İspaniya mətbuatı “Barselona”nın “Sabah”la oyuna ehtimal olunan start heyətini açıqlayıb in İCMALI

24.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya mətbuatı UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi “Sabah”la qarşılaşacaq “Barselona”nın ehtimal olunan start heyəti ilə bağlı proqnozlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, əsas müzakirələr müdafiə xəttində və yarımmüdafiədə seçiləcək futbolçular, eləcə də Lamin Yamalın yoxluğunda hücum xəttinin necə qurulacağı ətrafındadır.

BeSoccer nəşrinin versiyasına görə, Kataloniya təmsilçisi meydana 4-3-3 sxemi ilə çıxacaq. Qapıda Xoan Qarsiya, müdafiədə Jül Kunde, Erik Qarsiya, Jerar Martin və Joau Kanselu yer alacaqlar. Yarımmüdafiə üçlüyünü Fermin Lopes, Frenki de Yonq və Pedri təşkil edəcək. Hücum xəttində isə Kərim Adeyemi, Rafinya və Entoni Qordonun çıxış edəcəyi gözlənilir.

“Eurosport”un İspaniya redaksiyası da oxşar heyət proqnozlaşdırıb. Lakin bu nəşr Kunde əvəzinə Pau Kubarsinin start heyətində yer alacağını ehtimal edir. Belə olan halda, Erik Qarsiya sağ cinah müdafiəçisi mövqeyində oynayacaq.

İspan dilli “Goal” nəşri isə daha ciddi rotasiya ehtimalını nəzərdən keçirir. Onun proqnozuna əsasən, Brayan Farinas, Qavi və Qabriel Jezus ilk dəqiqələrdən meydana çıxa bilərlər. Frenki de Yonq və Adeyeminin isə start heyətindən kənarda qalacağı gözlənilir.

“Mundo Deportivo” nəşrinin jurnalisti Mario Rios Lamin Yamalın yoxluğunda hücum xəttinin formalaşdırılması ilə bağlı üç variantı nəzərdən keçirib. Birinci variantda Adeyemi sağ cinahda, Qordon sol cinahda, Rafinya isə mərkəz hücumçusu mövqeyində çıxış edəcək. Digər iki variantda braziliyalı futbolçu sağ cinaha çəkiləcək, mərkəz hücumçusu mövqeyində isə Dani Olmo və ya Qabriel Jezus oynayacaq.

Maraqlıdır ki, fikir ayrılıqlarına baxmayaraq, BeSoccer, “Eurosport” və “Goal” yeddi futbolçunun start heyətində yer alacağı ilə bağlı eyni mövqedədir. Bunlar Xoan Qarsiya, Jerar Martin, Joau Kanselu, Pedri, Fermin Lopes, Rafinya və Entoni Qordondur.

Bununla yanaşı, üç nəşrin heç biri Dani Olmonu ehtimal olunan start heyətinə daxil etməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Dörd turdan sonra 9 xala malik Kataloniya klubu turnir cədvəlində beşinci, 3 xalı olan Azərbaycan təmsilçisi isə 31-ci pillədə qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью