Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyada keçirilən seçkilərin nəticəsi ölkənin müasir demokratik tarixində ilk dəfə ifrat sağçı “Vox” partiyasının milli hökumətdə təmsil olunmasına yol aça bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Seçkilərdə əsas mübarizə Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hakim İspaniya Sosialist İşçi Partiyası (PSOE) ilə Alberto Nunyes Feyxo tərəfindən idarə olunan müxalif Xalq Partiyası (PP) arasında gedir.
Sorğulara əsasən, mərkəz-sağçı Xalq Partiyasının birinci yeri tutacağı gözlənilir. Lakin partiyanın hökumət qurmaq üçün ifrat sağçı “Vox”un dəstəyinə ehtiyac duya biləcəyi bildirilir.
Seçkilərdə parlamentin hər iki palatasının tərkibi müəyyənləşəcək. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, səsvermə hüququna malik şəxslərin sayı təxminən 38,6 milyon nəfərdir. Parlamentin 350 üzvlü aşağı palatasında mütləq çoxluq əldə etmək üçün ən azı 176 mandat qazanmaq lazımdır.
Qeyd edək ki, Baş nazir Pedro Sançes parlamentin hökumətin mənzil böhranının aradan qaldırılması ilə bağlı təklif etdiyi tədbirləri rədd etməsindən sonra növbədənkənar seçkilər elan edib.
Seçki kampaniyası dövründə mənzil böhranı, immiqrasiya, korrupsiya qalmaqalları və dövlət xidmətlərinin səmərəliliyi əsas müzakirə mövzularına çevrilib. Sançes iqtisadi artımı, minimum əməkhaqqının artırılmasını və işsizliyin azaldılmasını hökumətinin əsas uğurları kimi təqdim edir. Bununla belə, ölkə sakinlərinin bir qismi mənzil, enerji və gündəlik tələbat mallarının bahalaşmasından narazıdır.
Səsvermədən əvvəl açıqlanan proqnozlara görə, Xalq Partiyasının 31,4 faiz, Sosialist Partiyasının 29,1 faiz, “Vox”un isə təxminən 18 faiz səs toplayacağı gözlənilir.
Sağçı partiyalar birlikdə parlamentdə kifayət qədər mandat əldə edərlərsə, yeni hökumət formalaşdıra bilərlər. Lakin mümkün koalisiyanın formatı “Vox”un seçkilərdə göstərəcəyi nəticədən asılı olacaq. Partiya hökumətdə nazir postları tələb edə və ya kabinetə daxil olmadan parlamentdə dəstək verməklə kifayətlənə bilər.
“Vox” daha sərt immiqrasiya siyasətinin həyata keçirilməsini, məhkum edilmiş əcnəbilərin deportasiyasını, vergilərin azaldılmasını və hakimiyyətin mərkəzləşdirilməsini müdafiə edir. Partiya, həmçinin bir sıra mütərəqqi sosial siyasətlərin yenidən nəzərdən keçirilməsini istəyir. Xalq Partiyası da immiqrasiya nəzarətinin gücləndirilməsini və mənzil siyasətində dəyişiklikləri vəd edir.