Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpa edilməsi məsələsinə dair keçirilən referendumda seçicilərin səsləri demək olar ki, yarıbayarı bölünüb.
İlkin hesablamalara görə, seçicilərin 49,9 faizi danışıqların bərpasını dəstəkləyib, 50,1 faizi isə bunun əleyhinə çıxıb. Bu barədə İslandiyanın milli ictimai yayım şirkəti RÚV məlumat verib. Nəticələr yerli vaxtla saat 03:05-ə olan hesablamalara əsaslanır.
Referendum məsləhət xarakteri daşıyır, lakin hakimiyyət referendumun nəticələrini siyasi qərarlarda nəzərə alacağını vəd edib. Bülletenlərin 0,6 faizi etibarsız sayılıb. Seçici fəallığı ilə bağlı yekun məlumat hələ açıqlanmayıb.
Səsverməyə maraq yüksək olub. Reykyavikdə seçici fəallığı təxminən 60 faiz, kənd rayonlarında isə 80 faizdən çox təşkil edib.
Avqustun 28-də keçirilmiş “Gallup” sorğusunda isə respondentlərin 51,6 faizi danışıqların bərpasının əleyhinə, 48,4 faizi isə lehinə çıxmışdı.
İslandiyanın Baş naziri Kristurun Frostadottir Aİ ilə üzvlük danışıqlarının bərpasını və daha sonra ikinci referendum keçirilməsini dəstəkləyir. Onun fikrincə, Avropa İttifaqına üzvlük kiçik İslandiya iqtisadiyyatını ABŞ tərəfindən tətbiq olunan ikitərəfli tariflərin təsirindən daha yaxşı qoruya bilər.
Baş nazir referendumun əvvəlcə 2027-ci ildə keçirilməsi planını Donald Tramp administrasiyası dövründə ABŞ-ın ticarət siyasətində yaranan qeyri-müəyyənlik səbəbindən daha erkən tarixə çəkib.
Frostadottir səsvermədən 48 saat əvvəl keçirilən televiziya debatında bildirib ki, ABŞ son dövrlərdə tariflərdən ticarət təzyiqi vasitəsi və “silah” kimi istifadə edir.
Aİ ilə danışıqların tərəfdarları həmçinin İslandiyanın Avropa bazarları ilə sıx iqtisadi əlaqələrinə diqqət çəkirlər. Onların fikrincə, ölkə Avropa bazarlarına dərindən inteqrasiya olunsa da, Brüsseldə qəbul edilən ticarət və iqtisadi qərarlara təsir imkanları məhduddur.
İslandiya 2009-cu ildə baş vermiş maliyyə böhranından sonra Avropa İttifaqına üzvlük üçün müraciət edib.
S.ELAY
XQ