İslam dünyasında yeni ittifaq yaranır?

11.08.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan yeni strateji sənəd üç ölkənin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını daha da dərinləşdirmək niyyətini ortaya qoyur. Müqavilə regional sabitliyin qorunması, birgə hərbi koordinasiya və müdafiə sənayesi üzrə ortaq layihələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İslam dünyasının ən müqəddəs şəhərində gerçəkləşən bu imzalanma tərəflərin həm siyasi həm də təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlığa üstünlük verdiyini göstərən güclü mesaj kimi qiymətləndirilir.

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığın institusional xarakter alması İslam dünyasında yeni siyasi-strateji platformanın formalaşması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Bununla belə, bu mərhələdə bunu tam mənada yeni güc mərkəzinin yarandığını söyləmək hələ tezdir. Çünki belə bir blokun davamlı təsir gücü yalnız hərbi əməkdaşlıqla deyil, iqtisadi inteqrasiya, ortaq təhlükəsizlik strategiyası, texnologiya mübadiləsi və regional məsələlərdə vahid siyasi mövqenin formalaşması ilə müəyyən olunacaq.

“Başqa bir tərəfdən, bu üç ölkənin hər biri öz regionunda mühüm geosiyasi aktordur. Onların resurslarının və imkanlarının birləşdirilməsi Yaxın Şərq, Cənubi Asiya və İslam dünyasında qüvvələr balansına təsir göstərə biləcək yeni əməkdaşlıq modeli yarada bilər. Xüsusilə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi bu formatın beynəlxalq münasibətlər sistemində çəkisini artırmaq potensialına malikdir”-deyə politoloq bildirib.

O vurğulayıb ki, Azərbaycanın gələcəkdə belə bir əməkdaşlıq platforması ilə daha sıx əlaqələr qurması istisna deyil. Bakı həm Türkiyə, həm Pakistan, həm də Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və xüsusilə Türkiyə-Pakistan-Azərbaycan üçtərəfli formatında artıq uğurlu əməkdaşlıq təcrübəsi mövcuddur.

Bununla yanaşı, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri balanslaşdırılmış və çoxşaxəli diplomatiyadır. Bu səbəbdən Bakı hər hansı hərbi-siyasi blokun formal üzvünə çevrilməkdən daha çox, konkret maraqlara əsaslanan layihələrdə və çoxtərəfli əməkdaşlıq mexanizmlərində iştirak etməyə üstünlük verir.

“Əgər yeni formalaşan platforma regional təhlükəsizliyin möhkəmlənməsinə, müdafiə sənayesində əməkdaşlığın genişlənməsinə və Azərbaycanın milli maraqlarına uyğun imkanlar təqdim edərsə, belə düşünürəm ki, Bakının bu prosesdə tərəfdaş və ya müşahidəçi formatında iştirak etməsi kifayət qədər real ssenari kimi qiymətləndirilə bilər”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью