Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki filmin ssenari müəllifi və quruluşçu rejissoru Səməd Mehriban Ağayevdir.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Azay Quliyev belə bir filmin ərsəyə gəlməsini müsbət qiymətləndirib: “Biz çox böyük tarixi hadisələrin ildönümü ərəfəsində bir araya gəlmişik. Bu gün bizim başımız dikdir, biz başıdik ölkənin övladlarıyıq. İsmayıl Kərimli və bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
O bildirib ki, filmi bütün şəhidlərimizin xatirəsinə həsr etmək olar:
“Şəhid İsmayıl Kərimlinin böyük həyat yolu bu gün təqdim olunan filmdə göstəriləcək. Vətən uğrunda həyatını itirən bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir”.
Qeyd edək ki, filmin baş prodüseri Ceyhun Kərimov, quruluşçu operatoru Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov, bəstəkarı isə Vüqar Məmmədzadədir. Filmin səs operatorları Əliabbas Qasımov və Sergey Netrunenko, ikinci operatoru Mirzə Hüseynov, səs rejissoru isə Sergey Netrunenkodur.