İşləməyi sevən adam...

23.01.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu səhər yuxudan oyananda "watsapp"da yenə onun, baş redaktorum- Mübariz Göyüşlünün mesajını gördüm:

- Sabahın xeyir. Necəsən? Necədi vəziyyət?

Tələsik cavab yazıb, gündəlik planlaşdırma barədə məlumat verdim.

Mesaj səhər səkkizə işləmiş yazılmışdı. Demək olar, hər gün eyni saatlarda ondan oxşar məzmunlu mesaj gəlir.

Tezdən oyanır. Çoxumuz hələ yuxuda olanda o, özü bəzən saytla məşğul olur: adminlik də edir, müxbirlik də, redaktorluq da...

Mübariz müəllimi il yarımdır, yəni "Crossmedia.az"a gələndən tanıyıram. O zamana qədər həm ikimizin də əməkdaşı oıduğumuz BDU-nun Jurnalistika fakültəsinin müəllim- tələbə kollektivi, həm də media cameəsində adını eşitmişdim.

Günün birində təsisçilərin də təklifi ilə zəng etdi və məni sayta redaktor vəzifəsinə dəvət etdi. Təxminən il yarımdır birlikdə çalışırıq. Düzü, ötən müddət ərzində ondan çox şey öyrənmişəm. Daha doğrusu, öyrənməyə çalışıram. Birincisi, bəzən mənə elə gəlir ki, dünyada ondan daha səbrli, təmkinli kimsə yoxdur. Səsini qaldırdığını əsla görməmişəm. İrad bildirəndə belə bunu elə deyir ki, az qala, insanın xoşuna gəlir.

İkincisi, çox çalışqan insandır. Gün ərzində elə hey qaçır: universitet, ofis, AMEA, efirlər...Hələ mən onun siyasi şərhçi kimi jurnalist həmkarlarımızın suallarını cavablandırmasını demirəm. 

Günün əvvəlindən sonuna qədər gözü saytdadır. Elə bil, yorulmur. Yorulsa da, bildirmir. Əksinə, örnək olmağa çalışır.

Ötən müddət ərzində sayt üçün nə etmişiksə, daim məsləhətləşmişik. Baş redaktor olmasına baxmayaraq, əksər qərarlarda mənim və redakaiya heyətinin fikirlərini öyrənib. Məsələn, "bu yazını bu gün, ya sabah verək?", "bu mövzuya kimi danışdıraq?", "bu həftə kimlə müsahibə edək?"... kimi suallar ondan tez- tez eşitmək olar.

Mübariz Göyüşlünün ən çox sevdiyi ifadə isə "işləmək lazımdır"dır. Yeri gəlmişkən, bu iki söz artıq redaksiya heyətinin də dilinə düşüb. Hərçənd baş redaktorda daha fərqli alınır. Çünki əməli ilə nümunə olur. Özü də işləyir...Bəlkə, hamıdan çox.

Bir çox halda ofisə daxil olan kimi yarızarafat, yarıciddi deyir: "İşləmirsiniz e...". Hərə bir cavab verir, bəziləri bəraət, bəziləri bəhanə axtarır. Görür, anlayır. Lakin çox vaxt səsini çıxarmır.

Mübariz müəllim o qədər çox insani keyfiyyətlərə malikdir ki, onun bu qədər çox sevildiyinin təsadüf olmasına dair kimsədə iddia olmamalıdır. Mübariz müəllim həm insan, həm baş redaktor, həm də müəllim kimi bütün qazandıqlarına, o cümlədən hörmət və sevgiyə tam layiqdir.

Bu gün 45 yaşı olur. Bayaq qrupa yazdı ki, inşallah, 46-da sizə "artıq işləməyə çalışırsınız" deyərəm. İnşallah, Mübariz müəllim. İnşallah, işləməyi sevən adam. 

Yeni yaşınız, 45-iz, doqquzuncu yubileyiniz mübarək!

Kənan Novruzov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью