Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyada 60 ildən artıq əvvəl aşkar edilmiş məşhur Tunc dövrü xəzinəsində yerdənkənar mənşəli metallardan hazırlanmış zinət əşyaları müəyyən edilib. Alimlər üzərində apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, solğunlaşmış bir bilərzik və qızılla bəzədilmiş, güclü korroziyaya uğramış metal yarımkürə adi dəmirdən deyil, meteorit mənşəli dəmirdən hazırlanıb.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Trabajos de Prehistoria" jurnalında dərc olunub.
Söhbət 1963-cü ildə İspaniyanın Alikante əyalətində tapılmış və “Vilyena xəzinəsi” kimi tanınan tapıntılar kompleksindən gedir. Bu xəzinə əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarətdir və Tunc dövrü zərgərlik sənətinin təkcə Pireney yarımadasında deyil, ümumilikdə Avropada ən mühüm nümunələrindən biri hesab olunur. Əşyaların əksəriyyəti eramızdan əvvəl 1500–1200-cü illərə aid edilir.
Lakin iki artefakt uzun müddət alimlər üçün sual doğurub. Ehtimal ki, skipterin və ya qılınc dəstəyinin bir hissəsi olan boş metal yarımkürə və bilərzik zahirən dəmir məmulatlarını xatırladırdı. Bu isə ziddiyyət yaradırdı, çünki Pireney yarımadasında Dəmir dövrü yalnız eramızdan əvvəl təxminən 850-ci ildə başlamışdı.
Araşdırmalar zamanı məlum olub ki, bu əşyalar nadir materialdan — meteorit dəmirindən hazırlanıb. Yer mənşəli dəmirdən fərqli olaraq, meteorit dəmirində nikelin miqdarı daha yüksək olur. Məhz bu xüsusiyyət alimlərə metalın mənşəyini müəyyən etməyə imkan verib. Vilyena Arxeoloji Muzeyinin icazəsi ilə mütəxəssislər artefaktlardan mikro nümunələr götürərək onları kütlə spektrometriyası üsulu ilə təhlil ediblər.
Güclü korroziyaya baxmayaraq, analizlərin nəticələri göstərib ki, hər iki əşya böyük ehtimalla meteorit dəmirindən hazırlanıb. Bu da onların xəzinənin digər hissələri ilə eyni dövrə — təxminən eramızdan əvvəl XIV–XII əsrlərə aid olduğunu deməyə əsas verir.
Tədqiqat müəllifləri qeyd ediblər ki, bu tapıntılar İberiya yarımadasında meteorit dəmirindən hazırlanmış ilk məlum məmulatlar ola bilər. Bu fakt Tunc dövrü yerli ustalarının metallurgiya biliklərinin indiyədək düşünüldüyündən daha inkişaf etmiş olduğunu və “göydən düşmüş” nadir, prestijli materiallarla işləməyi bacardıqlarını göstərir.
Alimlər vurğulayıblar ki, artefaktların vəziyyətinə görə nəticələr hələ tam qəti hesab edilə bilməz. Gələcəkdə isə əşyaların zədələnmədən tərkibini dəqiqləşdirməyə imkan verən müasir qeyri-invaziv analiz metodlarının tətbiqi planlaşdırılır.
Nuriyyə NATİQQIZI