməlidir.
Ə.Nuriyevin sözlərinə görə, imtahanlarda düşünmə, yazılı ifadə və biliklərin tətbiqi bacarıqları daha dolğun qiymətləndirilməli, imtahan yükünə yenidən baxılmalıdır. O, məktəbdə tədrisin keyfiyyəti ilə imtahanda qiymətləndirmənin keyfiyyətinin paralel şəkildə müzakirə edilməsinin vacibliyini önə çəkib: “Şagirdin məktəbdə yaxşı hazırlıq ala bilməsi ailələrin əlavə xərcinin azalması üçün də vacibdir. Bu müzakirələrdə təhsil verənlər, təhsil alanlar, valideynlər, vətəndaş cəmiyyəti, mütəxəssislər və aidiyyəti qurumlar iştirak etməlidir”.
İdarəetmədə hər hansı dəyişiklik təklif olunursa, onun hansı problemi həll edəcəyinin mütləq əsaslandırılmalı olduğunu bildirən Ə.Nuriyev əsas meyarı belə ifadə edib: “Ailəsinin maddi imkanından və tanışlıqdan asılı olmayaraq, hər bir gənc biliyi ilə universitetə daxil ola bilsin. İslahatlar bu imkanı və qəbulun ədalətli olduğuna inamı daha da gücləndirməlidir”.
"AzPolitika.info"