Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Qafqaz regionu İran üçün vacibdir.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi bu gün brifinqdə bildirib.
Bəqayi İran müdafiə nazirinin Bakıya səfərinin və təhlükəsizlik məsləhətləşmələrinin əhəmiyyətini vurğulayıb: “Bu bölgə İran İslam Respublikası üçün çox vacibdir. Biz orada sülh və sabitliyi öz sülh və sabitliyimizin bir forması kimi görürük. Bu səfər bir müddət əvvəl xarici işlər naziri Əraqçinin Bakıya səfərinin davamıdır”.
Onun sözlərinə görə, müdafiə nazirinin səfəri zamanı müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub: “Biz hesab edirik ki, bu səfərlər, məsləhətləşmələr region ölkələri arasında etimadın və qarşılıqlı anlaşmanın qorunması və möhkəmləndirilməsi üçün zəruridir.
Müdafiə nazirinin Azərbaycan rəsmiləri ilə söhbətində təhlükəsizlik və müdafiə sahəsində ümumi maraq doğuran geniş məsələlər müzakirə olunub. İnanırıq ki, bu səfər iki ölkə arasında xüsusən də təhlükəsizlik sahəsində etimadı yaxşılaşdıracaq və gücləndirəcək”.