İslandiya Aİ yə “yox!” dedi

01.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Referendum Avropa ilə məsafə saxladı

Avqustun 29-da İslandiyada keçirilən referendum ölkənin Avropa İttifaqı ilə münasibətlərinə dair on ildən çox davam edən mübahisəyə yeni istiqamət verdi. Seçicilər Aİ-yə dərhal üzvlüyə deyil, 13 il əvvəl dayandırılmış qəbul danışıqlarının yenidən başlanmasına münasibət bildirirdilər.

Nəticə hökumətin gözləntisini doğrultmadı: səsvermədə iştirak edən 225 031 seçicinin 52,8 faizi, yəni, təxminən, 118 min nəfər “yox”, 47,2 faizi isə “hə” dedi. Fərq, təqribən, 12 600 səs oldu. Seçici fəallığı 82,5 faizə çatdı. Bu, İslandiyada 2009-cu ildən bəri keçirilmiş bütün seçkilər arasında ən yüksək göstəricilərdən biridir. Ölkədə, təxminən, 270 min nəfərin səsvermə hüququ var. Belə yüksək iştirak göstərdi ki, məsələ islandiyalılar üçün sırf xarici siyasət proseduru deyildi. Söhbət ölkənin iqtisadi modelindən, milli sərvətlərə nəzarətdən və gələcək siyasi seçimindən gedirdi.

Səsverməyə çıxarılan sual sadə idi: “İslandiya Avropa İttifaqına üzvlüklə bağlı danışıqları bərpa etməlidirmi?” Lakin sualın siyasi yükü böyük idi. “Hə” nəticəsi Reykyavik hökumətinə Brüssellə yeni danışıqlara başlamaq üçün mandat verəcəkdi. Bu, hələ üzvlük qərarı demək olmazdı. Danışıqlar nəticəsində mümkün saziş əldə edilərsə, Aİ-yə faktiki daxil olmaq məsələsi ikinci referendumda yenidən xalqın qarşısına çıxarılacaqdı. Eyni zamanda, indiki “yox” nəticəsi də gələcəkdə danışıqların bərpası ehtimalını hüquqi baxımdan birdəfəlik aradan qaldırmır.

Referendumun keçirilməsi qərarını İslandiya parlamenti - Alting qəbul etmişdi. İsland dilində Alþingi adlanan bu qurumun tarixi 930-cu ilə gedib çıxır və o, dünyanın ən qədim parlament institutlarından sayılır. Səsvermənin təşkilinə Milli Seçki Komissiyası - Landskjörstjórn cavabdeh idi. Baş nazir Kristrun Frostadottirin sol mərkəzçi hökuməti əvvəlcə referendumu 2027-ci ilədək keçirməyi planlaşdırmışdı. Lakin beynəlxalq şərait, Arktikada gərginliyin artması və ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar prosesi sürətləndirdi.

Hökumət Aİ ilə yaxınlaşmanı iqtisadi sabitlik və təhlükəsizlik baxımından əlavə imkan kimi təqdim edirdi. Ancaq kampaniyanın əsas mövzusu təhlükəsizlik yox, balıqçılıq oldu. İslandiyanın dəniz sərvətləri ölkənin ixrac gəlirinin, məşğulluğunun və milli kimliyinin mühüm dayaqlarındandır. Aİ-nin ümumi balıqçılıq siyasətinin gələcəkdə islandiyalıların öz suları üzərində nəzarətinə təsir edə biləcəyi qorxusu seçicilərin böyük hissəsini “xeyr” mövqeyinə gətirdi.

Referendum xəritəsi də cəmiyyətdəki fərqi üzə çıxardı. Reykyavikin mərkəzi dairələrində danışıqların bərpasına daha çox dəstək verildi. Paytaxtın ətrafı və kənd rayonları isə “yox” mövqeyini üstün tutdu. Bu bölgü yalnız coğrafi fərq sayılmır. Paytaxtda yaşayan seçicilər Avropa bazarı, avroya keçid ehtimalı və Aİ qərarlarının qəbulunda iştirak imkanlarını daha çox vurğulayırdılar. Regionlarda isə balıqçılıq, kənd təsərrüfatı və milli nəzarət mövzusu həlledici rol oynadı.

İslandiya onsuz da Avropa İqtisadi Məkanının və Şengen zonasının iştirakçısıdır. Ölkə vahid bazara çıxışa malikdir, Avropa qaydalarının mühüm hissəsini tətbiq edir və NATO üzvüdür. Bu model Reykyavikə Aİ ilə sıx iqtisadi bağlılıq verir, eyni zamanda, balıqçılıq, kənd təsərrüfatı və pul siyasəti sahələrində daha geniş milli manevr imkanı saxlayır. Referendumda üstün gələn baxış məhz bu tarazlığın qorunmasına yönəlmişdi.

Nəticə Brüssel üçün də mühüm siqnaldır. İslandiya hüquqi və institusional baxımdan Aİ-yə ən yaxın ölkələrdən biri sayılsa da, bu yaxınlıq avtomatik olaraq tam üzvlük arzusuna çevrilmir. Kiçik dövlətlər üçün vahid bazara çıxış vacibdir, amma strateji resurslar və milli qərarvermə üzərində nəzarət daha həssas məsələdir. Aİ-nin Arktikadakı siyasi mövqeyini gücləndirmək gözləntiləri də hələlik təxirə düşür. Azərbaycan baxımından nəticə Bakı - Reykyavik münasibətlərində dərhal hüquqi dəyişiklik yaratmır. Diplomatik münasibətlər 27 fevral 1998-ci ildə qurulub, tərəflərin paytaxtlarında daimi səfirlik yoxdur. Ticarət dövriyyəsi məhduddur, lakin geotermal enerji, “yaşıl texnologiya”lar, rəqəmsallaşma, dəniz təsərrüfatı, elm və innovasiya sahələrində əməkdaşlıq üçün imkanlar qalır.

İslandiya Avropadan uzaqlaşmadı. O, Avropa ilə mövcud iqtisadi və hüquqi bağlılığını qorudu, lakin tam üzvlüyə aparan yolu yenidən açmaq üçün hələ hazır olmadığını bildirdi. Bu “yox” təcridçilik yox, milli qərarvermə imkanlarını və mövcud tərəfdaşlıq modelini qorumaq seçimi kimi qiymətləndirilməlidir.

Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi, beynəlxalq üzrə eksperti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью