İspaniya mətbuatı Bakıda yeni İnyestanı axtarır

26.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı İspaniya mətbuatının diqqətini çəkib. Ölkənin nüfuzlu AS nəşri turnirə “Bakıda İnyestaları axtararkən” adlı məqalə həsr edib.

İdman.Biz xəbər verir ki, jurnalist İqnasio Kamaço müəllif yazısında Bakıda təşkil olunan yarışın gələcəyin futbol ulduzlarının kəşf edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Müəllif turniri vaxtilə İspaniyada keçirilən Brunete yarışı ilə müqayisə edib. Həmin turnirdə sonradan dünya futbolunun məşhur simalarından birinə çevrilən Andres İnyesta “Albasete”nin gənc istedadı kimi diqqət çəkmişdi.

AS yazır ki, İspaniyanın U-15 millisində artıq futbol ictimaiyyətinin maraq göstərdiyi bir neçə oyunçu var. Onların arasında Kristian Moskeranın qardaşı Yulian Moskera, “Betis”in yetirməsi Tiaqo Polo və “Real Madrid”in gənc futbolçusu Alberto Ruis yer alır.

Bununla belə, nəşrin fikrincə, Bakı turnirinin əhəmiyyətini yalnız məşhur klubların akademiyalarında yetişən futbolçularla məhdudlaşdırmaq düzgün olmaz.

Məqalədə qeyd olunur ki, Avropa futbolunun diqqət mərkəzindən uzaqda qalan ölkələrdən yüzlərlə yeniyetmə Bakıda öz istedadını nümayiş etdirmək imkanı qazanır. Futbol ənənələri, maliyyə imkanları və beynəlxalq tanınma səviyyəsi daha məhdud olan ölkələrin oyunçuları üçün bu yarış gələcək karyeralarını dəyişə biləcək fürsətə çevrilə bilər.

Müəllifin qənaətinə görə, turnirin ən maraqlı tərəfi məhz hələ tanınmayan istedadların üzə çıxması ehtimalıdır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью