Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, Günəş tutulmasını izləmək üçün yüz minlərlə turist və yerli sakin dağlıq ərazilərə, sahillərə və səma hadisəsinin yaxşı müşahidə olunduğu digər məkanlara üz tutacaq. Lakin ölkədə uzunmüddətli isti hava və yağıntıların az olması səbəbindən bitki örtüyü son dərəcə quruyub.
İspaniyanın Ətraf Mühitin Mühafizəsi naziri Sara Aagesen bildirib ki, belə şəraitdə hətta kiçik bir qığılcım və ya insanların ehtiyatsız davranışı böyük meşə yanğınlarına səbəb ola bilər.
Yanğın riskini artıran digər amil nəqliyyatın kəskin artmasıdır. Polis hesablamalarına görə, tutulma günü ölkə üzrə avtomobil səfərlərinin sayı təxminən 1,5 milyon artacaq. Hakimiyyət sıx nəqliyyatın və yol kənarında düzgün park edilməmiş avtomobillərin yanğınsöndürənlər və digər təcili xidmətlərin hadisə yerinə çatmasını çətinləşdirə biləcəyindən narahatdır.
Bu səbəbdən İspaniyanın bir sıra bölgələrində əlavə məhdudiyyətlər tətbiq edilib. Quru bitki örtüyünün yaxınlığında və yol kənarlarında avtomobil saxlamaq, manqal qalamaq və fişəng atmaq qadağan olunub. Valensiyada isə təbiət parkları bağlanıb, kənd ərazilərindəki bəzi marşrutlarla gəzintiyə məhdudiyyət qoyulub.
İspaniya Avropada tam Günəş tutulmasını müşahidə etmək üçün ən əlverişli məkanlardan biri hesab olunur. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, hadisəni izləmək məqsədilə təxminən 460 min xarici turistin İspaniyaya səfər edəcəyi gözlənilir.
Tutulmanın tam fazası eni təxminən 200 kilometr olan zolaqda – La-Korunyadan Mayorkaya qədər uzanan ərazidə müşahidə ediləcək.
Bununla yanaşı, İspaniyada meşə yanğınları təhlükəsi hələ də yüksək olaraq qalır. Avqustun 10-da yanğınsöndürənlər ölkənin cənubunda üç iri meşə yanğını ilə mübarizəni davam etdiriblər.
Hakimiyyət turistləri tətbiq olunan məhdudiyyətlərə əməl etməyə və bitki örtüyünün son dərəcə quru olduğu şəraitdə əlavə risk yaratmamağa çağırır.
Bizimyol.info